Hesablama Palatası neçənci dəfədir ki, Əhmədzadəni ifşa edir - Şok faktlar
12-05-2017, 08:35

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclası keçirilib
İclasda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair müzakirələr aparılıb.
Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin Palatanın 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib.
Belə məlum olur ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsində yeyinti faktları aşkarlanıb. Hesablama Palatası neçənci dəfədir ki, Əhməd Əhmədzadəni ifşa edir. Bu qurum tamamilə korrupsiyalaşıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə son şans verilib. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində adıçəkilən ASC-nin üzərinə xeyli vəzifələr qoyulub.
Belə ki, sənəd aqrar sahədə inkişafa nail olmaq üçün bir sıra tədbirləri özündə ehtiva edir ki, bunlardan biri də İstehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsidir.
Bu sahəyə istər büdcədən, istərsə də xarici kreditlər vasitəsilə xeyli vəsait ayrılmasına baxmayaraq, istənilən nəticə ortada deyil.
Bu barədə yol xəritəsində də qeyd edilir. Bildirilir ki, bu sahədə son illər reallaşdırılan tədbirlərə baxmayaraq, bir neçə istiqamətdə problemlər hələ də mövcuddur.
Ulus.Az xəbər verir ki, məsələlərin həlli yüz milyonlarla vəsait tələb edir. Əhməd Əhmədzadə üçün bu vəsait heç nədir, ona görə də ASC sədrinə tapşırılıb ki, lazım gəldikdə şəxsi hesabına da olsa bu tədbirlər reallaşdırılmalıdır.
Əks halda vəzifəsini itirəcəyi bildirilib. Zatən onun rəhbərlik etdiyi qurumun ləğvi məsələsi tez-tez gündəmə gəlir.
Bildirilir ki, meliorasiya və su təsərrüfatı sahəsi kənd təsərrüfatına aid sahədir, bu üzdən də qurumun ləğv edilərək səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi aktualdır.
YAP-çı deputat Siyavuş Novruzov da parlamentdəki çıxışında bir sıra lazımsız qurumların ləğvi təklifi ilə çıxış etmişdi. Zaman-zaman mediada və ekspertlərin çıxışlarında bu qurumlar sırasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin adı tez-tez hallanıb.
Bilgilərə görə, son vaxtlar ASC-nin yerli idarələrində üzə çıxan dəhşətli büdcə yeyintiləri və korrupsiya halları, eləcə də dövlətin bu sahəyə ayırdığı vəsaitlərin böyük hissəsinin mənimsənilməsi faktları yuxarı dairələri müvafiq addımlar atmağa vadar edib.
Və bu məqsədlə ASC-nin ləğv edilərək «Azərsu»ya birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Yuxarı instansiyalar bu struktur dəyişikliyi ilə həm büdcə itkilərinin qarşısını almağa çalışırlar, həm də cəmiyyət sədrini zərərsizləşdirməyi planlaşdırırlar.
Qeyd etmək lazımdır ki, hazırda Əhmədzadənin başçılıq elədiyi «Meliorasiya və Su Təsərrüfatı» ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur.