Mən öləndə ağlamasınlar, özüm üçün çox ağlamışam... - "Dördüncü divar" layihəsinin qonağı Gülşad Baxşıyevadır

25-12-2018, 17:13           
Mən öləndə ağlamasınlar, özüm üçün çox ağlamışam... - "Dördüncü divar" layihəsinin qonağı Gülşad Baxşıyevadır
"Dördüncü divar" layihəsinin qonağı ömrünün 43 ilini səhnəyə, kinomuzun inkişafına və pedaqoji fəaliyyətə həsr etmiş maraqlı qadın, səmimi insan professor, əməkdar artist və ən əsası, unudulmaz müəllim Gülşad Baxşıyevadır.

- Gülşad xanım, təklif olunan həyat şəraitindəki rolunuzdan razısınızmı?

- Allah-taala tərəfindən bizə təklif olunmuş şəraitdən, vəziyyətdən çıxmağı, oynamağı bacarmaq lazımdır. Hamımız oynayırıq. Amma birimiz səmimi, digərimiz isə qeyri səmimi oynayırıq. Həyat teatr, səhnə isə həyatdır. Sadəcə olaraq, bəzi insanlar, həmçinin də aktyorlar səhnə ilə həyatı səhv salırlar. Bəzi aktyorlar elə bilirlər ki, səhnədə oynayırlarsa, həyatda da oynamalıdırlar. Əgər söhbət aktyordan gedirsə, o, ancaq səhnədə oynamalıdır. Mən türk seriallarına baxıram, ordakı aktyorların şou proqramlarda, reportajlarda kameraya, jurnalistə olan münasibətləri çox yüksək səviyyədədir. Onlar nə düşünürlər, onu da danışırlar. Onlarda kamera qarşısında oyun yoxdur. Oynasalar cəmiyyət özü onlara basqı edəcək.

- Nəql etdiyiniz əhvalatı, situasiyanı dərindən yaşayaraq ifadə edirsiniz. Ümumiyyətlə, aktyor üçün istər səhnədə, istərsə də həyatda yaşantı nə dərəcədə vacibdir?

- Aktyoru ayrıca izolə edib ona ada kimi baxmaq lazım deyil. Hamıya şamil etmədən deyim ki, aktyorlar, təbii ki, həddindən artıq həssas olurlar. Adi bir əhvalatı çox emosional qəbul edirlər və bu da normaldır. Çünki həssas, emosional olmasa aktyorun ifa etdiyi obrazlar da soyuq olacaq. Onlar həssas olmalıdırlar ki, səhnədə olarkən güclü təsir qüvvəsinə malik ola bilsinlər. Ağlamaq lazımdırsa, ağlamalısan, gülmək lazımdırsa, insan gərək gülsün. İnsan hisslərini boğa-boğa tədricən müqəvvaya çevrilir. Kimsə rəhmətə gedirsə, aktyor ağlamasın ki, kənardan ona baxırlar? Əksinə, aktyor bu hissləri daha dərindən yaşayır, həqiqətən hiss edir.

- Bəzən hisslərin çox açıq təqdim olunması iradəsizliyin əlaməti kimi yozulur. Siz deyən kimi hisslərin boğulması iradənin formalaşmasına nə qədər xidmət edir?

- Hisslərin boğulmasının iradəyə qəti şəkildə adiyyatı yoxdur. İradə, əzm başqa şeydir və daha böyük mənaları özündə ehtiva edir. Sadə dillə desək, iradəli olmaq belədir ki, insan yıxılır və ona elə gəlir ki, artıq həyatının sonudur. Amma buna baxmayaraq əlini yerə qoyub qalxa bilmək, irəliləmək iradə bacarığıdır. Bunlar insan həyatında dəfələrlərlə baş verə bilər. Əgər insan ayağa qalxıb müvəfəqiyyətə doğru gedə bilirsə, deməli, iradəlidir. Bu fikir, əslində, Çörçilə aid aforizmdir, amma mən də müəyyən mənada özümünküləşdirərək ifadə etməyə çalışıram.

