Masallıda icra başçısı sahibkara divan tutur-ŞOK OLAY

22-07-2017, 00:47           
Masallıda icra başçısı sahibkara divan tutur-ŞOK OLAY
Son vaxtlar yerlərdə baş alıb gedən məmur özbaşınalıqları haqda tam əksəriyyət məlumatlı olsa da, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən hər bir vəzifə sahibinə lazımi tapşırıqlar verilsə də, çox təəssüflər olsun ki, bu gün də bir çox bölgələrdə baş alıb gedən anarxiyanın, hər cür özbaşınalığın həddi-hüdudu yoxdur. Adicə onu vurğulamaq yerinə düşər ki, hal-hazırda Masallı rayonunda baş alıb gedən özbaşınalığın varlığını, məmur həngamələrini və s. eşitdikcə, sanki hər kəs dəhşətə gəlir. Çünki, adı çəkilən rayonun Xalıcallı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlunun üz-üzə qaldığı özbaşınalıq, bu gün nə yerə, nə göyə sığası məsələdir. Baxmayaraq ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması, ölkə əhalisinin ən zəruri mallar olan ehtiyaclarının ödənilməsi məqsədilə sahibkarlığın inkişaf etdirilməsi və s. yöndə müəyyən addımlar atılır, cənab İlham Əliyevin vermiş olduğu tapşırıqlar mərhələli şəkildə həllini tapır. Amma, bütün bunların qarşılığında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla, qurumda çalışan bir çox əməkdaşların yerli sahibkara qarşı sərgilədikləri yanaşma, heç bir əndazəyə sığası məsələ deyil.


Bəli, açıq şəkildə etiraf edə bilərik ki, bu gün özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, dövlət-sahibkar münasibətlərinin lazımi macəraya yönəldilməsi və s. istiqamətində, dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Başlıca məqsəd, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, davamlı inkişafın təmin edilməsidir. Atılan addımların varlığına baxmayaraq, bu gün Masallı rayonunda icra başçısı başda olmaqla, ayrı-ayrı vəzifə sahibləri şəxsi maraqlarının təmin olunması naminə iş adamlarını, bir çox sahibkarları, kişik biznes fəaliyyəti ilə məşğul olan hər kəsi incitməkdədirlər. Belə bir səbəblər üzündən də, onların əməlləri ilə bağlı aidiyyəti dövlət qurumlarına, əksər media orqanlarına ünvanlanan şikayət məktublarının, heç vaxt ardı-arası kəsilmir. Məsələn, bir mətbu orqan olaraq belə bir məlumat əldə etmişik ki, Masallı rayon sakini Vudadi Quliyev rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdəndir. O, rayonun Qarğalıq bələdiyyəsinin əhatə etdiyi ərazidə, daha dəqiq desək Xallıcallı kəndində yerləşən və 1932-ci ildən fəaliyyət göstərən 61,42 ha su tutarının icarəyə götürür. Bir qədər keçdikdən sonra o, qəbul olunmuş “Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, Hərraca çıxarılması üçün lazımi sənədlərlə, qanuni prosedurlarla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Cəlilabad 15 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 16 fevral 2016-cı ildə keçirdiyi hərracda iştirak etmiş və keçirilən hərracın qalibi də olmuşdur.

Əldə olan rəsmi sənədlərin varlığı, söylədiklərimizi tam sübut etməyə əsas verir. Vidadi Quliyevə Hərrac Komissiyası tərəfindən AM seriyalı 001977 n-li Şəhadətnamə də verilir və o, icarə haqqını Qarğalıq bələdiyyəsinə ödəyir.

Baş verən problemlər və hər cür haqqsızlıqlar da, elə həmin vaxtdan sonra başlayır.

Yəni, ona bildirilir ki, 20 gün ərzində istifadə etdiyin sahəyə görə, mülki qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmalıdır.

