Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR... - ETİRAZ VAR...
23-01-2024, 00:08
Əhalini narazı salan xidmət sahələrindən biri də nəqliyyat sektoru, marşrut xətlərindəki özbaşınalıqlardır. Bu sektorda xəttə buraxılan avtobusların standartlara cavab verməməsindən tutmuş, sürücülərin qeyri-peşəkar davranışlarına qədər çoxsaylı problemlər müşahidə olunur. İctimai nəqliyyat sahəsindəki çatışmazlıqlarla bağlı mediada və sosial şəbəkələrdə dəfələrlə müzakirə açılsa da, nədənsə müsbətə doğru ciddi dəyişiklik müşahidə edilmir.
Daha acınacaqlı durum isə bölgələrdədir. Elə bu yazıdakı şikayət də paytaxtın təxminən 30 kilometrliyində yerləşən Sumqayıt şəhərinin ictimai nəqliyyat sektorundandır. Şəhərin Kotec qəsəbəsi – “Yaşıldərə” massivi marşruti üzrə hərəkət edən 10A saylı avtobusların iş prinsipi sərnişinlərin ciddi narazılığına səbəb olur. Açığı, bu marşrutdan bəhs edərkən “prinsip” sözündən istifadənin özü də yerinə düşmür. Çünki sözügedən avtobusların hazırkı fəaliyyəti demək olar ki, prinsipsizlik üzərində qurulub.
KONKRET.az-a müraciət edən Arif İsgəndərov adlı Sumqayıt sakini də adıçəkilən marşrutun daimi sərnişini kimi burada rastlaşdığı neqativlərdən danışıb.
Şikayətçinin sözlərinə görə, 10A marşrutu ilə bağlı sərnişinlərin narazılığı ilk növbədə avtobusların quruluşca əlverişsiz və narahat olmasıdır. Xəttə buraxılan çəhrayı avtobusların xüsusən ön giriş qapısından istifadə (əsasən də uşaqlar və qocalar üçün – red.) çox əziyyətlidir. Təəssüf ki, Kotec qəsəbəsi – “Yaşıldərə” massivi üzrə alternativ marşrut xətti olmadığından sərnişinlər məcburən bu əziyyətə qatlaşmalı olurlar. Təbii ki, sərnişinlərin üzləşdiyi belə fiziki əziyyət sürücülərin diqqətindən yayınmır və insanların minib-düşməkdə çətinlik çəkməsi onların da işini ağırlaşdırır. Təbii ki, bu məsələdə sözsüz ki, sürücülərin həll edə biləcəyi nəsə yoxdur. Yəni onların əlindən belə bir naqolay avtobusların xəttə buraxılmasına görə dillərinin altında deyinməkdən başqa bir iş gəlmir. Əslində biz də belə əlverişsiz avtobusların hansı səbəbdən ölkəyə gətirilməsinin səbəbini tapmaqda çətinlik çəkirik. Görünür, avtobusları alıb dövriyyəyə buraxanlar onun keyfiyyətindən çox, ucuzluğuna önəm veriblər.
Arif İsgəndərovun dediyinə görə, 10A marşrut xətti üzrə təxminən 20-yə yaxın avtobus işləyir. Onları idarə edən sürücülərin əksəriyyəti də sükan arxasına sanki öz öhdəliklərindən xəbərsiz halda, yəni təlimatlandırılmadan əyləşir. Vətəndaşın redaksiyaya təqdim etdiyi fotodan da görünür ki, avtobusu idarə edən sürücü peşə məsuliyyətindən xəbərsizdir. Sərnişin deyir ki, sözügedən marşrutda hər gün belə bir mənzərə ilə qarşılaşırlar. Bu avtobusun əksər sürücüləri bəzən hətta yolboyu 20-30 dəqiqə telefonla danışır, sükan arxasında tum çırtlayır, eyni xətdə işlədikləri digər sürücü həmkarları ilə intervala görə mübahisə edərək yollarda təhlükəli vəziyyət yaradırlar.
Vətəndaşın digər gileyi isə son zamanlar avtobuslar arasındakı intervalın xeyli artmasıdır. A.İgəndərov deyir ki, sürücülərə bununla bağlı irad bildirəndə belə cavab alıblar: “Avtobuslardan 7-8-i texniki baxımdan sıradan çıxdığına görə təmirə göndərilib. Təmir üçünsə ehtiyat hissələri yoxdur. Ona görə də hamısı qarajda ilişib-qalıb”.
Nəticədə avtobuslar arasındakı 6 dəqiqəlik interval 15-20 dəqiqəyə çatıb ki, bu da sürücülərlə sərnişinləri üz-üzə qoyub.
Əməkdaşımız şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxlayıb. Agentliyin sözçüsü məsələyə aydınlıq gətirərək bildirib ki, “10A nömrəli marşrut xəttində hazırda planlaşdırılan sayda – 14 ortatutumlu avtobusla sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Avtobusların iş qrafiki 6:15-dən 23:00-dək, marşrut xətti üzrə avtobuslararası interval isə 7 dəqiqə təşkil edir və avtobus sayında heç bir azalma müşahidə edilmir”.
T.Orucov əlavə edib ki, daşıyıcıya günün “pik” saatlarında avtobuslararası intervalın sərnişin axınına uyğun olaraq tənzimlənməsi tapşırığı verilib. Həmçinin, AYNA tərəfindən sərnişindaşınma imkanlarının artırılması üçün Sumqayıt şəhərində daşıma göstəricisi aşağı olan marşrutlara əlavə avtobuslar cəlb edilib. Şəhərdə nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə 10A nömrəli avtobus marşrutu da daxil olmaqla 12 marşrut xəttinə əlavə avtobuslar buraxılıb”.
Lakin yazı çapa hazırlanan müddətdə apardığımız müşahidələrdən də belə məlum oldu ki, “Sumqayıt nəqliyyat – 1” MMC tərəfindən xəttə buraxılan marşrutun real fəaliyyəti ilə rəsmi məlumatlar heç də üst-üstə düşmür. Abtobusların gecə saat 23:00-a qədər işləməli olduğu halda, 21:00-22:00-a qədər çalışması da həmin xəttin tabeliyində olan MMC tərəfindən nəzarətsiz buraxılmasının daha bir göstəricisidir. Bu qədər nöqsana adıçəkilən şirkət tərəfindən illərdir, göz yumulması da bir sıra qaranlıq məqamlardan xəbər verir.
Bu arada onu da xatırladaq ki, “Sumqayıt nəqliyyat – 1” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcova məxsusdur.