Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır – ŞİKAYƏT

25-07-2024, 00:06           
Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır – ŞİKAYƏT
Sumqayıtda yerləşən Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədovun əmri ilə hər uşaqdan 15 manat təmir pulu yığılır.
Bu barədə AFN.az-a gimnaziyada təhsil alan şagirdlərin valideynləri bildiriblər. Şikayətçilər deyirlər ki, məktəbin yenicə təmirdən çıxdığını və pulun nəyə lazım olduğunu deyəndə sinif rəhbərləri “Tapşırıq direktor tərəfindən verilib” cavabını verirlər.

“Uğurları ilə Dəyanət liseyi ilə rəqabət aparan müəssisə bu il şagirdlərinin uğursuz nəticəsi ilə yadda qalıb. Buna səbəb isə əvvəlki illərdən fərqli olaraq müəllimlərin repetitor fəaliyyətinə üstünlük verməsidir” – deyə valideynlərin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir.

Qeyd edək ki, Nizami Əhmədov isə 1952-ci ildə yaradılmış təhsil ocağı ilə həmyaşıddır. 1993-cü il aprelin 15-dən Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktor vəzifəsinə təyin olunub.

Valideynlər bildirirlər ki, 72 yaşlı direktorun əlindən daha bir “yağlı tikə” çıxıb: “Söhbət hər il gimnaziyanın özünün keçirdiyi qəbul imtahanlarından gedir. Qəbul imtahanında ancaq Nizami Əhmədovun “qəbul”undan keçə bilənlər məktəbə daxil olurdu. Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisə Nizami Əhmədovun qanunları ilə idarə olunur. Hər il şagirdlər səbəbsiz sinif dəyişdirir, direktor bəzən 5-6 üçü olan şagirdi deyil, bir üçü olan fağır məktəblini gimnaziyadan uzaqlaşdırır. Nizami Əhmədovun qoyduğu “qanun”a görə 3 ədəd 3 alan şagird bu təhsil ocağında oxuya bilməz. Bu kimi əndrəbadi qərarlarla və bütün Sumqayıtın qorxulu röyasına çevrilən bu direktora hətta millət vəkilləri belə söz deyə bilmir”.

Qeyd edilənlərlə bağlı liseyin tabe olduğu Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe almaq istəsək də, mümkün olmadı. İdarənin mətbuat xidmətinə göndərilən sorğumuz cavabsız qaldı.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.