Amma, onun dəfələrlə müraciət etməsinə baxmayaraq, Qarğalıq bələdiyyəsinin rəhbərliyi heç bir əsas gətirmədən Vidadi Quliyevlə müqavilə bağlamaqdan imtina edir. Yəni, açıq-aşkar bəlli olur ki, İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bələdiyyənin sədri Y.Zalovdan bələdiyyənin möhürünü, ştampını alır və onu müəyyən yollarla cəzalandırdıqdan sonra, sədr vəzifəsindən də çıxarır.

Bu gün sahibkardan dövlət rusumundan qat-qat artıq rüşvət tələb olunması da danılmaz faktdır. İcra başçısı ətrafına kölə olanları yığır ki, rayonda hegomonluğunu davam etdirə bilsin. Masallıda hər bir obyektin, istirahət mərkəzlərinin müəyyən olunmuş rüsumu var. Rafil Hüseynov tələb etdiyi məbləğı çatdırmayan hər kəsi, dərhal işindən uzaqlaşdırır. Belə bir səbəblər üzündəndir ki, Qarğalıq bələdiyyəsinin sədri də daşıdığı vəzifəsinə “əlvida” deməli olur.

Hal-hazırda icra başçısı Vidadi Quliyevə xəbərdarlıq edir, müxtəlif yollarla ona təzyiqlər göstərir, keçirilmiş hərracın nəticəsini dəyişmək üçün sahibkara müxtəlif yollarla zərər də yetirir.Belə bir addımlarını atmaqla RİH-nin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əleyhinə çıxır, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı qanunlara məhəl qoymur, onların Konstitusiya ilə qorunan hüquqlarını pozmaqda davam edir. Bu kimi addımların nəticəsi olaraq Vidadi Quliyev ölkə rəhbəri cənab İlham Əliyevə, məhz media vasitəsilə müraciət etmək məcburiyyətində qalır.

İnanırıq ki, cənab Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də yolunu azan, verilmiş tapşırıqlara məhəl qoymayan, qəbul olunmuş qanunları tapdaqlar altına atan hər bir vəzifə sahibləri ilə bağlı lazımi addımlarını atacaq. Bu da bir faktdır ki, Masallı RİH başçısı rayonda öz hegomonluğunu davam etdirir, əksər sakinlərə, xüsusilə də ona “boyun əyməyən” sahibkarlara qarşı daha sərt və ciddi addımlarını atır.

Masallı sakinlərinin iddialarına görə, icra başçısı rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkaralara divan tutur, təzyiqlər göstərir və bu zaman daşıdığı vəzifəsindən də sui-istifadə edir. Rayonun abadlığına ayrılan vəsaiti öz şəxsi bizneslərinə, müxtəlif ünvanlarda olan imarətlərinə, sanatoriyalarına xərcləyir, ölkə daxilində, xaricində milyonluq obyektlər inşa etdirir, xaric ölkələrdə istirahət edir, şəxsi karyerasını gücləndirir. Masallıda uşaqdan böyüyə hər kəs qorxu işində yaşayır. Çünki kim haqqını tələb edirsə, onu acınacaqlı həbs , şərlənmələr gözləyir.

Bu gün Vidadi Quliyevi icra başçısı Viləş çayının suyu ilə də imtahana çəkir. Yəni, Rafil Hüseynovun vermiş olduğu tapşırıq əsasında çaydan axan suyun qarşısı kəsilir və icra başçısına, müavin Nəsir Muxtarlıya və digər vəzifə sahiblərinə məxsus çəltik, tütün sahələrinin suvarılmasına yönəldilir. Belə olan halda Vidadi Quliyevə məxsus göldə qurumalar baş verir ki, bu da onun balıqçılıq təsərrüfatına vurulmuş ziyan olur. Son anda ən çox ziyan çəkən Xalıcallı kənd sakinləri olurlar. Çünki, sakinlər şəxsi təsərrüfatlarını və digər ehtiyaclarını ödəmək üçün Vidadi Quliyevə məxsus gölün suyundan istifadə edirdilərsə, göldə suyun quruması onların olmazın iztirabla üz-üzə qalmalarına da səbəb olur.

Araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. İcrahakimiyyətiViləş çayının
R.İmranqızı
RİA24.AZ
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.