“YENI AILƏ” MTK TƏZƏ MƏNZILLƏR VƏD EDƏRƏK EVSIZ QOYDUĞU VƏTƏNDAŞLARA KIRAYƏ HAQQI DA VERMIR
7-02-2024, 08:04
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sakinləri iddia edirlər ki, “Yeni Ailə” MTK onları aldadır.
Öncə xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti ilə “Yeni Ailə” MTK (tikinti şirkəti) arasında 23 oktyabr 2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, tikinti şirkəti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların pilot layihə çərcivəsində sökülməsini və həmin sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.
Azadlıq prospekti, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sökülməsinə 2018-ci ildə başlanılıb. 2020-ci ildə isə Şamil Əzizbəyov küçəsi, ev 158 ünvanında yerləşən kooperativ binanın sökülməsinə başlanılıb. Binada yaşayan bütün ailələr mənzillərini təhvil verib və kirayə köçürülüb.
Müqavilə şərtlərinə əsasən, bu ailələr iki il ərzində mənzillə təmin edilməli, yaşamaq üçün köçməliydilər. Lakin neçə il keçməsinə baxmayaraq, yeni inşa edilən binadakı tikinti işləri tamamlanmamışdır. Kirayə haqları belə, aylarla gecikdirilir. Hələ də kirayə pulları 1 ildir verilməyən ailələr vardır.
Evsiz qalmış vətəndaşların dəfələrlə etdikləri müraciətlərdən sonra Nəsimi Rayon İcra Hakimiyyəti onları və “YENİ AİLƏ” MTK-nın rəhbərliyini dəvət edərək, görüş təşkil edib. İcra başçısının müavini cənab Ramiz Quliyev görüşdən sonra vətəndaşlara tikintinin gedişatı ilə bağlı MTK tərəfindən cədvəl tərtib olunaraq təqdim olunacağını və həmin iş qrafikinə İcra Hakimiyyəti tərəfindən nəzarət ediləcəyini bildirib. Vədlərindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, təəssüf ki, nə İcra Hakimiyyəti, nə də “YENİ AİLƏ” MTK-nın rəhbərliyi tərəfindən heç bir hərəkət olunmayıb.
Vətəndaşlar bildirirlər ki, icra başçısı onları qəbul etmir, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbuluna yazılmalarına baxmayaraq, qəbula düşə bilmirlər.
Söküntüdən qabaq vətəndaşlar iş icraçısı Rasim Həsənovla razılaşdıqlarını, müqaviləyə isə “Yeni Ailə” MTK rəhbəri kimi Ziya Hacıyevin imza atdıqlarını deyiblər: “Həmin ağsaqqal — Rasim müəllim bizə binanın başa çatması üçün vəsaitin olmadığını və “binanı vəsait olanda başa çatdıracağam” söyləsə də, 2022-ci ildə yeni “Qarant inşaat” MTK adı ilə Nəsimi rayonu, 20 yanvar və Cavadxan küçəsinin kəsişməsində çoxmərtəbəli bina tikintisinə başlayıb. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı isə bizim binanı yarımçıq qoyan həmin Rasim müəllimə öz rayonunda yeni binalar tikmək üçün ərazi ayırıb. Əziyyət çəkən isə 100-ə yaxın ailədir. Odur ki, tamamlama işlərinin surətləndirilməsi, ödənilməmiş kirayə haqlarımızın verilməsi və qısa zamanda mənzillərimizə köçməyimizlə bağlı tədbirlər görülməsi üçün problemimizi işiqlandırmağınızı sizdən xahiş edirik”.
Qeyd edək ki, bəzi mənzillərə təhvil-təslim aktı olmadan sakinlər köçüblər. Onlar həmin mənzilləri öz hesablarına təmir etsələr də, buna görə şirkətdən pul ala bilməyiblər. Bloklarda dəhlizdən mənzillərə elektrik cərəyan ötürən naqillər, elektrik “yuvaları” açıq vəziyyətdədir və insanlara təhlükə vəd edir. Mənzillərin çoxunun daxilində onları otaqlara ayıracaq arakəsmələr hörülməyib, blok pilləkənləri tam işlənməyib, lift şaxtası və dam hissəsi yoxdur.
Habil Tağıyev, Deryaz.az