İcra başçıları əyalətləri üsyana qaldırır: hökumət böhrandan necə çıxacaq?

1-09-2016, 19:41           
İcra başçıları əyalətləri üsyana qaldırır: hökumət böhrandan necə çıxacaq?
Azərbaycanda iqtisadi zonaların yaradılmasına zərurət yaranıb. Regionların illərdir ki dotasiya hesabına özünü saxlaması indi ağır fəsadlarını verməkdədir...

Prezident İlham Əliyev də müşavirələrin birində vurğulayıb ki, bölgələr bu günə kimi dotasiya ilə yaşayırdı, artıq iqtisadi böhrana qarşı müqavimət üçün daxili resurslar hesabına ayaqüstə dayanmalıdırlar.

Politika.Az-a hökumətdəki mənbələrdən daxil olan məlumata görə, “Regionların Sosial-İqtisadi İnkişafı” proqramı çərçivəsində qarşıya qoyulan məqslədlə nail olunmayıb.

Hökumət rəsmi şəkildə etiraf etməsə də, 2004-cü ildən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyindən xəbəri var. Büdcədən ayrılan milyardlar ayrı-ayrı məmurların rifahını yaxşılaşdırmağa kömək edib.

Rayon icra hakimiyyəti strukturları regionları inkişaf etdirmək yerinə büdcə pullarını talayıb və bu da zaman-zaman faktlarla sübuta yetirilib. İcra hakimlərinin kosmetik işləri də bir-iki yol çəkmək, park salmaqdan ibarət olub.

Rayonlarda iş yerlərinin açılması, sahikbkarlığın inkişafı üçünheç bir iş görülməyib. Yerdə qalan külli miqdarda vəsaitlər maxinasiya edilib, bu da yuxarı dairələrin diqqət mərkəzində olub.

Politika.Az-ın əldə etdiyi məlumata görə, bundan sonra qərara gəlinib ki, dotasiyalar dayandırılsın və əyalətlər daxili imkanları hesabına yaşasın. Mənbənin qeydlərinə görə, iqtisadi böhran rayonlarda əhalinin vəziyyətini daha da ağırlaşdırıb.

Artıq əyalətlərdə etiraz səsləri eşidilməkdədir. Füzulidə ciddi narazılıq var, Astarada işsizlər ordusu aksiya keçirib və zəncirvari şəkildə etirazlar yayıla bilər.
Prezidentin etimadını doğultmayan əksər icra başçılarının referendumdan sonra postundan kənarlaşdırılacağı da gözlənilir.

Prezident müşavirədə də qeyd etmişdi ki, onları təyin edərkən xalqla işləməyi tapşırır. Amma bir çoxları bunun öhdəsindən gəlmir və yalnız yaxın çevrəsinin varlanması üçün fəallıq edir.

Bu da iqtisadi zonaların yaradılmasını şərltəndirib. Hakimiyyət referendumdan sonra sosial islahatların davamı olaraq iqtisadi zonalar yaratmaq, regionlarda işsizliklə bağlı təcili tədbirlər görmək niyyətindədir. Çünki böhran dərinləşir və narazılıq böyüyür.

Saytımıza hakimiyyətdəki mötəbər qaynaqdan çıxış yolları açıqlanıb. Birinci variant odur ki, dövlət ölkənin tikinti sektoruna olan bütün maneələri aradan qaldırmalıdır. Əksinə, tikinti şirkətlərinə dövlət tərəfindən dəstək verilməlidir.

Tikinti sektoru Azərbaycanda yeganə sektordur ki, əgər hərəkətə başlasa, onun xammal bazasının 85 faizi ölkə daxilində olduğu üçün qum, çınqıl, sement, əhəng, gips və tikintiyə aid digər sahələrinin hamısını hərəkətə gətirəcək.

Bunların hamısı regiondadır. Dövlət bunu tənzimləməyi bacaracaq və yeni iş yerlərinin açılması prosesi başlayacaq. İkinci, idxal-ixrac siyasətini kökündən dəyişmək lazımdır. Ölkəyə nə aparmaq, nə gətirmək mümkündürsə, qapıları açmaq lazımdır.

Süni əngəllər, inhisarçılıq və yaxud yüksək gömrük tarifləri müəyyən etməklə mümkün deyil. Əhalinin özünün bu prosesə cəlb olunmasını, idxal prosesini yaxın və uzaq dövlətlərdən sərt nəzarət mexanizmi ilə dövlətin və sahibkarın, dövlətin və vətəndaşın cibini və mənafeyini nəzərə almaqla həyata keçirmək lazımdır.

Təbii ki, önləyici tədbirlər də görmək lazımdır. Nə sahibkara imkan vermək olmaz ki, qiymətləri süni şəkildə aşağı yazmaqla saxta hesab göstərsin və az dövlət rüsumu ödəsin, nə də dövlətə imkan vermək olmaz ki, sahibkarın aldığı gerçək qiyməti şişirdərək, özünəuyğun tariflər təyin etsin və bu şəkildə sahibkarı soysun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.