- Aforizmlər, sitatlar da, sanki insan həyatında müəyyən yaş dövründən sonra daha əhəmiyyətli olur...

- Söhbət məndən gedirsə, mən həmişə fikir vermişəm. Bilirsiniz, cəmiyyət insana çox təsir edir, onu formalaşdırır. Əksəriyyət də axına düşüb gedir. Bir atalar sözündə deyildiyi kimi, palaza bürünüb, ellə sürünürlər. Mən isə bürünə bilərəm, bu cəmiyyətdən, bu şəhərdən kənar yerdə yaşaya bilmərəm. Amma sürünmək istəmirəm.

- Sürünməmək yəqin, xeyli zərər verir...

- Mütləq verir. Təsəvvür edin ki, böyük bir sel gəlir, mən də hamı kimi o selin içindəyəm, amma selə qoşulub getmək istəmirəm. Həyatım boyu istəməmişəm, yəqin bundan sonra da çətin dəyişəm. Əslində, buna dəyişmək də demək olmaz. Çünki hamı proqramlaşaraq bu dünyaya gəlib. Hərdən öz-özümlə monoloqlarım, xırda monotamaşalarım olur. Özümü tənbeh edib deyirəm ki, daha bəsdir, həqiqəti hər kəsə demə, o, acıdır. Amma üstündən iki, üç gün keçəndə hansısa əhvalatda yenə həmin şeylər təkrarlanır və mən həqiqətin tərəfində dayanıram. Bu, artıq proqramlaşıb. Ona görə də hər kəs öz həyatını yaşayır. Vay o adamın halına ki, kiminsə həyatını, hətta aktrisalığı belə oynayır.

- Mehdi Məmmədovun tələbəsi olmusunuz. Onun kursundan məzun olduqdan sonra isə təyinatla Şəki Dram Teatrına gedərək bu teatrın yaradıcılarından birinə çevrilmisiniz. Amma sonrakı illərdə istər Mehdi Məmmədovun tələbəsi kimi, istərsə də Gülşad Baxşıyeva kimi sizin səsiniz teatrdan gəlmədi...

- Biz dediyiniz kimi, universiteti bitirəndən sonra rektor tərəfindən iyirmi beş nəfər tələbə Şəkiyə göndərildik. Onların içərisindən səkkiz nəfər Şəkidə qaldıq. Çünki bir ilin içərisində əsgər gedən, bir-iki ay işləyib kinoya istiqamətlənənlər oldu. Baxmayaraq ki, belələri sonra özlərini Şəki teatrının yaradıcılarından hesab edirlər. Amma bu, təbii ki, absurddu. Bizim kimi Şəki teatrında külüng vuranlar çox az olub. Həmin ilkin illərdə biz "Kral Lir" tamaşasını hazırlamışdıq. Bakıdan bu tamaşaya baxmağa gələn müəllimlər arasında Mehdi Məmmədov da vardı. Tamaşadan sonra mən onunla rastlaşdım. O da çox danışan adam deyildi. Bəzən yarım saatlıq söhbət əsnasında bircə cümlə işlədirdi. Amma məndən soruşdu ki, - övladdan nəyin var? Dedim ki, oğlum. Dedi ki, yenə də oğlan!

Daha sonra isə Bakıya gedib getməməyimiz haqqına soruşdu. Bizim Şəkidə qalmaq istəyimizi biləndə, Mehdi müəllim də bu fikri dəstəklədi. Yəni nəyi demək istəyirəm. O görürdü ki, bizim üçün orda şərait yaxşıdır, aktyor kimi yetişmək imkanlarımız var, öz fundamentimizi o teatrda qoya bilirik. Belə olan halda o məni və ya digər tələbələrini başqa teatrlara çəkib aparmağı lazım bilməzdi. Sonralar da Mehdi müəllim bizim yaxşı sədalarımızı eşidəndə sevinirdi. Şəki teatrının uğurları çox olub. Buna da əsas səbəb teatrın repertuar seçimi və baş rejissorun güclü olması idi. Çünki rejissor teatrın atası hesab olunur.

