Dövlət Gömrük Komitəsi ölkəyə zərərli məhsul buraxır?

18-07-2016, 13:47           
Dövlət Gömrük Komitəsi ölkəyə zərərli məhsul buraxır?
İyulun 13-də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov KİV-ə açıqlamasında bildirib ki, ölkəmizdəki mağazalarda satılan “sladkiy saxar” adlanan (şirin şəkər) məhsul nəinki şəkər diabeti üçün xeyirlidir, hətta zərərlidir.

Milli Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Eyyub Hüseynovun dediklərini təsdiqləyib.“Bütün sintetik şəkər növləri, o cümlədən “şirin şəkər” sağlamlıq üçün təhlükəlidir. “Şirin şəkər” deyilən məhsulu orqanizm qəbul etmir və bu, insan səhhətinə pis təsir edir”, – deyə T.Əmiraslanov bildirib.

Eyyub Hüseynov özü qeyd edib ki, Səhiyyə Nazirliyi rəsmi olaraq ona “şirin şəkər”in sağlamlıq üçün zərərli olduğunu məlumat verib: “Səhiyyə Nazirliyi bu məhsulun Azərbaycana girməsinin qarşısını almalı idi. Amma bu baş vermədi”, – deyə E.Hüseynov qeyd edib.

“Təxminən bir il əvvəl Eyyub Hüseynov bizə “sladkiy saxar” adlıanan məhsulun satışı barədə xəbər verdi və onun necə hazırlandığını müəyyən etməyi xahiş etmişdi”, – deyə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.

İ.Abdullayevin sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi E.Hüseynova rəsmi məktub yazaraq bildirib ki, bu məsələnin gigiyena və sanitariya məsələrinə aidiyyatı yoxdur.“Biz ona cavab verdik ki, deyəsən, bu məhsul Azərbaycana Rusiyadan gətirilir. Buna görə də, onun təsirlərinə görə Dövlət Gömrük Komitəsi məsuliyyət daşıyır”, – deyə İ.Abdullayev qeyd edib.

Bəs Dövlət Görmük Komitəsi insan sağlamlığına zərərli olduğu iddia edilən məhsulun ölkəyə gətirilməsinin qarşısını niyə almır?Biz bu suala cavab tapmaq üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlamağa çalışdıq, lakin təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı.

LEGİON.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.