Masallı sakini Prezidentə müraciət etdi: "Oğlumun ölümündə olan günahkarlar cəzalandırılsın"

Dünən, 07:14           
Masallı sakini Prezidentə müraciət etdi:
Masallı rayon sakini Həsənov Fuad Abdulhəsən Prezident, Ali Baş Komandan İlham Əliyevə və hərbi Prokuror Xanlar Vəliyevə müraciət edib.

Vətəndaşın müraciətində deyilir: "Oğlum Muradı hərbi xidmətə yola salanda sevincimin həddi yox idi. Çünki kollec təhsili olan Murad əsgərliyini başa vurduqdan sonra işləmək üçün geniş imkanları olacaqdı. 2024-cü ilin iyulunda Muradı yola saldım. Üç ay Gorandakı təlimlərdən sonra Laçındakı "N" saylı hərbi hissədəki döyüş mövqeyinə göndərildi. Burada-döyüş mövqeyində cəmi üç gün xidmət edən oğlumun dördüncü gün qara xəbəri gəldi. 2024-cü il oktyabrın 21-i, saat 15 40-da oğlum həyatla vidalaşdı. Təxminən 3 aylıq araşdırmadan sonra onun ölümündə müqəssir olanlar məlum oldu. Sən demə müddətdən artıq xidmət qulluqçusu, əsgər Məmmədzadə Nihad Pərviz oğlu və müddətdən artıq xidmət qulluqçusu Əlizadə Rəman Rauf oğlu oğluma olmazın işgəncələr vermişlər. Onu soyunduraraq soyuqda saxlamış, əbəs yerə gah su, gah odun dalıyca göndərmişlər. Eyni zamanda, Muradı döyüş tapşırığı mövqeyində vaxtından xeyli çox qalmasına məcbur etmişlər. Buna baxmayaraq, o, döyüş mövqeyini heç vaxt tərk etməmiş, əksinə, öhdəsinə düşən vəzifəsini artıqlamasıyla yerinə yetirmişdir. Oğlum üç gündə az qala 3 saat belə yuxu üzü görməmişdir. Çünki onun ölümünə səbəb olanlar buna imkan verməmişlər. Bu işdə onlara baş leytenant Səfərov Toğrul Tahir oğlu yaxından kömək etmişdir. Təbiətcə sakit, nizam-intizamı sevən oğlum Murad bütün bunlara dözməmiş və həyatını itirmişdir. Cinayət Məcəlləsinin 332.3 və 341.2.3-cü maddələri ilə cinayət işi açılmışdır.

Cənab Prezident!

Bir ata olaraq son ümid yeri kimi Sizə müraciət edirəm, tək istəyim cinayətkarların layiq olduqları cəzanı almasıdır. Əzab-əziyyətlə övlad böyütdüm, həyatının çiçəklənən vaxtında hansısa nakəslər, müqəddəs ordumuza ləkə olanlar onun ömrünü yarımçıq qoydular. Bu gün cinayətkarların vəkilləri qeyri-qanuni və qeyri-insani hərəkətlər edir, həm hərbi hissənin işinə, həm də mənim həyatıma müdaxilə etmək istəyirlər. Bu yolverilməzdir və qanunlarımıza hörmətsizlikdir. Tək istəyim, yuxarıda qeyd etdiyim kimi, cinayətkarların layiqli cəza almasıdır!

Allah ordumuzu və Ali Baş Komandanımızı qorusun!

Mənbə: Yenixeber.org













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.