- Amma Bakıya gələndən sonra da siz teatra yox, pedaqoji sahəyə yönəldiniz. Bu hal tamaşaçıda müəyyən təəssüf hissi yaradır...

- Bu barədə təəssüflənən insanlar çox olub. Rəhmətlik Əlabbas Qədirov, Yaşar Nuri, Telman Adıgözəlov və hal-hazırda yaşayan aktyorlarımızın da bu barədə təəssüflənmələrini hiss etmişəm, iradlarını eşitmişəm. Tez-tez mənə deyirdilər ki, sən teatr aktrisası olsaydın çox söz deyə bilərdi, indi artıq xalq artisti idin və s.

Sadəcə olaraq, o vaxt biz Şəkidən gələndə həyat yoldaşım Hüseynağa Atakişiyev uşaqlarımızın balaca olmasını əsas götürərək mənim işləməyimi istəmədi. Mən, təbii ki, buna etiraz etdim. Çünki aktrisa olmaq üçün mən hələ cavanlığımdan bir çox şeylərdən imtina etmişdim. Hamilə ola-ola səhnəyə çıxmışdım, bir qucağımda uşaq yollarda qala-qala rollarımı ifa etmişdim. Amma uşaqlarım məktəb yaşına çatanda səhnədən uzaqlaşmaq mənə ağır gəlirdi. Ancaq sizə deyim ki, Hüseynağanın da sözündə həqiqət vardı. Çünki uşaqlar dərsə gedirdilər, mən də universitetdə işləyirdim. Bir gün ərzində dörd dəfə uzaq məsafədə olan məktəbə gedib gəlirdim. Yəni yollar məni həqiqətən də çox pis vəziyyətə salmışdı. Bütün bunlara baxmayaraq, mən ondan Gənclər Teatrında rol tələb edəndə, o da bundan imtina edəndə başqa teatrlara üz tutmaq istəyirdim. Belə olanda isə məni təzədən öz teatrına dəvət edirdi. Amma mən bilirdim ki, bunlar rejissor fəndləri idi ki, mən çox da etiraz etməyim, səs salmayım. Səhnəyə çıxırdım, xoşbəxt olurdum. Lakin sonradan mənim səhnə fəaliyyətimlə bağlı növbəti fasilələr yaranırdı. İfa etmək istədiyim rolların davamı, ardı gəlmirdi. Növbəti dəfə ondan rol istəyəndə cavabı belə olurdu: ifa etdin də. On il səhnədə olmusan bəsindir. Bunları isə mən nə onda, nə də indi qəbul edə bilmərəm. Bəzən mənə deyirlər ki, nahaq etiraz edirdin, başını aşağı salıb səssiz qala bilərdin. Axı niyə?! Axı onda o özü də on il idi ki, rejissorluq edirdi. Onun məntiqi ilə götürəndə on il onun üçün də bəs etməli idi. Bu cür sənət konfliktlərimiz çox olurdu. Nə zaman ki, mən başqa teatra getmək istəyirdim, o məni yenidən öz teatrına cəlb edirdi.

- Gülşad xanım, başqa teatra getmək məsələsində həyat yoldaşı kimi qısqanclıq faktoru, yəqin ki, olurdu...

