Dövlət Dəniz və Liman Agentliyi məsuliyyəti niyə boynundan atır? – FOTOFAKT
15-07-2024, 10:05
Bugünlərdə Böyük Britaniyanın paytaxtı Londonda mənzil qərargahı olan və mülki gəmiçilik məsələlərini tənzimləyən əsas beynəlxalq təşkilat sayılan Beynəlxalq Dəniz Təşkilatının (IMO) Azərbaycanı “qara” siyahıya salması ilə bağlı məlumat vermişdik. Hətta bu barədə müvafiq bildirişin cari ilin may ayının sonunda dərc edildiyini də xatırlatmışdıq.
Məlumatdan görünür ki, ölkələr siyahı üzrə 3 qrup üzrə təsnifatlandırılır: “ağ ”, “boz” və “qara” siyahıda olanlar. Təəssüflə qeyd etməliyik ki, Beynəlxalq Dəniz Təşkilatının qərarı ilə Azərbaycan - Palau, Beliz, Tanzaniya və Toqo kimi 12 ölkə ilə birlikdə təşkilatın “qara” siyahısına salınıb.
Maraqlıdır ki, bu müddət ərzində beynəlxalq qadağanı tətbiq edən qurumla münasibətlərə və oradakı bayrağımızın statusuna cavabdeh olan Dövlət Dəniz və Liman Agentliyi bu xoşagəlməz hadisənin səbəb və nəticələrini, eləcə də bu vəziyyətdən necə çıxacağımızın yolları barədə ictimaiyyətə heç bir məlumat və izahat verməyib.
Bu məlumat tərəfimizdən tirajlanandan sonra, sözügedən qurumun Mətbuat xidmətinin rəhbəri Pərvanə İmanova Azinforum.az-a açıqlamasında bildirdi ki, sorğu etdiyimiz mövzu ilə bağlı onlar heç bir məsuliyyət daşımır, çünki bu məsələ onların yox, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin səlahiyyətinə aid olan məsələdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumu kimi fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Dəniz Təşkilatında dövlətimizi təmsil edən qurum olduğunu nə tez unudub? Qurumun rəsmi saytında onların Beynəlxalq Dəniz Təşkilatının 11-ci sessiyasında ölkəmizi təmsil etməsi fəxrlə tirajlanıb. Hətta bu məlumatı əks etdirən fotolar qurumun rəsmi saytında ən görünən yerdə yerləşdirilib. Belə çıxır ki, yaxşı nəticələr olanda bu qurum beynəlxalq təşkilatla əməkdaşlığından fəxarətlə danışır, ancaq mənfi nəticələrlə bağlı bütün məsuliyyətdən boyun qaçırır?
Çox maraqlıdır ki, bizim Dövlət Dəniz və Liman Agentliyinə onların birbaşa səlahiyyətlərinə aid olan məsələ ilə bağlı ünvanladığımız sorğuya cavabı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC verib. Biz bu cavabı bizim ilkin məlumatımızı tirajlayan başqa bir saytda gördük. Qurumun bizə ünvanladığı mövqeyində ölkəmizin adının “qara” siyahıya salınması təkzib edilməyə çalışılır.
Göründüyü kimi, təqdim olunan və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu dəqiq fakta qəribə münasibət sərgilənir. Cavab verməli olan əsas qurum məsuliyyəti boynundan atır. Biz isə yazdığımızın tam həqiqət olduğunu sözügedən qurumların diqqətinə daha aydın çatdırmaq üçün, daha bir mötəbər dəlil ortaya qoyuruq. Təqdim olunan sənədlərdən bir daha aydın olur ki, siyahı məhz Beynəlxalq Dəniz Təşkilatı tərəfindən açıqlanıb.
Təəssüflər olsun ki, ikinci şəkildə biz Azərbaycanın adını “qara” siyahıda görürük. Çox yaxşı olardı ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özünün alt qurumu kimi tabeçiliyində olan Dövlət Dəniz və Liman Agentliyinə öz səlahiyyət sferalarını bir qədər ətraflı izah edərdi…
Azinforum.az