Səfər Mehdiyev Aydın Əliyevin yerinə keçir - İLGİNC
26-08-2015, 19:15
Manatın devalvasiyasından sonra Azərbaycanın gömrük sisteminin gəlirlərində mühim bir dəyişiklik baş verib. Ölkəyə idxal edilən malların həcmində ciddi azalma müşahidə olunur. Statistik məlumatlara əsasən ölkəyə idxal edilən avtomobillərin sayında 2 dəfə azalma baş verib. Bundan başqa Azərbaycana idxal edilən tikinti materiallarının da həcmində ciddi azalma müşahidə edilməkdədir. Rəsmi informasiyalara əsasən bu ilin ilk yeddi ayı ərzində ölkəyə idxal edilən sementin həcmi 71 faiz azalıb. Rəsmilər bu azalmanı daxili istehsal potensialının güclənməsi kimi realizə etsələr də, əslində daxili bazarda tələbin təklifdən çox aşağı həddə enməsi ilə bağlıdır.
Artıq dövlət sifarişi ilə iri tikinti layihələrinin həyata keçirilməməsi səbəbindən tikinti materialları ilə bağlı idxalın da həcmində kəskin azalmalar müşahidə olunur. Eyni zamanda məişət avadanlıqları texnikasının, yüngül sənaye məhsullarının da həcmində kəskin azalma var. Dövlət Gömrük Komitəsindəki mənbəmiz GUNDEMİNFO.AZ-a bildirir ki, yalnız İrandan Azərbaycana idxal edilən tikinti materiallarının həcmində azalma müşahidə olunmur. Astara Gömrük Məntəqəsindəki mənbə bildirir ki, kafel, metlak və digər örtük və daş üzlükləri ilə bağlı idxal azalmayıb.
Bütün bu böhranlı vəziyyət isə günü-gündən dərinləşməkdədir. Dövlət dəmiryolları ilə yükdaşımaların da həcmində azalma var. Rusiyadan gətirilən tikinti materialları ilə bağlı da mühim dəyişikliklər müşahidə olunmaqdadır.
Məhz bu böhran nəticə etibarilə birbaşa Dövlət Gömrük Komitəsinin sədri ilə bağlı olmasa da, vəziyyətdən çıxış yolu tapa bilməməsi səbəbindən Aydın Əliyev üçün çətin bir dövr başlayıb.
Artıq Aydın Əliyevin hədəfə çıxması üçün DGK-dakı Nehrəm qruplaşması fəaliyyətə başlğayıb. Xüsusilə də Aydın Əliyevin Naxçıvanın məşhur Nehrəm kəndindən olan iki müavini birləşərək sədr postuna yiyələnmək istəyir. 1973-cü ildə Nehrəm kəndində anadan olmuş Səfər Mehdiyev artıq yuxarıları inandırmağa çalışır ki, gömrükdəki yığımları dinamikləşdirmək və stimullaşdırmaq olar. Bunun üçün Səfər Mehdiyev sədr kimi səlahiyyətlərinin olmasını arzu edib. Qeyd edək ki, S.Mehdiyev Türkiyənin EGE Universitetini bitirib. Türkiyə ilə biznes əlaqələrinin yaxşı olması səbəbindən birinci müavinin əlindəki arqumentləri də fərqlidir. 2006-cı ilin fevral ayından DGK-nin sədrinin birinci müavini kimi fəaliyyətə başlayıb. Ən yüksək səviyyədə böyük etimada sahib olan Mehdiyevin iş stajında Babək rayonunun Nehrəm kəndində kolxozda işləmək və birbaşa olaraq komitə sədrinin birinci müavini postuna qədər yüksəlmək imkanları olub.
Aydın Əliyevin yerinə keçmək üçün Səfər Mehdiyevə yardım edən digər bir müavin də Əsgər Abdullayevdir. Ə.Abdullayev də Naxçıvanın Nehrəm kəndindəndir. S.Mehdiyevdən 10 yaş böyük olmasına baxmayaraq Əsgər Abdullayev bütün imkanları ilə Aydın Əliyevin devrilməsi prossesinə dəstək verir. Məlumatlara əsasən artıq gömrük üzrə yığımlara nəzarət imkanları da Aydın Əliyevin əlindən çıxıb. İndi yığımları da həyata keçirən Səfər Mehdiyev olduğundan, komitə sədrinin formal olaraq bu işə başçılıq etdiyini sübut etməyə çalışır.
Bu mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.