Xalqımıza xüsusi sevinc bəxş edən qələbə

3-06-2025, 16:22           
Xalqımıza xüsusi sevinc bəxş edən qələbə
Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Növbəti belə uğur Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında əldə edilib. gərgin mübarizə şəraitində keçirilən bu turnirdə Azərbaycanın milli komandası çox böyük uğur əldə edib. Çempionatın gedişində bir sıra güclü komandaları məğlub edərək finala yüksələn komandamız final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə xalqımızın çox böyük sevincinə səbəb olub.
Qələbənin sabahı günü, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərək bu münasibətlə idmançıları, onların məşqçilərini və federasiya rəhbərlərini təbrik edib. Bildirib ki, “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Əminliklə bildirilib ki, bu qələbə ölkəmizdə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları - Avropa çempionu, dünya çempionu titullarını qazanıb.
Ölkə başçısı xüsusi olaraq bildirib ki, “Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz”.
İdmançılarımız uzun illərdir Azərbaycanı dünyada layiqincə təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandasının qazandığı uğur bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir. Bu uğurlar da idman mütəxəssisi olaraq məni çox sevindirir.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.