Tanınmış hərbi jurnalist və hərbi ekspert saxatakarlığa etiraz edir

4-12-2017, 13:21           

teref.az tanınmış hərbi jurnalist və hərbi ekspert Üzeyir Cəfərovun etirazını oxuculara təqdim edir:
Əziz dostlar! Hörmətli həmkarlar!
Diqqətinizə çatdırmaq istədiyim fikirlər ola bilsin ki dostlar və tanışlar tərəfindən birmənalı qarşılanmasın. Amma, mənim üçün həyatda bir amal var. Nə olur olsun, Həqiqəti söyləmək və yazmaq. Ona görə də bu gün tanınmış jurnalist kimi təqdim ediən Tatyana Çaladzenin vəfat etməsi xəbəri ilə bağlı aşağıdakıları yazmağı özümə borc bildim. Çünki, hər deyilən və yazılan söz gələcək nəsillər üçün bir ibrət dərsi, nümunə kimi olmalıdır. Bunu ona görə ictimailəşdirirəm ki, heç olmazsa bu gün jurnalistika fəaliyyəti ilə məşğul olanlar özlərindən sonra onlar haqqında nə deyiləcəyi, yazılacağı günü əsla unutmasınlar. Və onu da gözəl anlayıram ki, qadın jurnalistin vəfatından sonra yazdığım qeydlər ola bilsin ki, kimlərin tərəfindənsə mənim özümə qarşı tamam başqa məqsədlər üçün istifadə edilsin. Amma, yazdıqlarımın məsuliyyətini də dərk edirəm və çox istərdim ki, hər kim olursa olsun, o tarixdə layiq olduğu şəkildə qalsın və xatırlansın.
Verilən xəbərlər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun jurnalistlərə açıqlamasında T. Çaladzenin ötən gecə vəfat etdiyi açıqlanır.
Onu qeyd edim ki, bu qadın dünyasını dəyişənə kimi çox ziddiyətli və ən qalmaqallı jurnalistlərdən biri sayılıb. Onunla saysız-hesabsız məhkəmə çəkişmələrində üz-üzə gələn bir şəxs kimi bunu tam əminliklə deyə bilərəm. Bu qadın o vaxtlar "çox bərkgedən" jurnalist kimi cəmiyyətdə qəbul edilən Eynulla Fətullayevə qarşı Xocalı qaçqınlarınin adından istifadə edərək Yasamal Rayon Məhkəməsində çox ciddi səs-küyə səbəb olan bir "şou-tamaşa" düzənləyən şəxs olub. Azərbaycan vəkillərinin arasında ən savadlı və ən vicdanlı hüquqşunaslardan biri saydığım mərhum İsaxan Aşurov və mənə qarşı məhkəmə binasında bir neçə dəfə qaçqın qadınların vasitəsiylə təxribat həyata keçirən əməlin sahibi olub. Bu qadın Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyinin səxavəti nəticəsində Xətai rayonu ərazisində zabitlərə verilməli olan daimi mənzillərdən birinə sahib olub. (Lazım olarsa, mənzilin geri alınması və ehtiyacı olan zabitlərdən birinə verilməsi işində ünvan və hüquqi prosedurların həyata keçirilməsində öz köməkliyimi göstərə bilərəm. Bildiyim qədər o mənzildə Çaladzedən başqa heç kim yaşamayıb). Daha sonra isə o çox müəmmalı şəkildə Prezident Adminstrasiyasının tabeliyində olan "Bakinskiy Raboçiy" qəzetində Baş redaktorun müavini (?!)vəzifəsində işlə təmin olunmuşdu.
İndi bu gün onunla bağlı verilən xəbərlər içərisində diqqətimi çəkən bir məqamı isə mən qətiyyətlə inkar edirəm və hesab edirəm ki, bu məlumatı ortalığa atanlar sadəcə faktlara deyil, kimlərinsə sözlərinə inanıb belə formada bu adamı təqdim etmək istəyirlər. Qeyd edilib ki, guya bu xanım Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gəlib və QƏLPƏ yarası alıb. Olmayıb elə şey. Yalandan bu barədə fikir formalaşdırmaq istəyənlərin məqsədləri mənə bəlli olsa da, hesab edirəm ki, Qarabağ savaşının əsl igid Azərbaycanlı oğul və qızlarının zəhmətinə, əziyyətinə kölgə salan bir uğursuz hərəkətdir.
Şəxsən mənim üçün dünyasını dəyişən T. Çaladze o vaxt da demişdim, indi də təkrar edirəm ki, Azərbaycan xalqının yumşaq damarını tutub öz məqsədlərinə nail olan müəmmalı və ziddiyətli bir qadın kimi qalacaqdır. Mənə deyə bilərlər ki, 2010-cu ildə T. Çaladzeyə Əməkdar jurnalist adı da verilmişdi. Hesab edirəm ki, əgər ölkə rəhbərliyinə vaxtında onun ətrafında olan bəzi şəxslər tərəfindən doğru-düzgün məlumat versəydilər, bu gün bu ada layiq olan bir şəxs haqqında ən azından sosial mediyada, onlayn mətbuatda geniş danışılardı.
Nə qədər qəribə görünsə də, mən bu tip adamlara adəti üzrə deyilən sözləri də yazmıram. Çünki, onlar sağlığında öz bəzi qaranlıq əməlləri və fəaliyyətləri ilə axirətləri üçün heç də yaxşı bir arzu və istək yeri saxlamağı belə fikirləşmirlər. Yazdıqlarımın çoxu bu gün də Haqq sözə və İşə deyil, "jurnalist" adından istifadə edərək öz şəxsi maraqlarına çatmaq, min cür oyunlardan çıxan minlərlə digər bu peşə sahiblərinə də aiddir.
Tanrı hər kəsə ürəyinə və əməlinə görə layiqli həyat yaşamağı bizlərə nəsib etsin!!
Üzeyir Cəfərov
teref.az
Tanınmış hərbi jurnalist və hərbi ekspert saxatakarlığa etiraz edir













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.