Oğlu şikəst olan ananın fəryadı: - "Bizimlə maraqlanan yoxdur"
2-10-2017, 13:54

Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi, ev 64 ünvanıda yaşayan Dadaşova Rədilə Eynulla qızı tərəfindən
ANA FƏRYADI
27.04.2017-ci il tarixdə, saat təxminən 13:53-də Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-qəza hadisəsi bütün respublika mediasına səs saldı. Hadisə vaxtı DİN BDYPİ-nin Yol Patrul Xidməti maşınınını idarə edən YPX əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarov idarəetməni itirərək qarşı yola çıxmış və hərəkətdə olan 90-GR-539 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşmuşdur. Nəticədə 3 nəfər ölmüş, 2 nəfər sağ qalmışdır. Həmin qəzada möcüzə nəticəsində sağ qalanlardan biri mənim oğlum, 1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşovdur.
Hadisədən dərhal sonra oğlum xəstəxanaya çatdırılmışdır. Onun üzərində cərrahiyyə əməliyyatları keçirilmiş, həyati orqanları olan böyrəyi, dalağı çıxarılmışdır. Oğlum ciddi kəllə-beyin travması keçirdiyindən fiziki saglamlığını itirmiş, ömürlük şikəst olmuşdur.
Artıq 3 aydan çoxdur ki, faktla bağlı açılan cinayət işi DYPİ-nin Qəzənfər (əlaqə telefonu:055 426 47 16) adlı müstəntiqi tərəfindən aparılsa da, nəticə yoxdur. Hadisəni törədən şəxslər rahatlıqla azadlıqda gəzir, pullarının gücünə hərəkət edərək bizim ailənin dərdinə biganə yanaşırlar. Onsuz da mənim yeganə olan oğlumun həyatda qalması bir möcüzədir. Lakin onun gənc yaşında sağlamlığını itirərək şikəst qalması və buna da hadisəni törədən Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarovun biganə yanaşmaları bizi çox qəzəbləndirir. Çünki biz övladımın həyatda qalması üçün 11000 ABŞ dollarından çox pul vəsaiti sərf etmişik. Həmin pulu isə müxtəlif yerlərdən borc olaraq götürmüşük. Bizə övladımın müalicəsi üçün heç bir köməklik göstərilməyib, halbuki bu qəzanın səbəkarları birbaşa DYP əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarovdur. Onlar yolda düzgün hərəkət qaydası seçməyib, bu qədər insanın ölümünə və yaralanmasına səbəb olmuşlar. Biz hesab edirik ki, belə şəxslər öz əməllərinə görə cəzalanmalıdırlar. Çünki bizlər daxili sabitliyimizi polislərə etibar etmişik, onlar isə insanlara öz hərəkətləri ilə nümunə olmaq əvəzinə, yolda düzgün manevr etmir, hərəkət iştirakçılarına mane olur, qəza törədir, nəticədə neçə ailənin çırağı sönür, mənim kimi analar isə bala dağı çəkirlər.
Məsələ ilə əlaqədar bütün hüquq-mühafizə orqanlarına, dövlət məmurlarına rəsmi şəkildə müraciətlər etsək də, bu günə kimi ailəmizə heç bir təzminat ödənilmir, övladım aldığı xəsarətlərin ağrısı ilə gözümüz önündə əzablar çəkir. Bunun bir ana üçün nə dərəcədə dəhşətli bir fakt olması yəqin ki, hər kəsə aydındır.
Mən Sizdən yeganə övladı Yol Patrul Xidməti əməkdaşlarının günahı üzündən ağır xəsarət alan bir ana kimi xahiş edirəm, övladım Elçin Kazım oğlu Dadaşovun ciddi xəsarətlər almasında günhakar olan, lakin ailəmizin dərdinə tamamilə biganə və vecsiz yanaşan YPX əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarov barəsində KİV-də məlumatlar dərc edilməsinə və ailəmizə yaşatdıqları faciənin işıqlandırılmasına köməklik göstərəsiniz.
Əlaqə telefonu:055 989 32 05; 055 720 70 53
Hörmətlə,
Dadaşova Rədilə Eynulla qızı
02.10.2017

