"Təzə Bazar" ərazisində qanunsuz tikintilər aparılır
2-09-2015, 15:00
Acı təəssüf hissilə qeyd etməliyik ki, bir sıra sahibkarlar ölkəmizdə onların biznes fəaliyyətləri üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə etməyə çalışırlar. Belə şəxslərdən biri də barəsində dəfələrlə söhbət açdığımız Məmmədağa İbrahimovdur. Belə ki, bu şəxs ölkə rəhbərliyinin sahibkarlara, iş adamlarına yaratdığı əlverişli imkanlardan maksimum yararlanmağa, subyektiv maraqlarını təmin etməyə can atır. Təbii, öz biznesini genişləndirmək, imkanlarını daha da artırmaq hər bir sahibkarın təbii haqqıdır. Lakin bütün bunlar qanun çərçivəsində həyata keçirilməlidir.
Halbuki Məmmədağa İbrahimovun direktoru olduğu "Təzə Bazar" Məhdud Məsuliyyətli Cəmiyyətdə bir sıra qanunsuzluqlar mövcuddur. Bunlardan biri həmin ticarət obyektində çalışanların vergidən yayınma halları ilə bağlı şübhələrin olmasıdır. Bununla bağlı əldə etdiyimiz məlumatlarda vurğulanır ki, "Təzə Bazar" Məhdud Məsuliyyətli Cəmiyyətdə vergidən yayınma halları ilə bağlı kifayət qədər əsaslar var. Məsələn, ticarət obyektində həyata keçirilən alqı-satqı prosesindəki bütün əməliyyatlar kassa aparatlarına vurulmur. Bir sıra satıcılar satdıqları malları kassa aparatlarına vurmurlar. Bu isə Məmmədağa İbrahimovun rəhbərlik etdiyi "Təzə Bazar" Məhdud Məsuliyyətli Cəmiyyətdə külli miqdarda vergidən yayınma halları ilə bağlı şübhələri ortaya qoyur. Bütün bunlar bir yana, burada bir çox yoluxucu xəstəliklərin yayılmasına rəvac verən antisanitariya, natəmizlik hökm sürür. Belə xoşagəlməz hallar da Məmmədağa İbrahimovun işçilərinin günahı üzündən yaşanır. Lakin alış-veriş sahibkara xeyir gətirdiyindən Məmmədağa İbrahimov bazardakı antisanitariyaya, natəmizliyə göz yumur. Görünür, o, bu məsələdə öz maraqlarını güdür. Təəccüblüdür ki, aidiyyəti dövlət strukturları "Təzə Bazar" Məhdud Məsuliyyətli Cəmiyyətdə baş verənləri yoxlamırlar. Elə bu səbəbdəndir ki, həmin MMC-də indiyə qədər bir dəfə də olsa, ciddi yoxlamalar aparılmayıb və yol verilmiş qayda pozuntusuna görə "Təzə Bazar" MMC rəhbərliyinə qarşı cərimələr tətbiq edilməyib.
MMC-nin rəhbəri Məmmədağa İbrahimovun qanunsuz əməlləri nəticəsində çoxsaylı insan əziyyət çəkir. "Təzə Bazar" MMC-nin rəhbərinin yol verdiyi nöqsanlar insanları intihara cəhd etməyə sövq edir. Bu şəxs bazarı öz qayda-qanunları əsasında idarə edir. Satıcılara heç bir şərait yaratmayan İbrahimov onlardan hər şeyi ən yüksək səviyyədə tələb edir. Elə bu günlərdə bir nəfər bazardakı dözülməz duruma, Məmmədağa İbrahimovun yaratdığı qanunsuzluqlara dözməyərək intihar edib. Özünə od vuraraq yandıran şəxsin həyatını xilas etmək mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə, Məmmədağa İbrahimov yer pullarını qanunsuz və əsassız olaraq qaldırdığından və digər xoşagəlməz tələblər irəli sürdüyündən sahibkarlar bundan ciddi narahatlıq keçirir. Bu dözülməz durumun kuliminasiya nöqtəsi isə vətəndaşın özünə od vuraraq yandırması ilə nəticələnib. Maraqlıdır ki, bazardakı dözülməz durumla bağlı dəfələrlə əlaqədar orqanlara - Nəsimi Rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsələr də, bu vaxta kimi hansısa ci ddi yoxlama aparılmayıb. Amma istər rayon icra hakimiyyəti, istərsə də Fövqəladə Hallar Nazirliyi adıçəkilən bazarla bağlı araşdırma aparmalıdır. Çünki Məmmədağa İbrahimov cəzasızlıqdan sui-istifadə edərək heç bir təhlükəsizlik normalarına riayət etmədən bazar ərazisində qanunsuz tikintilər aparır.