Məhkəmədə təqsirləndirilən qadın prosesi işıqlandıran 3 tanınmış xanım jurnalistin 10 min manatını necə “atıb”?..

7-02-2024, 08:38           
Məhkəmədə təqsirləndirilən qadın prosesi işıqlandıran 3 tanınmış xanım jurnalistin 10 min manatını necə “atıb”?..
Düzü, bu xəbəri eşidəndə dəhşətə gəldim. Film kimi bir hadisədir. Həm gülməli, həm təəccüblü, həm də ağlamalıdır. Əvvəl inanmadım. Sonra dəqiqləşdirdim və doğruluğuna tam əmin oldum, yalnız bundan sonra yazmaq qərarına gəldim.
Hadisə vaqe olub, şəhərin mərkəzində yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında.
Daha dəqiqini desək, külli miqdarda dələduzluqda ittiham olunan YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə keçirilən məhkəmə prosesində.
Qeyd edim ki, həmin proses tam yekunlaşıb və bacılara hökm oxunub. Hökmə əsasən onların hər ikisi verilmiş ittihamlarla təqsirli bilinib. A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs edilib. Himayəsində azyaşlı uşağı olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilməyibmiş. Yəni o, məhkəmə prosesinə azadlıqdan gedib-gəlirmiş…
Görün İlknur nə dərəcədə professional dələduz olub ki, təqsirləndirilən qismində cəlb olunduğu məhkəmə prosesinin gedişində belə yiyələndiyi “sənətini” məharətlə işlədərək, 3 tanınmış media qurumlarının məhz kriminaldan yazan peşəkar jurnalistlərini aldadaraq, ümumilikdə onların 10 min manata yaxın pulunu ələ keçirib.
Dələduzluğa məruz qalan həmkarlarımızın hər üçü xanımdır. Onlar indiyə kimi bu məsələdən heç yerə şikayət etməyiblər. İlknurun şirin dilinə aldanıb, səbr ediblər ki, bəlkə pulu qaytardı. Bir neçə gün əvvəl, İlknur da bacısı Aytacın yanına (həbsə) gedəndən sonra, həmkarlarımız pullarının gedər-gəlməzə yollandığını anlayıblar və xırda-xırda deyinməyə başlayıblar. İlknur həmkarlarımıza onların hərəsindən aldığı 3 min manata yaxın pulun müqabilində güzəştli mənzil düzəldəcəyinə söz veribmiş.
Həmkarlarımızın adı da mənə məlumdur, sadəcə yazmağa lüzum görmədim. Özləri etiraf etsələr daha yaxşı olar. Bu hadisəyə görə, qəti sevinmirəm. Aldadılan jurnalistlərə həm ititdikləri pula görə yazığım gəlir, həm də acığım. Axı sizin kimi peşəkarlar dələduzluqla məhkəməsi gedən bir adamın toruna necə düşə bilərsiniz?
Çünki siz həmin prosesi işıqlandırıbsınız və İlknurun nə “yuvanın quşu” olduğunu gözəl bilibsiniz. Bir də daim rüşvətə qarşı prinsipial mövqe tutan, özlərini azad medianın təmsilçiləri sayan həmkarlarımız niyə belə qanunsuz üsulla hansısa işi həll etdirmək qərarına gəliblər? Qətiyyən bu xəbəri təkzib etmək fikirinə düşməyin. Özünüz də bilirsiniz ki, yazılanların hamısı doğrudur. Etiraf edib, rəsmi şikayətçi olmasanız heç kim sizə o pulları qaytarmayacaq…
Məhəmmədəli Qəribli
TEREF: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.