“Bağışlayın, görmədim” artıq keçməyəcək – Süni intellektli radarlar dövrü başladı

Bu gün, 00:03           
“Bağışlayın, görmədim” artıq keçməyəcək –
Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifadəyə verilib. Tribunainfo.az Milli.Az-a istinadən xəbər verir ki, “ASELSAN” tərəfindən hazırlanan bu yüksək texnologiyalı radarlar artıq yolların təhlükəsizliyinə nəzarətdə yeni dövrün başlanğıcı sayılır.

Yeni nəsil radar sistemləri insan müdaxiləsi olmadan, 6 zolaqlı yollarda eyni anda bütün nəqliyyat vasitələrini, o cümlədən motosikletləri dəqiq şəkildə izləyə bilir. Süni intellekt texnologiyası vasitəsilə radar avtomobili, onun növünü və dövlət nömrə nişanını analiz edir, marşrut üzrə sürət həddini avtomatik müəyyən edir.

Yeni radar sistemi:

Avtomobilin texniki vəziyyətini (sığorta, texniki baxış) yoxlayır;

Axtarışda olan nəqliyyat vasitələrini müəyyən edir;

Qanun pozuntusunu 3 fərqli rakursdan qeydə alır;

Avtomatik cərimə tətbiq edir.

Bütün bu proseslər tam avtomatlaşdırılmış şəkildə aparılır.

Radarların yerləşdiyi məkanlar və əhatə dairəsi barədə məlumatlar rəsmi tətbiq üzərindən ictimaiyyətə təqdim olunacaq. Beləliklə, vətəndaşlar real vaxtda radarların yerləşdiyi əraziləri görə biləcəklər.

Pilot layihə çərçivəsində yalnız bir magistralda quraşdırılan süni intellekt dəstəkli radar cəmi 4 gün ərzində 526 min TL (təxminən 22 727 AZN) məbləğində cərimə qeydə alıb. Bu, sistemin effektivliyini açıq şəkildə ortaya qoyur.

Yüksək dəqiqlik, avtomatlaşdırma və şəffaflıq prinsipləri ilə çalışan süni intellekt əsaslı radarların yaxın gələcəkdə Türkiyənin bir çox bölgəsində tətbiq olunacağı gözlənilir.

P.S.: Sürəti sevirsənsə, oyun konsolu al, bu radar zarafat etmir. Süni intellekt üçün “bağışlayın, görmədim” artıq keçmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.