Əsədin ordusu bölünmədi, komandası yerindədir - Müsahibə

27-12-2018, 08:47           
Əsədin ordusu bölünmədi, komandası yerindədir - Müsahibə
Teleqraf.com mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovla müsahibəni təqdim edir.

- Oqtay bəy, Türkiyənin Suriyada YPQ/PYD terror təşkilatına qarşı əməliyyat keçirəcəyi ciddi müzakirə mövzusudur. Dünən gecə zirehli texnika Menbiş istiqamətinə hərəkət edib. Gözləntilər nədən ibarətdir?
- Hazırda konkret hansı addımların atılacağını demək çətindir. Son iki həftə ərzində həm bölgədə, həm də Türkiyə-ABŞ münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Həm Türkiyə prezidenti Ərdoğanın Trampla telefon danışıqları, həm də rəsmi səviyyədə baş tutan təmaslar, bölgədə ABŞ əsgərlərinin Türkiyə ilə koordinasiya edilmiş formada çəkilməsi əslində yeni durum yaradır. Digər tərəfdən, Türkiyə Fəratın şərqində yerləşən YPG terror təşkilatının nəzarətindəki torpaqları azad etməyi, burada yaşayan insanların öz idarəçiliyini qurmalarına dəstək verməyi düşünürdü. Çünki bu ərazilərdən Türkiyənin milli təhlükəsizliyinə də təhdidlər mövcuddur.

Türkiyə bu səbəblərdən Fəratın şərqində əməliyyatlar aparacağını elan edirdi. Görünür, ABŞ prezidenti bu məsələdə Türkiyə ilə əməkdaşlığın qaçılmaz olduğunu qəbul etdi, bunun ABŞ dövlətinin maraqlarına uyğun olduğu qənaətinə gəldi. Bəyan olundu ki, artıq İŞİD-ə ciddi zərbə vurulub, terror təşkilatı məğlub edilib, terror qalıqlarını isə bölgə dövlətləri, o cümlədən Türkiyə aradan qaldıra bilər. Bu arada ABŞ tərəfindən sahibsiz buraxılan PYD Suriya rejimi ilə təmasa keçib. Özünün nəzarətində olan əraziləri Bəşər Əsəd qüvvələrinə təslim etmək haqda danışıqlar aparır. İlkin məlumatlara görə, müəyyən anlaşmalar da mövcuddur. Hazırda bölgədə proseslərin Türkiyənin istədiyi formada inkişaf etdiyini söyləmək tez olardı.

Çünki Türkiyə, ABŞ və Avropa dövlətlərindən başqa Rusiya və İranın da məsələyə mövqeləri maraqlıdır. Ola bilsin ki, Rusiya və İranın da mövqeləri nəzərə alınacaq. Bu dövlətlər həm də Türkiyə ilə birlikdə Astana prosesində iştirak edən ölkələrdir. Bu mənada yaxın günlərdə türk ordusunun əməliyyata başlayacağını söyləmək çətindir. İlk baxışdan görünən odur ki, proseslər Türkiyənin istəklərinə uyğun gedir. Ola bilsin ki, əməliyyata ehtiyac qalmasın. Suriyanın şimal-şərq hissəsini işğalda saxlayan terrorçu YPG/PYD Əsəd rejimi ilə anlaşmaya gedib bu əraziləri Əsədə qaytarmağa çalışa bilərlər. Yəni Türkiyədənsə Əsədi seçə bilərlər. Bu halda durum fərqli ola bilər.

- Türkiyənin əməliyyat keçirməyəcəyi ehtimalını mümkün sayırsınız. Bəs nədən ABŞ qəfil qərarla Suriyadan çıxdığını elan etdi?
- ABŞ-ın niyə belə qərar verdiyini indiki anda cavab vermək çətindir. Türkiyənin əməliyyat keçirib-keçirməyəcəyi fikrimcə, terrorçuların Bəşər Əsədlə apardığı danışıqların nəticəsindən asılı ola bilər. Əgər YPG Əsədlə anlaşıb nəzarətindəki əraziləri Suriya hakimiyyətinə versə, Suriya rejimi Türkiyəyə bu ərazilərdən ona qarşı heç bir təhdid olmayacağı öhdəliyini götürəsə, bu zaman əməliyyata da ehtiyac qalmayacaq. Yox, əgər İraqdakı kimi söz verilib əmək edilməyəcəksə, Türkiyə özünü müdafiə haqqından istifadə edib həmin ərazilərdə terrorçuları zərərləşdirə bilər.

ABŞ-ın bölgədən çəkilməsi isə maraqlıdır. Görünən budur ki, ABŞ ordusunun Suriyadan çıxarılmasında Donald Trampın mövqeyi həlledici olub. Bu qərara etiraz olaraq da müdafiə naziri və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi istefaya gedib.

