Şöbə müdiri həbs edilsə də, direktoru azadlıqda gəzən kollecdə nələr yaşanır?

25-08-2015, 15:13           
Şöbə müdiri həbs edilsə də, direktoru azadlıqda gəzən kollecdə nələr yaşanır?
Təhsil gələcəyimiz, gələcək nəsillərin savadlı, bilikli olması üçün zəruridir hər dəfə deyilsə də, çox təəssüflər olsun ki, gələcək nəsillərimizin savadlı və bilikli olmalarına inamımız yoxdur artıq. Səbəb isə, son illər təhsil sahəsində baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlardır. Sirr deyil ki, bir çox hallarda yerli təhsil qurumları daha çox passiv müşahidəçi rolunda çıxış edərək maliyyə və inzibati resurslarının yetərsizliyi səbəbindən qəbul olunmuş qərarların tam və vaxtlı-vaxtında icrasını çətinliklərlə həyata keçirir, məktəblərdəki vəziyyətə, kadrların yerləşdirilməsinə, tədris prosesinin düzgün təşkil olunmasına lazımi dəstək göstərə bilmirdilər.

Ümumiyyətlə, bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Məlum olduğu kimi məhz bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilimizin inkişafına böyük təkan verir. Digər tərəfdən isə kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapması xüsusilə diqqət yetirməli olduğumuz bir məqamdır. Bununla belə kolleclərin önəminin kiçiklənməsində, bu sahəyə diqqətin azalmasında maraqlı olan insanlara hətta bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında da rast gəlmək olur. Daimi oxucularımız daha yaxşı xatırlayar ki, ötən saylarımızda Bakı Kompüter Kollecinin şöbə müdirinin həbs olunması barədə xəbər vermişdik. Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdi. Kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmışdı. İstintaq-əməliyyat tədbirləri zamanı Ə.Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdü. Ə.Səfərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Bakı Kompüter Kolleci 1991-2001-ci illərdə fəaliyyət göstərən Bakı Kompüter Liseyinin bazası əsasında meydana gəlib. Kollecə dörd ixtisas üzrə Azərbaycan və rus bölmələrinə test üsulu ilə tələbə qəbulu aparılır.

Belə ki, kollecdə avtomatlaşdırılmış sistemləri və hesablama texnikasının proqram təminatı, avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının istismarı və servis xidməti, laboratoiya diaqnostikası və informatika ixtisasları üzrə təhsil almaq mümkündür. Əldə etdiyimiz məlumatlara görə, şöbə müdiri Ələddin Səfərovun həbsi kollecin bir sıra vəzifəli şəxslərini, daha çox da direktor İradə Səfərovanı təşvişə salıb. Xatırlayırsınızsa, Baş Prokurorluq kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə əsaslı şübhələrin olduğunu açıqlamışdı. Bu isə o deməkdir ki, təhsil ocağında bundan əvvəl də xoşagəlməz işlərə imza atılıb. Lakin bütün bunlarla yanaşı, şöbə müdiri həbs edilsə də, direktor haqqında heç bir tədbir görülmədi. Bu isə təbii ki, məsələnin müəmmalı tərəfidir. Çünki redaksiyamıza daxil olan məlumatlarda qeyd olunurdu ki: "Ələddin Səfərov heç vaxt özbaşına şəkildə tələbədən rüşvət tələb edə bilməzdi. Çünki kollecin direktoru var. Həmçinin təhsil ocağında yayılan məlumatlara görə, həbs olunan şöbə müdirini tələbədən rüşvət almağa məhz İradə Səfərova təhrik edirmiş".

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, şöbə müdiri neçə aydır həbs edilməsinə baxmayaraq, direktorun cəzasız qalması və bu məsuliyyətin onun üzərinə də düşdüyü üçün ən azından vəzifəsindən uzaqlaşdırılmaması qaranlıq məqamlardandır deyərdik.


Qarşı tərəfin də münasibət bildirmək hüququ var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.