Şəmkirdə şəhid ailəsini eşidən yoxdur - NARAZILIQ // VİDEO

20-10-2023, 09:48           
Şəmkirdə şəhid ailəsini eşidən yoxdur - NARAZILIQ // VİDEO
Uzun illərdir ki, rəhbər sarıdan şansı üzünə gülməyən Şəmkir rayonunda narazı sakinlərin sayı günbəgün daha da artır.

Aylar öncə susuzluqdan əziyyət çəkən Şəmkir sakinləri dərdlərini götürüb, "DogruXeber.az" informasiya agentliyinə üz tutur, agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalının canlı efirində çarəsizliklərdən gileylənirdilər. Su problemi yaşayan və redaksiyamıza müraciət edən Şəmkir sakinləri problemin həlli istiqamətində nə rayonu Milli məclisdə təmsil etməli olan millət vəkilinin, nə də rayon icra hakimiyyətinin heç bir addım atmadığını da dəfələrlə bildirmişdilər.

Bundan əlavə, valideynlərindən miras qalan evini adına sənədləşdirmək istəyən və 6 ildən çoxdur ki, aidiyyatı üzrə yerli idarələrin süründürməçiliyi üzündən hələ də buna nail ola bilməyən Ofeliya xanımın da "Kanal14" ün canlı efirindəki müraciətindən sonra biz Şəmkir rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək üçün dəfələrlə rəsmi internet saytında yer alan telefon nömrələrinə zəng etdik, amma həftələrlə dəstəyi qaldıran olmadı. Email ünvanına rəsmi sorğu göndərdik, aylardır ki, cavab yoxdur. Bütün bunlar Şəmkirin gənc İcra başçısı Rəşad Tağıyevin sanki, "fəaliyyətini dondurması" təsirini bağışlayır.

Bu gün isə Şəmkir rayonunun Tatarlı kənd sakini - 1994-cü ildə həyat yoldaşı İntizam Alıyev və 2016-cı ildə aprel döyüşlərində oğlu Vüsal Alıyevi vətən uğrunda şəhid verən Şahnaz Alıyeva "DogruXeber.az" rəhbərliyinə müraciət edib. Şahnaz xanım 2012-ci ildən bəri ev növbəsinə durduğunu, 11 ildir növbə gözlədiyini deyir.

Rayonunun təmsilçisi - millət vəkilini tanımadığını deyən şəhid anası, eyni zamanda şəhid xanımı Şahnaz Alıyeva haqqı olan mənzillə təmin olunmasında ona kömək etmələri üçün Şəmkir rayon icra hakimiyyətinə də dəfələrlə müraciət etməyə çalışdığını, icra başçısının onu qəbul etmədiyini deyir.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, xanımın müraciəti ilə bağlı aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Şəmkir rayon İcra Hakimiyyətinə göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanır.

Növbəti günlərdə mövzuya təkrar qayıdacağıq və aidiyyatı qurumların da sorğumuza verəcəkləri (əgər versələr) cavabı diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.