- ABŞ Suriyadan çıxanda daha çox Türkiyə ilə məsləhətləşdi. Buna səbəb nədir?
- Əvvəla, Türkiyə bölgənin ən güclü dövlətidir. İkincisi, Türkiyənin Suriya ilə 910 kilometr sərhəddi var. Üçüncüsü, Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində Türkiyəyə 4,5 milyon qaçqın gəlib və bunun ağırlığı türk dövlətinin üzərinə düşüb. Üstəlik, Türkiyənin faktiki olaraq Suriyanın iki bölgəsində hərbi kontingenti var. Bu mənada prezident Tramp Türkiyə ilə məsləhətləşməli idi. Türkiyə NATO ölkəsidir. ABŞ bu regionda ordu qurub.

Bu da PKK/YPG-dən ibarət ordudur. Bu ordunun müəyyən hissəsi həm də İraqda hərbi təlim keçib. Onlara təxminən 10 min TIR silah verilib. Söhbət ağır və yüngül silahlardan gedir. Hazırda terror təşkilatına verilən silahların geri yığılması ilə bağlı ABŞ tərəfindən hərəkətlilik müşahidə edilmir. Bu mənada durum kifayət qədər ciddi olaraq qalır. Söhbət ABŞ zabitləri tərəfindən təlim keçirilən, on min TIR silahla təmin edilən 40 minlik qüvvədən gedir. Hətta bəziləri 70 minlik qüvvə haqqında fikir yürüdür. Bu kifayət qədər ciddi qüvvədir.

- ABŞ Suriyadan faktiki çıxır, bundan sonra regionda əsas söz sahibi Rusiya olacaq?
- Əvvəla, Amerika Suriyadan tam olaraq çıxmır. Hərbçilərinin bir hissəsinin çıxarılması haqda qərar versə də, bunun hansı müddət ərzində həyata keçiriləcəyi tam bəlli deyil. Üstəlik, ABŞ hərbi təlimatçıları Suriyada qalmaqda davam edəcək. ABŞ-ın Suriyada müəyyən mövqeyi olacaq. Rusiyanın isə təbii ki, Suriyada nüfuzu, hərbi iştirakçılığı var, Suriya hakimiyyəti üzərində təsiri var, cəmiyyət tərəfindən müsbət qarşılanır.

Digər tərəfdən, Rusiyanın orada iki böyük hərbi bazası mövcuddur. Rusiya hərbçiləri Suriya ordusunda təlimatçı rolunu aparırlar. İranın da Suriyada möhkəm əlaqələri var. Suriya münaqişəsi başlayandan bölgədə ən aktiv rol oynayan İran olub. Suriyadan danışarkən Rusiya və İranı gözardı etmək mümkün deyil.

- Sizcə, ABŞ-ın çıxması ilə Suriyanın həlli prosesi yaxınlaşırmı?
- Xarici qüvvələr bölgəni tərk etməyənə qədər normallaşmadan söz gedə bilməz. Təxminən 7 illik münaqişədə 100 minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb. Faktiki rejim dəyişmədi. Rejimi dəyişmək istəyən və bölgədə fəlakət yaradan qüvvələr uğur əldə etmədi. Suriyada vəziyyətin normallaşması, konstitusiyaya uyğun seçkilərin keçirilməsi və legitim hakimiyyətin formalaşması həll prosesinin açarıdır. Bu olduğu təqdirdə problem həll oluna, nizam yarana bilər. Yox, əgər bölgə xarici qüvvə, maraqların toqquşduğu bölgə kimi qalacaqsa, Suriyada vəziyyətin sabitləşməsə hələ zaman aparacaq.

- ABŞ Suriyadan çıxmaqla sanki Bəşər Əsədlə bağlı mövqelərindən geri çəkildi. Suriyanın gələcəyində Bəşər Əsədin hansı rolu ola bilər?
- Bəşər Əsədi son 7 il müddətində aktiv müdafiə edən Rusiya və İran olub. Əsəd hakimiyyətini qoruyub saxlamağı bacardı. Üstəlik, bu 7 illik ağır zamanda Suriya ordusu kiçik hissələrə bölünmədi və dağılmadı. Suriya rejimində siyasi elitada faktiki bölünmə olmadı. Bəşər Əsəd münaqişənin qalibi olmağa çox yaxındır. Yəqin ki, normal seçkilər keçirilsə Əsəd səs toplaya bilər. ABŞ və Avropa son yarım ildə səsləndirdiyi bəyanatlarında Bəşər Əsədlə danışıqların gərəkliyini qeyd edirdilər. Bu o anlamı verirdi ki, ABŞ və Avropa artıq Əsədi güc, faktor və hakimiyyət kimi qəbul edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.