- Təbii ki, olurdu. Həm sənət baxımından, həm də ailə baxımından kişi kimi qısqanclıq vardı. Yəni bu kimi konfliktlər yarananda, baryer əmələ gələndə mən teatra dəvət olunurdum, rol alırdım. O da rejissor idi. İnsan psixologiyasını, daha doğrusu, mənim psixologiyamı, xasiyyətimi yaxşı bilirdi. O, istedadı olmayan kimisə gətirib səhnəyə çıxarırdı, məni isə mətbəxdə görmək istəyirdi. Bütün hallarda o məni artıq səhnədə görmək istəmirdi. Sonralar Akademik Milli Dram Teatrına üz tutdum. Üç il orda işlədim bir dəfə də rol verdilər. O da "Fərhad və Şirin" tamaşasında Məryəm obrazı idi. Xeyli məşqlər də etmişdim, tərəf-müqabilim Mikayıl Mirzə idi. Mənim ifam onun xeyli xoşuna gəlmişdi. Sonra baxdım ki, mənim üçün səhnə libası tikilməyib. Sən demə, mənimlə eyni tamaşada iştirak edən aktrisanın məndən xoşu gəlməyib və o kimlərəsə tapşırıb ki, mən həmin tamaşada iştirak etməyim. Bilirsiniz, bəzən aktrisanın taleyini kimlərsə həll edir. Bu cür münasibətə görə ordan çıxıb Gənc Tamaşaçılar Teatrına üz tutdum. Orda da bir neçə tamaşada yaxşı rollar ifa etdim. Elçin müəllimin "Ölüm hökmü" əsərində Arzu rolunu ifa edəndən sonra Elçin müəllim özü mənə demişdi ki, mən inanmazdım, siz mənim yaratdığım obrazı belə gözəl təqdim edə bilərsiniz. Amma orda da qala bilmədim. Bir gün teatrın direktoru dedi ki, biz artıq səninlə müqavilə bağlaya bilmərik. Həmin dövrlər həyat yoldaşım çıxıb getmişdi, pula da ehtiyacım vardı. Uşaqlarım böyüyürdü, tələbat artırdı. Müəllimliklə yanaşı, ikinci işə - teatra da ehtiyacım vardı, həm də aktrisa kimi, içimdəki azartı öldürmək lazım idi. Amma təəssüf ki, o teatrda da bəzi insanların köməyi ilə mənə münasibət əyildi və məni ixtisara saldılar. Bundan sonra meylimi pedaqoji fəaliyyətə saldım. Və öz özümə dedim ki, Gülşad, daha bəsdir!

- Hüseynağa müəllimin sizi öz teatrından uzaq saxlamasının səbəbi nə idi?

- Mənim teatrdan uzaq qalmağımı istəməsi. Qısqanclıq faktoru. Onun teatrından uzaq olmaq və orda nə baş verdiyindən xəbərsiz qalmaq və s. Bütün bu baş verənlər isə insanı içindən yavaş-yavaş oyurdu. Münasibətlərdə çatlar əmələ gətirirdi. Çünki mənim fikrimcə, aktrisaya səhnəyə çıxma, rol ifa etmə deməklə ona nəfəs almağı qadağan etmək eyni şeydir. Ümumiyyətlə, aktrisa olmaq çətin məsələdir. İndiki dövrdə isə daha da çətindir. Bizim vaxtımızda Həsənağa Salayev, Əli Zeynalov, Barat Şəkinskaya, Hökumə Qurbanova, Məhluqə Sadıqova, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Nəsibə Zeynalova kimi aktyorlara qeyri-adi insanlar kimi baxırdıq, fantastik yanaşırdıq. Düşünürdük ki, görəsən, onlar yeriyə bilirlər. Onlar elə doğrudan da, qeyri-adi idilər. Amma bizdə də onlara qarşı sevgi var idi. İndi o sevginin forması dəyişib, adiləşib. Mən tələbələrimə də deyirəm ki, sənətin məsuliyyətini, qeyri-adiliyini dərk edin. Səhnədə başqa-başqa insanların həyatını, yaşantılarını yaşamaq, onun kimi ağlamaq, onun kimi gülmək asan deyil. İnsanın beyni pozula bilər. Sizi inandırım ki, mən "Yalan" filmindəki Nisə obrazını oynayanda ürək ağrısı tapdım. Qorxumdan gündə beş, altı ürək dərmanı içirdim. Fasilə vaxtı digər aktyorlar şənlənməyə gedirdi, mən təkliyə çəkilirdim. Obrazımla tək qalmaq istəyirdim. Yəni aktyor sənəti belə çətin sənətdir.

