"Kəpəz Hospital" görün kimə məxsus imiş - Könül Hacıyeva burada "at oynadır"
19-02-2024, 17:38
"Kəpəz Hospital"da nevroloq Könül Hacıyevanın jurnalist Nailə Balayevanın xəstə anasına baxmaqdan imtina etməsi neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, bu haqda jurnalist N.Balayeva yazıb. O bildirib ki, yaşlı anası ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində çıxış edən K.Hacıyevanı bəyənib və onun yanında müayinə olunmaq istəyib. Bundan əvvəl anasını kifayət qədər savadlı həkimlərin yanına apardığını deyən jurnalistin sözlərinə görə, TV-lərdə reklam olunan həkimlərə özü inanmasa da, anasının sözünü yerə salmamaq üçün K.Hacıyevaya müraciət etmək qərarına gəlib. Lakin "Kəpəz Hospital"ın qapısından girən kimi, heç bir həkim dinləməsi olmadan yaşlı qadının EEG müayinəsindən keçməli olduğu deyilib. Bunu da onlara həkimin köməkçisi bildirib: "Mənim "həkim bir pasiyenti müayinə edər sonra aparata göndərər" kimi dəlillərim də bu asistentin ürəyini yumşaltmadı. 75 manat EEG aparatı və 85 manat həkim qəbuluna (160 manat) öncədən vəsait keçirəndən sonra anamı növbəyə aldılar. EEG edib əlimizə bir rapor olan kağız verdilər. Köməkçidən soruşdum ki, bəs bu raporu kim yazıb, niyə imzası yoxdur? Xanım bu sualımdan çox narazı qaldı. Girdim EEG həkiminə sənədi imzalatdım. Onda da Könül Hacıyavanın qəzəbinə gəldim. Bilmirəm bu imza nə məsələ idisə, hamı təşvişə düşdü. Həkim dedi ki, mən sizin ananızı qəbul etməyəcəm. Sonra da əlavə etdi ki, mən polkovnikəm, indi polis çağırıb sizi ona təhvil verəcəm".
Xəstəxananın mühafizəçisi də həkimin sözü ilə N.Balayevaya təzyiq göstərib. Jurnalistin guya həkimin gizli fotosunu çəkdiyini deyərək ondan telefonunu açıb fotonu silməsini tələb edib: "Könül Hacıyevanın fotoları internetdə dolu olduğu bir halda mən niyə fotosunu gizli çəkməliyəm? Həkimin təhdidləri, köməkçinin təhqirlərindən sonra 102-yə müraciət etməli oldum. Ümid qalır polisə. Görək bu polkovnik rütbəli nevroloq Könül Hacıyevanın gücü nədədir ki, xəstə yaxınlarını qorxmadan təhdid edir və xəstələrə sənə baxmıram deyib etinasızlıq göstərir?!"
Bəs "Kəpəz Hospital"da belə bir vəziyyətin yaranması nədən qaynaqlanır? Kimdir bu klinikanın sahibi? Orada xəstələrə, xəstə yaxınlarına qarşı belə arzuolunmaz hallar yaşanması haqda məlumatı varmı? AFN.az-ın apardığı kiçik bir araşdırmadan sonra məlum oldu ki, "Kəpəz Hospital" sabiq deputat Mahir Aslanova məxsusdur. Bu barədə saytımızı məlumatlandıran mənbə onu da qeyd etdi ki, Naftalanda yerləşən "Kəpəz" sanatoriyası da M.Aslanovun sahibkarlığı altında fəaliyyət göstərir. Onu da qeyd edək ki, sabiq deputatın "Kəpəz" brendi altında bir çox sahələrdə biznesi var. Bura tikinti, mebel, turizm və s. aiddir.
Bütün qeyd edilənlərlə bağlı "Kəpəz Hospital"dan mövqe öyrənmək istəsək də, klinikadan bizə verilən və səlahiyyətli şəxsə aid olduğu deyilən nömrəyə zəng çatmadı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.