"Azercell ölkənin ən bahalı mobil operatorudur buna baxmayaraq xidmət səviyyəsi və keyfiyyət 0-dır." ŞİKAYƏT
Bu gün, 10:19

Salam ötən ilin Dekabr ayında Azercell-in 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamaması məsələsini ictimailəşdirmişdim. Ötən il müxtəlif aylarda bununla bağlı call center-ə müraciət etsəm də heç bir geridönüş edilmirdi operatorlar yəqinki hesabat yaxın vaxtlarda sayta qoyulacaq məlumatını verirdi. Nəhayət Dekabr ayında məsələni ictimailəşdirdim. TEREF yazır ki, bunu Ilkin Məmmedkərimov poçtumuza ünvanladığı məktubunda yazır. İlkin bəy daha sonra yazır ki, Əslində 2022-ci ildə də şirkət maliyyə hesabatını biraz gec açıqlamışdı həmin vaxt Azercell-ə müraciət etdikdə Vəfa adlı xanım mənimlə əlaqə saxlayaraq: "İlkin bəy narahat olmayın hesablama gedir yaxın vaxtlarda hesabat sayta qoyulacaq" məlumatını vermişdi və Aprel ayında şirkət maliyyə hesabatını sayta qoymuşdu. İndi isə mən və məndən öncədə mətbuatın şirkətin maliyyə hesabatını gizlətməsi məsələsini gündəmə gətirməsindən sonra şirkət nəyinki 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamadı indiyədək açıqladığı 1996-cı ildən 2022-ci ilə qədər olan bütün maliyyə hesabatlarını saytdan sildilər. Mənim şirkətə yazılı şəkildə etdiyim müraciətə isə: "Maliyyə hesabatının açıqlanması nəzərdə tutulmayıb" cavabını verdilər. Əslində şirkətin maliyyə hesabatlarını gizlətməsinin səbəbi mətbuatın şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsidir. Məlum olduğu kimi şirkətin əvvəlki səhmdarı TeliaSonera Özbəkistandakı korrupsiya qalmaqalından sonra 2015-ci ildə Avrasiya regionunu tərk edəcəyini açıqlamışdı və Azercell 3 il sərmayəsiz qaldığı üçün zərərlə çalışmağa başlamışdı. Həmin vaxt Azercell-in xidmət səviyyəsi və keyfiyyəti geriləmiş, Müştəri Xidmətlərinin çoxu bağlanmış, şirkət 60-dan çox işçisini ixtisar etmək məcburiyyətində qalmışdı. Nəhayət 2018-ci ilin mart ayında TeliaSonera-nın Azercell-dəki 51%-lik səhmlərini 222,5 milyon manata Rabitə Nazirliyinə məxsus AzinTelecom şirkəti almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, şirkət mənfəətlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşdiriləcək. Görünür Azercell artıq çoxdan gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra mətbuatın haqlı olaraq zaman-zaman şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsindən sonra narahat olub şirkətin mənfəətlə fəaliyyət göstərdiyini gizlətmək üçün şirkət son 2 ilin maliyyə hesabatını açıqlamaqdan imtina etdi və əvvəl açıqladığı bütün maliyyə hesabatlarını saytdan sildilər. TeliaSonera-nın səhmlərini dövlətə satdığı digər ölkələrdə məsələn Qazaxıstan və Gürcüstanda Qazaxıstan və Gürcüstan hökümətləri Kcell və Geocell-in səhmlərini Qazaxıstan dövləti Qətər şirkətinə, Gürcüstan höküməti isə Avropa şirkətinə çoxdan satıblar. Bizdə isə 7 ildən çoxdur ki, Rabitə Nazirliyi Azercell-i yenidən özəlləşdirmək istəmir. Əslində Azercell-lə bağlı bütün şikayətlərin kökündə Azercell-in özəlləşdirilməsi məsələsi dayanır. Yəni mobil rabitə sahəsində rəqabət mühitini gücləndirmək üçün Azercell mütləq təcili olaraq özəlləşdirilməli və bazarda mobil operator sayı artırılmalıdır. Məlum olduğu kimi bir neçə ildir mobil rabitə sahəsində keyfiyyət və xidmət səviyyəsi bərbad vəziyyətə düşüb, qiymətlər isə durmadan artır. Azercell-də aylıq abunə haqqı olmayan bir dənədə olsun tarif paketi yoxdur. Kütləvi şəkildə şikayətlərə baxmayaraq şirkət yaşlı nəsili və internetdən istifadə etməyən təbəqəni nəzərə almayaraq Azercellim, Bölge, Gencsim, Her Yere, Bizimkiler tarif paketlərində 25 Fevral tarixindən etibarən aylıq 2 AZN müqabilində 25 şəbəkədaxili dəqiqə və 250 MB internet paketi təqdim edir. Bundan başqa digər mobil operatorlardan fərqli olaraq Azercell abunəçilərinə şəbəkədaxili danışıq üçün belə rahat danışıq imkanı verən tarif paketi istifadəyə vermir. Mobil Nömrələrin Daşınması xidməti ilə bağlı xüsusi tarif paketləri və böyük həcmdə həftəlik internet paketləri mövcud deyil. Bakı və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində 4G şəbəkəsində internetin sürəti 10-20 Mb/s arası dəyişir digər mobil operatorlarda isə bu göstərici 70-90 Mb/s arası dəyişir. Ən acınacaqlısı isə call center-ə bununla bağlı şikayət etdikdə operatorlar bununla bağlı heç bir problem görmürlər. Yəni Azercell-ə görə 4G şəbəsində 10-20 Mb/s "normal" göstəricidir. Halbuki qiymətləri müqayisə etdikdə Azercell ölkənin ən bahalı mobil operatorudur buna baxmayaraq xidmət səviyyəsi və keyfiyyət 0-dır. Sağolun.
Ilkin Memmedkerimov
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF