Yol polisi zabitindən sürücüyə qarşı kobudluq – Səni dolamışam, sonra?

28-11-2017, 08:21           
Yol polisi zabitindən sürücüyə qarşı kobudluq – Səni dolamışam, sonra?
Məhkəmələr avtomobilin üzərindəki həbsi götürür – DYP götürmür
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova müraciət edib. Bildirib ki, noyabrın 9-da həyat yoldaşının adına qeydiyyatda olan 99 EB 182 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobili satmaq üçün alıcı ilə sövdələşmə aparıb. Sövələşmə və alqı-satqı şərtlərinə uyğun olaraq həmin avtomobilin üzərində cərimə borcunun olub-olmamasını yoxladarkən məlum olub ki, 2015-ci ildə ödənilməyən cərimə borclarına görə avtomobilin üzərinə həbs qoyulmasına dair qərar olub: “Bununla bağlı qeydiyyatda olduğum ərazi üzrə İsmayıllı Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə sürücülük hüququmun məhdudlaşdırılması tələbi ilə iddia qaldırılıb. Bu məlumatı aldıqdan sonra İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli iş № 3(037)-96/2016 üzrə, cərimə borclarının könüllü olaraq ödənildiyini əsas gətirərək inzibati işin icraatına xitam verilməsinə dair (əsas: İXM 529-cu maddə, qeyd hissəsinin 1-ci bəndi) qərarını BDYP-nin 406-cı otağında özünü Şəmistan Əliyev kimi təqdim edən polkovnik-leytenanta 17 noyabr tarixində təqdim etmişəm. Həmin şəxs məhkəmə qərarının rəsmən BDYP-yə təqdim olunub-olunmamasını aydınlaşdırmaq məqsədilə məni İdarənin ikinci mərtəbəsində yerləşən dəftərxanaya göndərdi. Həmin şöbədə özünü Turan xanım kimi təqdim edən polis serjantı qərara baxdıqdan sonra qərarın həqiqətən Baş İdarəyə daxil olduğunu, lakin naməlum səbəbdən sistemə vurulmadığını əsas gətirdi və bu işin Azər müəllimdə olduğunu, lakin həmin şəxsin işdə olmadığını bildirdi. Bundan sonra mən yenidən 406-cı otağa məni dəftərxanaya göndərən polkovnik-leytenantın yanına gəldim və qərarın hələ 2016-cı ildə BDYP-yə daxil olmasına dair dəftərxanada məlumat olduğunu bildirdim. Həmin şəxs məlumatı sistemə vurmağın mümkün olmayacağını, sadəcə gözləmək lazım gəldiyini mənə bildirdi. Bütün məlumatları yenidən həmin şəxsə çatdırdım və buna görə mənim alqı-satqı əməliyyatımın alınmadığını, sövdələşmənin pozula bilmə ehtimalını Ş.Əliyevə çatdırdım. O, isə bunun qarşılığında kobud şəkildə, polis əməkdaşına yaraşmayan formada, yüksək tonla "A kişi, istəyirsən quran gətirim əl basım ki, bu işi mən həll edə bilmərəm?" deyə bildirdi. Mən də cavabında "Bəs sizlik deyildisə, niyə məni ikinci mərtəbəyə, dəftərxanaya göndərirdiz? Məni dolamısız?" deyə sual verdim. O isə cavabında "Hə, dolamışam! Sonra?" deyə cavab verdi. Bundan sonra əlacsız qalıb İdarəni tərk etməyə məcbur oldum. Yalnız saat 14-dən sonra Azər müəllimin bu problemi aradan qaldıracağına ümid etdim. Saat 14-dən sonra Azər müəllimin iş nömrəsi kimi mənə təqdim olunan 0125908136 nömrəli iş telefonuna ardıcıl bir neçə dəfə zəng etsəm də həmin şəxs saat 15:33-də mənim zəngimə cavab verdi və Turan xanımla danışıb mənə cavab verəcəyini bildirdi. Bundan sonra da həmin şəxsə bir neçə dəfə zəng vursam da zənglərim cavabsız qaldı. 18 noyabr tarixində etibarnamə üzrə nümayəndəm də İdarədə oldu, yalnız saat 16:30-17:00 ərəfəsində problem subyektiv amillərlə həll olundu.
Cənab General,
Mən Sizin rəhbərliyinizlə Baş Dövlət Yol Polisi İdarəsində aparılan islahatlara, hüquqi tənzimləmələrə, Yol Patrul Xidməti əməkdaşlarının davranış və hərəkətlərində neqativ amillərə qarşı apardığınız mübarizəyə kölgə salmaq niyyətindən uzağam və bunları alqışlayıram. Sizə yazdığım bu məktub da əslində həmin neqativ amillərdən birinə diqqət çəkmək və probləmləri həll etmək məqsədi daşıyır. Məqsədim kiminsə cəzalandırılması, işdən uzaqlaşdırılması da deyil. Sadəcə, mən ictimai şəxs kimi, KİV, hüquq-mühafizə, məhkəmə və digər hökumət təşkilatları ilə işgüzar və şəxsi əlaqələrə malik olan, özünün və qarşısındakının hüquq və vəzifələrini bilən bir vətəndaş kimi bu probləmlə qarşılaşıramsa, mənə aydın olur ki, sadə, hüquqdan xəbərsiz olan vətəndaşlar nələr çəkir. Konkret bu hadisəylə bağlı verəcəyiniz istənilən qərara, atacağınız hər bir addıma hörmətlə yanaşacağımı ifadə etməklə yanaşı, Sizə və rəhbərlik etdiyiniz qurumun hər bir əməkdaşına uğurlar və can sağlığı arzulayıram!”.
Qeyd edək ki, bu, məhkəmə qərarlarının DYP-nin sisteminə gec düşməsi və ya, ümumiyyətlə düşməməsiylə bağlı Avtosfer.az-a daxil olan ilk müraciət deyil. Ümid edirik ki, bu problem tezliklə həllini tapacaq...














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.