- Sizcə, bu gün nə baş verir ki, biz teatrlarda boy-buxunlu, gözəl simalı, fakturalı aktyorları, aktrisaları artıq görə bilmirik?

- Bilirsiniz, keçmişdə belə idi ki, aktyorun xaricinə, zahiri görünüşünə mütləq nəzər yetirirdilər. Yəni söhbət çirkinlikdən yox, həm də cazibədən gedirdi. O vaxtlar mənim yadıma gəlir ki, Mədəni maarifə çox gözəl, yaraşıqlı gənclər gəlirdi, aktyorluğa isə yox. İndi bir yığın peşəkar təhsil görməyənlər, lap görsələr belə, səhnə üçün yaramayanlar üzdədirlər. İndi qabiliyyət imtahanlarının istiqamətinin müəyyənləşməsi barədə söhbətlər müzakirə olunur. Amma burda bir vacib faktor da var ki, yaraşıqlı gənclər artıq aktyorluq sahəsinə gəlmirlər. Bayaq dediyim kimi, sənətə münasibət dəyişib. Əvvəllər rayonda, şəhərdə yaşayanlar bizim hündürboylu, əzəmətli aktyorlarımıza baxıb bu sənətə gəlirdilər. İndi gəlmirlər... Olanda burda olurlar. Bu, həm də qoşunla gələn şey deyil. Mənim kursumda iki nəfər yaraşıqlı, əsl aktyorluq tələblərinə cavab verən tələbələr var. Amma onların tələbəlikdən sonra təklif olunan hansı həyat şəraitinə düşüb-düşməyəcəyi də sual altındadır.

- Yəni istedadlı, yaraşıqlı məzunların aparıcı teatrlarda fəaliyyət göstərib-göstərməyəcəyini nəzərdə tutursunuz?

- Bəli, sual altındadır. Bu barədə mən öz fikrimi səlahiyyətli insanlara hamının yanında demişəm. Bizə gələn, bizim gələcəyimiz olan istedadlı gənclərlə bu gün işləyirik, onları yetişdiririk. Amma bundan sonra onların teatrlara gedib, orda davam gətirə bilməsi, yəni teatrların bu gənclərə qucaq açması prosesi çox zəif, yox dərəcəsindədir. Hətta bizim diplom tamaşalarımızla heç bir teatrın nə direktoru, nə də baş rejissoru maraqlanmır. Amma söhbətin əvvəlində mən sizə demişdim, Mehdi müəllimlə yanaşı, başqa böyük müəllimlər Şəkiyə diplom tamaşalarına baxmağa gəlirdilər. İndi heç bir teatr səlahiyyətlisinin marağında deyil ki, gəlib burdakı tamaşalara baxıb özünə aktyor yığsın. Heç olmasa, ildə bir dəfə gəlib iki akyor apara bilərlər axı. Necə ki, o vaxt bunu Mehdi Məmmədov, Tofiq Kazımov, Hüseynağa Atakişiyev edirdi. Mənim o qədər tələbələrim vardı ki, əsl aktyor idilər. İndi onlar hardadılar? Və yaxud indiki tələbələrim necə olacaqlar?! Mən onlara deyirəm ki, seriallara çox qaçmayın. Serial akyor yetişdirmir. Çalışın, teatrlarda işləyin. Ancaq teatrlara da gedirlər, orda qalırlar, qalırlar, qocalanda onlara rol verirlər. Çox vaxt heç qocalanda da vermirlər. Sel həmişə kötük gətirmir. Amma gətirəndə də onu tutub saxlamaq lazımdır.

