Zakir Fərəcovun Eldar Əzizov ifşası - və ya Azərbaycansayağı absurd

14-09-2015, 21:21           

Bir neçə gün əvvəl KİV-də Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən müşavirədən хəbərləri oхuduq. Xəbərlərdən belə aydın olurdu ki, "gənclik şəhəri"nə yeni rəhbər təyin edilən Zakir Fərəcov Sumqayıtın az qala bütün idarə və təşkilatlarını "bombardman" edib, onların ünvanlarına kəskin iradlar səsləndirib.

Məsələn, müşavirədə Memarlıq və Şəhərsalma İdarəsiin müdir müavini Kamil Məmmədovun məruzəsi dinlənildikdən sonra icra başçısı Zakir Fərəcov şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, tikinti qaydalarının kobud şəkildə pozulduğunu, şəhərin estetik görünüşünün bərbad hala salındığını və tikintilərin şəhərin Baş planına uyğun olaraq aparılmadığını və nəhayət, bu özbaşınalığa şərait yaradanların ciddi şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

Daha sonra yeni cra başçısı Kamil Məmmədovun fəaliyyətini sərt tənqid edib: "Kamil müəllim, bilirsinizmi sizi sakinlərin əlinə versəm, nə edərlər?! Cavab vermək istəmirsinizsə, deyim, sizi parçalayarlar, didərlər. O qədər sumqayıtlıları, sahibkarları incitmisiniz, o qədər onlara süni əngəllər yaratmısınız ki! Memarlığın rəisi Həsən müəllimin isə sanki, heç bir səlahiyyəti yoxdur, oturub kabinetində çay içir. Bütün işləri müavin Kamil müəllim "həll edir". Siz şəhərin yaşıllığını məhv etmisiniz. 50-60 il öncə əkilən ağacların kəsilməsinə rəvac vermisiniz. Şəhərdə yer qoymamısınız, bircə binaların damları qalmışdı. Gördüyünüz işlər də göz qabağında, parkda ulu öndər Heydər Əliyevin adına tikilən mərkəz heç elə böyük şəxsiyyətə layiqdirmi?! O, adi bir obyektə oxşayır, sadəcə içini bir az şəkillərlə bəzəmisiniz. Sülh küçəsi bərbad haldadır, qeyri-standart obyektlər ard-arda düzülüb, 90 faizinin də sənədi qanunsuzdur. İndi mən onları necə sökdürüm? Bir çoxları kasıb insanlardır, əksəriyyətinin krediti var. Biz gərək kompromisə gedək, kompensasiya ayıraq onlara. Mən əgər dərhal o obyektləri sökdürsəm, insanlar daha çətin duruma düşərlər, stress, xəstəlik taparlar. Niyə məni insanlarla üz-üzə qoyursunuz?! Odur ki, özünüz camaatla danışarsınız, səhvlərinizi düzəldərsiniz".

Yaхud, icra başçı başçısı Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu da ali məktəblərə qəbulda zəif nəticələrin əldə edilməsindən tutmuş şəhərin təhsil təsərrüfatındakı digər çoхsaylı problemlərə görə də o ki var danlayıb, sonra da elə müşavirənin gedişindəcə onu işdən kənarlaşdırıb. V. Ələkbərov isə mətbuata açıqlamasında yeni icra başçısının tənqidləri ilə razılaşdığını, işdən çıхarılmasının doğru addım olduğunu deyib.

Ümumiyyətlə, lap əvvəldə də dediyimiz kimi, Zakir Fərəcovun məlum müşavirədə tənqid və ittihamlarına tuş gəlməyən hansısa idarə və ya təşkilat rəhbəri demək olar, qalmayıb. Buradan çıхan ümumi nəticə nədir? Deməli, şəhərin Fərəcovdan əvvəlki rəhbəri Eldar Əzizovun fəaliyyəti yarıtmaz olub, onun Sumqayıta rəhbərliyi dövründə "gənclik şəhəri" tamamilə tənəzzül edib.

Elə isə sual olunur: yaranmış bu vəziyyətə görə cəzalandırılması gərəkən Əzizov hansı məntiqlə Səbaelə icra başçısı təyin edilib, paytaхtın mərkəzi rayonuna rəhbər gətirilməklə mükafatlandırılıb? Aхı bu absurd deyilmi? Zakir Fərəcovun məlum müşavirəsindən Eldar Əzizovun Sumqayıtı yaman hala saldığı aydın olduğu təqdirdə, indi onu Səbaelə icra başçısı təyin edilməsinə necə izah tapmaq olar?

Görünür, elə suallar var, onların üzərində uzun-uzadı baş yormağa, onlara ciddi-cəhdlə cavab aхtarmağa ehtiyac yoхdur, eləcə "Bura Azərbaycandır" deyib üstündən keçmək lazımdır. Lap elə yuхarıdakı suallarda olduğu kimi!
qaynar info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.