Dövlət Dəniz Akademiyası mövcud olmayan şirkətə 560 minlik tender verdi

30-01-2024, 07:59           
Dövlət Dəniz Akademiyası mövcud olmayan şirkətə 560 minlik tender verdi
Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qüdrət 055” MMC adlı şirkət olub. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib. Məlumatda bildirilir ki, Dövlət Dəniz Akademiyası iaşə xidmətinin satınalınması məqəsdiylə “Qüdrət 055” MMC-yə 557 min 500 manat ödəyəcək.

Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət Dövlət Dəniz Akademiyasının sifarişi ilə 25 min nəfər üçün səhər, 100 min nəfər üçün isə nahar yeməyi təqdim edəcək. Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, dövlət satınalmalarının vahid internet portalında adı keçən “Qüdrət 055” MMC barəsində Vergilər Xidmətinin reyesterində heç bir məlumat mövcud deyil. Hal-hazırda dövlət qeydiyyatında “Qüdrət 055” MMC adlı şirkət yoxdur.

“Qüdrət 055” MMC adlı şirkət 17 sentyabr 2018-ci il tarixində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Biləcəri ŞTQ, Ordubadi ev 9V-də yerləşib. Daha sonra (2021-ci ilin fevral ayından əvvəl) şirkətin adı dəyişdirilərək “Doydum Catering” MMC olub. Maraqlı haldır ki, 3 il əvvəl adı dəyişdirilən şirkət 557,5 min manatlıq tender müsabiqəsində mövcud olmayan ad altında iştirak edib və qalib olub.

Başqa bir maraqlı məqam isə odur ki, “Doydum Catering” MMC-nin rəsmi saytında şirkətin 1994-cü ildə təsis olunduğu qeyd edilib. Onu da bildirək ki, tenderi keçirən Dövlət Dəniz Akademiyasının rektoru sabiq kənd təsərrüfatı naziri və Hesablama Palatasının keçmiş sədri Heydər Əsədovdur.

Onu da qeyd edək ki, ötən ilin dekabr ayına olan məlumata görə Qida Təhlükəsizliyi Agentliyi “Doydum Catering” MMC –nin qida təhlükəsizliyi qeydiyyatından imtina edib. Səbəb kimi sahibkarlıq subyektində müvafiq sanitar norma və qaydaların tələblərinə əməl etmədiyi göstərilib./Yeniavaz.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.