- Gülşad xanım, Hüseynağa müəllimin ölümündən sonra on gün şok yaşadığınızı vurğulamışdınız. Bu onun ölümünün gözlənilməzliyi idi, ya daha ağır mətləblərdən xəbər verirdi?

- Ölüm xəbəri bütün hallarda gözlənilməz olur. Düzdür, mən heç vaxt kiməsə qarğış etməmişəm. Amma hətta insan qarğış elədiyi, ölümünü arzuladığı adamın belə bəd xəbərini eşidəndə buna inanmır.

Mən bilirdim ki, o, xəstəxanada yatır, beyninin yarım hissəsi işləmir və artıq ölümə məhkumdur. Əslində isə Hüseynağa o cür vəziyyətdə sağ qalsa belə, özü o cür xəstə vəziyyətinə, onu elə görmələrinə dözə bilməzdi.

Şok vəziyyəti deməzdim, amma onun ölümündən sonra on gün havalı kimi gəzib-dolandım. Sanki nəyimisə salıb itirmişdim. Onsuz da itmişdi... Amma yenə də pis olmuşdum, gənclik illəri, gözəl günlərimiz yadıma düşürdü. Qəribədir ki, mən pis şeyləri unudub, yaxşıları tez-yez xatırlayıram.

- Amma onun gedişindən sonra tez-tez ağlamısınız da...

- O da çox olub. Bilmirəm, bəlkə də, həyat təcrübəsizliyindən irəli gəlirdi. Qavraya bilmirdim ki, hər şey yaxşı ola-ola bütün bunlar niyə baş verdi. Ailə, qadın, uşaq, sənət üçün yaradıcı mühit bir sözlə, hər şey vardı.

- Bəlkə, bu bir az da insanın öz taleyina qarşı çıxmasının cəzası idi...

- Bilirsiniz, hər halda, mən onu hamıdan yaxşı tanıyırdım. Əgər kimsə desə ki, onu məndən yaxşı tanıyır, bu yalan söhbətdir. Gərək bir insanla birgə yaşayasan, oturasan-durasan ki, onun yaşantısına, xasiyyətinə bələd olasan. Mən ona çox yaxşı, sədaqətli həyat yoldaşı olmuşam, qulluğunda durmuşam. Həm də Hüseynağa anadan yetim olub. Anası rus olub və o, körpə olanda dünyadan köçüb. O da həmişə bunun əzabını çəkib, mənimlə söhbətlərində ağlayan məqamları da olub. Belə deyim də, mən də onunla birgə onun yaşadıqlarını yaşayırdım. Ona görə də fikirləşdim ki, yaradıcı insan kimi öz sənətində sərbəst olsun ki, artıb yüksəlsin. Mən bilmədim, sonradan hər şey mənim əleyhimə çevrilə bilər. Sadəcə olaraq, onda özüm bilərəm, yaxşı edirəm kimi düşüncələr, şuluqluq etmək istəyi vardı. Bəzi şeylər var ki, adam onları özünə icazə verməli deyil. Amma Hüseynağa icazə verdi, hansılar ki, ona artıq yemək kimi ziyan gətirdi. Müəyyən məsələlərdə cəmiyyətlə hesablaşmaq lazım gəlir. O isə hesablaşmırdı. Cəmiyyət isə adamı elə günə qoyar ki, bu, insanın məhvinə gətirib çıxarar. Bizim yaxın ətrafımızdan da mənə görə qarşı çıxanlar çox oldu. Çünki mənə qarşı, ən azından, haqsızlıq baş vermişdi. Düzdür, burda mənim səhvlərim də ola bilər. Amma bu səhvlər bilirsiniz nədən ibarət idi? Gərək kişinin boynuna düşən vəzifələri qadın öz üzərinə yükləməsin, özünü çox öldürməsin, sevdiyini çox büruzə verməsin! Mənim səhvlərim bu cür səhvlər oldu. Mən onu bütün ailə yükündən azad elədim, bununla da öz həyatıma xətm verdim.

