Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır - HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO
Dünən, 08:11

Şəmkir şəhər sakini Səfərova Ramiyyə Nofəl qızı tərəfindən Hurriyyet.az saytına şikayət daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edir:
"Cənab Prezident!
Cənab Nazir!
Mən, Səfərova Ramiyyə Nofəl qızı, yazaraq sizlərdən kömək istəyirəm. Qardaşım Səfərov Radif Tovuz rayonunda, N saylı hərbi hissədə "Maxe" işləyir. Qardaşımın iş yoldaşı Emin axşam saatlarında onu yeməyə dəvət edib. Yeməyə oturan zaman 2 nəfər də gəlib. Qardaşım kim olduqlarını soruşub. Emin deyib ki, mən çağırmışam, dostlarımdır.
Masada içki də olub. Qardaşım 100 qram içib, deyib ki, daha içmirəm, yorğunam. Bu zaman Emin adlı şəxs əsəbləşib və onun sinəsinə yumruqla vurub. O, dostları ilə birgə qardaşımı döyüb.
Qardaşım onların əlindən qaçıb, hərbi hissəyə gedib. Emin dostları ilə birgə hərbi hissəyə daxil olub, qardaşımı bir daha ölümcül döyüblər.
Radifi Şəmkir rayonunda yerləşən hərbi hospitala aparıblar. Orada həkimlər yaxın durmayıblar. Gəncə şəhər hərbi hospitalında isə 1 gün komada qalıb, səhəri gün yenidən Şəmkirdəki hərbi hospitala qaytarıblar. O, 10 gün həkim nəzarəti altında xəstəxanada yatıb...
Şəmkir Hərbi Prokurorluğu 4 aydır işimizə baxmır. Qardaşma hədə-qorxu gəlirlər ki, “Eminin adın çəkmə, onun adını çəksən səni həbs edəcəyik”. Emin isə "əmim sağ olsun, onun sayəsində heç nə edə bilməyəcəksiniz, pulunu verib, işimizi görmüşük", - deyir.
Qardaşımın vəziyyəti heç yaxşı deyil. Hərbi Prokurorluq şikayətimizi təmin etmir. Qardaşım özünü öldürsə, kim cavab verəcək?! Belə çıxır ki, kimin pulu var, nə istəsə edə bilər?!"
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


