"Eco servis" necə və kimin vasitəsi ilə dövlətin cibinə girir

21-05-2015, 09:47           
"Eco servis" necə və kimin vasitəsi ilə dövlətin cibinə girir
Hazırda həm paytaxtda, həm də ölkənin bir sıra şəhər və rayonlarında neftlə çirklənmiş hektarlarla torpaq sahəsi var. Bu isə sözügedən məsələ ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Qeyd edək ki, ölkəmizdə ətraf mühiti, əsasən də torpaqları çirkləndirən əsas sahələr məhz yanacaq-energetika kompleksinin payına düşür. Belə ki, neft və qaz yataqlarının işlənməsi ilə əlaqədar dənizdə və quruda kəşfiyyat, hasilat və nəqletmə zamanı baş verən neft dağılmaları ətraf mühit üzrə çox mühüm səciyyə daşıyan problemlərdən biridir.

Ekspertlərin araşdırmalarına görə, 19-cu əsrin axırlarında və 20-ci əsrin əvvəllərində neftin çıxarılmasında, torpaq anbarlara yığılmasında, daşınmasında, emalında istifadə olunan primitiv texnologiyalar, sovet dövründə isə neft istehsalının ətraf mühitin qorunmasından üstün tutulması Azərbaycanın hektarlarla torpaq sahəsinin müxtəlif tullantılarla - neft və neft məhsulları, məişət və sənaye, tikinti və s. çirklənməsinə səbəb olub. Torpaqlarla yanaşı, bir çox təbii göllər və gölməçələr neft quyularının tullantı suları ilə və qazıma məhlulları ilə çirkləndirilərək "ölü" vəziyyətinə salınıb. Mütəxəssislər tərəfindən aparılmış hesablamalara görə, çirklənmiş torpaqların 7500 hektarı Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan neft və neft məhsulları ilə çirklənmiş ərazilərdir. Torpaqların çirklənmə dərəcəsinə gəlincə, bu, 1-2 faizdən 30-40 faizə qədər, dərinliyi isə 2- 3 m və daha çoxdur. Sözsüz, belə vəziyyətin yaranması təbii ehtiyatlardan istifadə edilərkən böyük itkilərə yol verilməsinə səbəb olur. Nəzərinizə çatdıraq ki, Dövlət Neft Şirkətinin mərkəzi idarəetmə bölmələrində və tabeliyində olan şirkətlərdə, köməkçi xidmət sahələrində ətraf mühitin, təhlükəsizliyin və sağlamlığın qorunmasını idarə edən və tənzimləyən qruplar, şöbələr və idarələr fəaliyyət göstərir. ARDNŞ sistemində ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən ekoloji işlərin, kompleks tədbirlərin həyata keçirilməsi, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli, müəssisələrin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və digər problemlərin aradan qaldırılması məqsədilə ölkə başçısının "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" fərmanına uyğun olaraq Ekologiya İdarəsi yaradılıb. Məhz bu idarə ölkə üzrə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərinə nəzarət edir.

Onu bildirmək istərdik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri hələ bir neçə il öncə neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsi ilə təmizlənməsi metodunu işləyib hazırlayıblar. Bununla bağlı verilən məlumatda deyilir ki, ot bitkilərindən pencər, yarğanotu, adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır metal zərrəciklərini və radionuklidləri toplaya bilir. Bu arada, bir qrup ekspertlər isə bəyan edirlər ki, hazırda dünya ölkələrində neftlə çirklənmiş torpaqların rekultivasiya (yararsız torpaqların bərpası-red.) texnologiyasının standart modeli yoxdur. Buna səbəb, ilk növbədə, neft və qaz çıxarılan rayonların müxtəlif fiziki-coğrafi zonalarda yerləşməsidir. Konkret metodun seçilməsi çirklənmənin səviyyəsindən, neftin tərkibindən, çirklənmə müddətindən, torpağın fiziki-kimyəvi və su-fıziki xassələrindən, landşaft və iqlim şəraitindən və s. asılıdır. Mütəxəssislərin fikrincə, 5-10 faizdən artıq neftlə çirklənmiş sahələrdə əsaslı rekultivasiya tədbirləri həyata keçirilməmişdən əvvəl qalıq neft məhsullarının sahədən çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir. Çünki bu yolla çirklənmə dərəcəsi 10-20 faiz olan torpaqların hər hektarından 1-2 ton neft ayırmaq mümkündür.

Rəsmi məlumatlarda bildirilir ki, 2010-2013-cü illər ərzində Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və "Azərneftyağ" Neft Emalı Zavodunun layihə ərazisindəki köhnə sənaye obyektlərindən 2 milyon 140 min 627 kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınıb, 282 min 210 kubmetrdən çox sənaye-çirkab, axıntı suları nəql edilib. Lakin buna baxmayaraq, mütəxəssislər neftli torpaqların təmizlənməsi prosesinin o qədər də qənaətbəxş olmadığını bəyan edirlər. Məsələn, bir müddət əvvəl mövzu ilə bağlı açıqlama verən ekoloq Telman Zeynalov əksər ölkələrdə neftli torpaqların təmizlənməsinin 100-ə yaxın texnoloji qaydasının olduğunu vurğulamaqla yanaşı, Dövlət Neft Şirkəti tərəfindən görülən işlərin faydasız olduğunu qeyd edib: "Tərkibində daha az neft olan torpaqların təmizlənməsi üçün azot gübrəsindən istifadə olunur. Ancaq torpağın tərkibindəki neft 4-5 metrdən daha çox nüfuz edibsə, bu zaman başqa texnologiyalardan istifadə etmək lazımdır. Bunun üçün də bizdə yetərli qədər imkan var. Ancaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmizlənmiş torpaqlarda əkilən ağacların müəyyən müddətdən sonra yerindən çıxarılıb yeniləri ilə əvəzləndiyini müşahidə edirik. Bu isə o deməkdir ki, bu sahədə görülən işlər öz faydasını verməyib". Onun fikrincə, neftdən təmizlənmiş torpaqlarda yaşayış obyektlərinin tikilməsi doğru deyil: "Çünki həmin ərazilər radon qazı və digər zəhərli komponentlərlə zəngindir. Bütün bunlar həmin binalarda yaşayan insanların sağlamlıqları adına ciddi təhlükə mənbəyidir. Ona görə də, təmizlənmiş ərazilərdə torpaqların münbitliyinin təmin olunması, eləcə də atmosferin və suyun təmizlənməsi üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir. Məsələn, yaşıllıq salınmalıdır ki, müəyyən müddətdən sonra torpaq, su və hava təmizlənmə prosesini təmin edə bilsin".

Bir qədər öncə də qeyd etdiyimiz kimi, artıq neçə ildir ki, neftlə çirklənmiş torpaqların təmizlənməsi prosesi ARDNŞ tərəfindən həyata keçirilir. Lakin neft və neft məhsullarından təmizlənməsindən sonra bu torpaqların hansı məqsədlərlə istifadə olunması, onun təyinatı barədə hələ də rəsmi açıqlama verilmir. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, təmizlənmiş ərazilərin fərdi şəxslərə və inşaat firmalarına satılması, orada evlərin və yaşayış binalarının tikilməsi barədə bir sıra informasiyalar dolaşmaqdadır: "Deyilənlərə görə, bu gün neftdən təmizlənmiş ərazilərdə yaşayış obyektlərinin, xüsusilə də binaların tikintisinə rast gəlinir. Bu isə yolverilməz haldır. Ona görə ki, həmin ərazilər insan həyatı üçün təhlükəli olan maddələrlə zəngindir. Qeyd edim ki, dövlət neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsinə milyonlarla vəsait xərcləyir. Bu səbəbdən də aidiyyəti qurumlar neft və neft məhsulu ilə çirklənmiş ərazilərin təmizlənməsi və onun sonrakı təyinatı ilə bağlı ciddi tədbirlər görməlidirlər. Deyilənlərə görə, bu işdə "Eco servis" şirkətinin və onun əməkdaşı Mahmud adlı şəxsin də müəyyən marağı var". Mənbənin bildirdiyinə görə, adıçəkilən şirkət ölkədəki nüfuz sahiblərindən birinin himayəsi ilə təsis edilib və "Eco servis"ə nəzarət Mahmud adlı şəxsə həvalə edilib: "Maraqlı məqam ondadır ki, bu şirkətin mülkiyyətçilərinin kimliyi barədə heç bir məlumat verilmir. Odur ki, şirkətin kimə məxsus olması qaranlıq qalır. Lakin araşdırmalar belə deməyə əsas verir ki, "Eco servis" xarici ölkələrin birində qeydiyyatdan keçib. Onun fəaliyyət istiqaməti isə neftlə çirklənmiş torpaqların təmizlənməsi, əldə olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılıb satılmasıdır. Deyilənlərə görə, Dövlət Neft Şirkətinin balansında olan torpaqların böyük bir hissəsi Mahmud adlı şəxsin nəzarətində olan şirkətin ixtiyarına verilib. Bu şirkət isə öz növbəsində, təmizlənmiş torpaqlardan əldə edilən xam neft və neft məhsullarının satışını həyata keçirməklə, eləcə də təmizlənmiş ərazilərin fərdi şəxslərə və inşaat firmalarına satılması, orada evlərin və yaşayış binalarının tikilməsi yolu ilə külli miqdarda gəlir əldə edir. Həmin gəlirlər isə dövlət büdcəsinə deyil, birbaşa şirkətin balansına köçürülür. Bu isə onu deməyə əsas verir ki, "Eco servis"in mülkiyyətçiləri dövlətə məxsus olan gəliri müxtəlif yollarla mənimsəyirlər…" \\ gundelik-baku.com \\

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.