- Gülşad xanım, sonralar sizə qarşı etdiklərinə görə Hüseynağa müəllimin peşmançılıqları oldu?

- Mən sizə bir faktı deyim. Ailənin öz qoruyucu vasitələri vardır ki, insanı daima ayaqda saxlayır. Əgər Hüseynağanın ailəsi olsaydı, o, yüz il yaşayardı. Çünki çox sağlam adam idi. Ölümündən bir müddət əvvəl bizimlə birgə oxuyan kurs yoldaşımız bir dəfə onun otağına gedir və Hüseynağanı xəstəhal görkəmdə görür. Bu həmin vaxt idi ki, o, teatrda yaşayırdı, səhhəti isə yaxşı deyildi. Onda həmin sənət yoldaşımız ona deyir ki, belə yaşayış tərzi sənin üçün zərərlidir, sən xəstəsən, qayıt ailənə, Gülşadın yanına... O sənə nə qədər pis baxsa da, o birilərindən yaxşı baxacaq. O zaman Hüseynağa deyir ki, "mən həyatımı düz yaşamadım. Ora isə qayıda bilmərəm. Bilirəm ki, qayıtsam, o, qapını mənim üzümə açacaq. Amma qayıda bilmərəm. Çünki mən Gülçikla aramda olan iplərin hamısını qayçılamışam". O, heç vaxt mənim adımı demirdi, həmişə Gülçik deyirdi. İndi təsəvvür edirsiniz ki, son günlərində belə, o, bizim münasibətimizin iplərini kəsdim yox, qayçıladım deyib...

Hüseynağa dərin insan idi. Özünəməxsus düşüncəsi və fəlsəfəsi vardı. Heç bir əsəri uğursuz alınmamışdı. Yəni bu cür insan heç vaxt öz səhvini anlamamış olmazdı. Əlbəttə ki, peşman da olmuşdu, səhvlərini də anlamışdı. Sadəcə olaraq, özü-özünü məhv etdi.

- Gülşad xanım, nə zamansa həyatda olmasanız sizin yoxluğunuza heç kimin ağlamamasını arzulamısınız...

- Hə. Mən demişəm ki, mən öləndə ağlamasınlar, özüm üçün çox ağlamışam. İndi də dostlarıma, tələbələrimə deyirəm. Bu yaşda insan ölümü fikirləşmirsə, o, ən azından, nadandır. Ona görə tələbələrimə də demişəm ki, dərs deyərkən nəsə baş versə, ürəyim tutsa, yıxılsam, haray-həşir salmayın. Nəbzimi yoxlayın, görsəniz ki, ölmüşəm telefonumu götürüb böyük oğluma yox, çünki o, belə şeyləri pis yaşayır. Balaca oğluma zəng vurub vəziyyəti izah edin. Çünki ölüm qaçılmazdır, Allah eləsin elə küçədə yox, bunların yanında ölüm.

- Onda ölümə münasibətiniz o qədər də qorxulu deyil...

- Ay qızım, siz gəncsiniz. Mən indi ətrafıma baxıram. Aydın Dadaşov, Fuad Poladov və başqaları artıq yoxdur. Mən Fuada həmişə deyirdim ki, sən səksəndən çox yaşayacaqsan. Amma baxın, bir dəfə hirslənmək, daha doğrusu, böyük hirslənmək, stress keçirmək, haqsızlığa dözməmək onun ölümü bahasına başa gəldi. Ölümün də birdən, qəfildən gəlməsi məsləhətdir. Heç nədən qorxmaq lazım deyil. Həyatdır, doğulmuşuq yaşayırıq, bir gün də gedəcəyik. Əsas odur ki, təklif olunan həyat şəraitində ləyaqətlə, şərəflə, vicdanla çıxışımızı başa vuraq.

Söhbətləşdi: Samirə Əşrəf
debiyyatqazeti.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.