Kamaləddin Heydərova yaxın deputatın general qardaşı niyə çıxarıldı?
30-05-2018, 10:31

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Rəisi, Gömrük Xidməti General-Mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub
Deputat Hacı Salayevin qardaşı olan B.Salayev keçmiş komitə sədri Aydın Əliyevə yaxın kadr kimi tanınırdı.
Millət vəkili olan qardaşı H.Salayev isə fövqəladə hallar naziri Kamaləddin Heydərova kifayət qədər yaxınlığı ilə seçilir. Amma DGK-nin yeni sədri Səfər Mehdiyev onu işdən çıxarıb.
Onun yerinə isə Gömrük Xidməti Polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib. Dövlət Gömrük Komitəsindən xəbəri unikal.org-a təsdiqləyiblər.
K.Heydərova yaxın deputatın general qardaşının vəzifədən azad olunması FHN rəhbərinin razılığı olmadan gerçəkləşə bilməzdi. Görünür ki, onunla işləmək istəməyib.
Digər məlumat ondan ibarətdir ki Baba Salayev ölkədə baş "monopolist” kimi tanınan Əbülfəz Məlikova da daha yaxın kadrdır.
Gömrükdə aparılan islahatlar dalğası Ə.Məlikova da çatacaq. Buna qədər onu himayə edən generallar zəiflədilir.
Dayaqlarını itirdikdən sonra gömrükdəki mövqeyi tam sıradan çıxarıla bilər. Ümumiyyətlə, gömrükdə ciddi proseslər gedir.
Yada salaq ki, bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə-DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub.
Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev ,Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.
FİA.Az xəbər verir ki, B.Salayevin qardaşı H.Salayev də adı müxtəlif qalmaqallarda hallanmış deputatdır.
MTN-nin demontajından sonra E.Mahmudova yaxın şəbəkənin kod adları de-şifrə olunmağa başladı. Təhlükəsizlik şefinin qrupundan mandat sahibi olanlar var.
Onların adları gizlədilmədi: Çingiz Əsədullayev, İqbal Ağazadə, Rüfət Quliyev, Malik Həsənov və Hacı Salayevin adı çəkilirdi.
Yalnız ilk ikisi parlamentdən məhrum edildi. Media yazırdı ki, İ.Ağazadə Milli Məclisə buraxılmadı, Ç.Əsədullayevin isə mandatına xitam verildi.
Digərləri isə təhlükə sovuşduqdan sonra dərindən nəfəs alıb işlərini davam etdilər. O zaman H.Salayevin mandatı ləğv olunma riski altındaydı.
Amma biznesmen millət vəkili MTN olaylarında hər hansı məsuliyyəti və günahı olmadığını sübut edə bildi, fövqəladə hallar naziri Kamaləddin Heydərovun qanadı altında etimadı doğruldaraq hakimiyyətin qəzəbinə tuş gəlməkdən sığortalandı.
Həqiqətən də ehtiyatda olan MTN zabiti E.Mahmudova yaxın olduğu deyilsə də, generalitetin qanunsuz işlərində iştirakı olmamışdı. Amma növbəti seçkidə parlamentə buraxılacağı gözlənilmir. Səbəbi məlumdur…
Ona görə də E.Mahmudov siyahısından parlamentə düşmüş H.Salayevin qüdrəti, özünə arxayınlığı onun seçiciləri ilə arasında körpüləri çoxdan yandırıb.
Xatırladaq ki, H.Salayevin iki oğlu var. Deputatın “Lake Palace” otelini oğlu Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. “Xəzər” çörək zavodu da Ayazın nəzarətindədir.
H.Salayevin oğlu Kənan “AST” Telmanın qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohumluq deputatı daha da varlandırıb.
K.Salayev “AzerGold” QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiridir. Qardaşı Turqut Salayevin adı isə tez-tez 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınlarla şəhərdə şütüməsində keçir.
Adı çəkilən tərəfləri dərc etməyə hazırıq.
Fia.Az
teref.az oaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!