“İcra haqqında” qanunun 68.1.2 maddəsi bunu qadağan edir
15-07-2024, 10:18
“Kapitalbank” qazinin təqaüdündən borc adına bir faiz də tuta bilməz
“İcra haqqında” qanunun 68.1.2 maddəsi bunu qadağan edir
Bu günlərin media manşetlərini Şərur rayonu, Axaməd kənd sakini Qarabağ qazisi Qasımov Ədalət Adil oğlunun pensiyasını tam olaraq “Kapitalbank”ın borc adına tutması zəbt edib. Bildirildiyinə görə, zabit qazi bankdan götürdüyü kredit borcunu ödəyə bilməyib və bank məhkəməyə üz tutub. Məhkəmə isə Qarabağ qazisinin pensiyasının 50 faizinin hər ay banka ödənilməsini qərara alıb. Di gəl, bank qazinin bütün pensiya məbləğini hər ay özünə götürür.
Vurğulamaq gərəkir ki, ilk növbədə məhkəmə düzgün qərar qəbul etməyib. Nədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci ( “Tələbin yönəldilə bilməzliyi pul məbləğləri”) maddəsinin 1.2 bəndində yazılıb: “TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ” . Qarabağ qazilərinə ödənilən vəsait isə xidmətdə olarkən aldıqları xəsarətlərə görə verilir. Beləliklə bankın məhkəməyə qanunsuz qərar qəbul etdirdiyi üzə çıxır. Hətta bank bu qanunsuz qərara da əməl etmir, qazini tam olaraq aylıq pensiyadan məhrum edir.
Deyə bilərsiniz ki, borc ödənilməli deyil? Əlbəttə, ödənilməlidir, amma qazinin pensiyasından yox. Qanun bunu qadağan edir. “İcra haqqında” qanunda tələbin ilk növbədə yönəldilməli olduğu vəsaitlər göstərilib. Və konkret yazılıb ki, tələb borclunun xidməti vəzifələrini icra edərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə ( pensiyaya, təqaüdə, müavinətə, qanpuluna...) yönəldilə bilməz. Odur ki, bankın başqa gəlir növü axtarması daha məqsədəuyğundur.
Məhkəmənin isə qərar qəbul edəndə Konstitusiyanı, qanunları əsas tutması Konstitusiyanın özündə yazılıb: “Hakimlər müstəqildir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər... işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.”
Konstitusiyanın, qanunun tələbinin pozulması ilə Qarabağ qazisinin hüququnun da pozulması, pensiyasından qanunsuz məhrum edilməsi göz önündədir. Bu pozuntunu aradan qaldırmaqsa Məhkəmə Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, ƏƏSMN-in, Mərkəzi Bankın, Ombudsmanın... boynundadır. Haydı, görəvlərin icra edilməsi vaxtıdır! Unutmaq olmaz ki, qazinin pensiyası Vətənə xidmətdə aldığı xəsarətlərə görə ödənilən puldur. Dövlət, qanun bu pulu toxunulmaz sayır. Ona yalnız qazi özü toxuna bilər.
Məğrur Bədəlsoy