Bizi dəmiryollarında qarət edirlər

21-07-2016, 00:27           
Bizi dəmiryollarında qarət edirlər
Söhbət oğrular və cibgirlərdən getmir

İyulun 15-də LEGİON.AZ saytında “Cavid Qurbanov Prezident Administrasiyasına yalan məlumat verib?” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə “Azərbaycan Dəmir Yolları ASC”-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun fikirlərinə yer verilmişdi.

O LEGİON.AZ-a bildirmişdi ki, Biləcəri və Xırdalandakı stansiyalarda hazırda təmir işləri gedir: “Biləcəridə hazırda platforma qurulur, turniket quraşdırılır. Eləcə də Xırdalanda bu işlər gedir. İlin sonuna kimi təhvil verəcəyik”. Lakin Güzdəklə bağlı N.Əzməmmədov bir söz demədi. Biz “VİP” qatarlarda qiymətlərin düşməsi və xidmətlər barədə soruşduq, ADY sözçüsü dedi ki, qiymətlər düşməyib: “Tarif Şurası nə qədər qiymət qoymuşdusa, elə də qalıb… Sərnişinlərə pulsuz çay-kofe verilməlidir”.

“Bəs bizə dedilər ki, daha verilmir?”, – deyə dəqiqləşdirmək istədik.“Belə istifadə etmirlər. Amma kim istəyirsə, ona verirlər”, – deyə Nadir Əzməmmədov cavab verib. N.Əzməmmədov naqillərlə bağlı sualımıza isə belə cavab verdi: “Yox, hadisə olanda olur, amma son vaxtlar hadisə yoxdur. Əvvəllər müəyyən problemlər olurdu, amma indi bütün naqillər yenilənir. Biz hazırda sabit cərəyanda işləyirik, gələcəkdə isə dəyişən cərəyana keçəcəyik. Ona görə də, naqillər yenilənir”. Eyni zamanda, müxtəlif şəhərlərarası qatarlarda şahidi olduğumuz “çayın 1 stəkanı 50 qəpiyə” ənənəsi barədə də soruşduq. “Vallah, onu dəqiq bilmirəm… Kim istəyirsə, “hörmət” edir, burda məcburi şey yoxdur”, – deyə ADY sözçüsü cavab verib. “Yəni, kim istəyirsə, pul verə bilər?” – deyə soruşduq. “Bəli, bəli, kim istəyirsə verə bilər”, – deyə N.Əzməmmədov cavab verdi. “Amma pulsuz olmalıdır da, yəni, sərnişinlər pul verməyə də bilərlər?” sualına belə cavab aldıq: “Bəli” (legion.az).

“Sərnişinlər çaya görə təsdiqlənmiş qiymət cədvəli əsasında pul ödəyirlər”, – deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Departamentinin rəis müavini Mədət Şıxəmirov Kavkaznews.az -a bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanın dəmiryollarında isti su tamamilə pulsuzdur.“Amma sakinlərə çay satarkən çek vermirlər”, – deyə xatırlatdıq.“Bu sizə çox maraqlıdır?” – deyə dəmiryolçu soruşdu.“Bəli, çox”, – deyə Kavkaznews.az əməkdaşı vurğuladı.“Başqa işiniz-gücünüz yoxdur? Vağzaldan bilet alarkən, sizə çek verilir?” ,– deyə M.Şıxəmirov yenidən sual verdi.

“Amma bizə bilet verilir ki, bu da alqı-satqı faktını sübut edir” – deyə xatırlatdıq.“Siz xaricdə görmüsünüz ki, çay alan zaman çek versinlər? Belə şey heç yerdə yoxdur”, – deyə departament rəisinin müavini bildirdi.“Bəs çayın satışından əldə olunan gəlirlər necə hesablanır?” – bu dəfə sual vermək növbəsi Kavkaznews.az əməkdaşına çatdı.“Gəlirləri bizim mühasibatımız istifadə olunan qənd və çaya əsasən hesablayır”, – deyə Mədət Şıxəmirov bildirdi.“Axı bələdçilər vətəndaşlara hesabdan kənar da çay sata bilərlər” – deyə jurnalist qeyd etdi.“Yox, onlar bunu etməzlər”, – deyə dəmiryolçu cavab verdi.“Nəyə görə etməzlər?” – deyə bir daha soruşduq.“Ona görə ki, onlara bunu etmək olmaz” – deyə departament rəisinin müavini cavab verdi.

Sözardı: Bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov LEGİON.AZ-a müsahibəsində bildirmişdi ki, hər kəs xidmətinin qarşılığını ala bilər, lakin sərnişinlərə çek təqdim olunmalıdır. “Bildiyimə görə, çay biletə daxil deyil. Lakin bu, sui-istifadə halıdır. Əgər sərnişinlərdən hansısa xidmətə görə əlavə pul alırlarsa, onda zəhmət çəkib çek təqdim etsinlər. Dünyanın bütün ölkələrində belə əlavə xidmətlər var, lakin bu, qanuni şəkildə baş verir. Qatarlarda vaqon-restoranlar olmalıdır ki, sərnişinlər normal qidalana bilsinlər. Vaqon-restoranların olmaması bələdçilər arasında bu cür sui-istifadə hallarına yol açır. Ümumiyyətlə, Azərbaycan Dəmir Yollarında xidmət heç də ürəkaçan səviyyədə deyil”, – deyə E.Hüseynov vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.