“Babamdan soruşdum ki, Eqor Kridi haradan tanıyırsan?” – Natiq Əliyevin nəvəsi ilə müsahibə

4-01-2019, 12:57           
“Babamdan soruşdum ki, Eqor Kridi haradan tanıyırsan?” – Natiq Əliyevin nəvəsi ilə müsahibə
Teleqraf.com istedadlı ifaçı, “Vo ves qolos” müsabiqəsində ölkəmizi təmsil edən Aliyə Əliyeva ilə müsahibəni təqdim edir:
- Aliyə, “Vo ves qolos” müsabiqəsində Azərbaycan qalib gəldi, komandamızın üzvü kimi istərdim, əvvəlcə təəssüratlarını bölüşəsən...
- 2016-cı ildə “Zima” festivalında iştirak edəndə “Vo ves qolos” müsabiqəsində Azərbaycanı təmsil edən iştirakçıların böyük hissəsi ilə tanış olmuşdum. Belə bir müsabiqə elan olunanda komanda yığıldı və mübarizəyə başladıq. Düzü, qalib olacağımıza inanmırdıq. Qaliblərin siyahısı açıqlandıqca görürdük ki, 4, 3, 2-ci yerlər bizim olmadı, hamımız məyus olmuşduq, bütün ümidimizi itirmişdik, ağlamağa başlamışdıq, heç inanmazdıq ki, Azərbaycan birinci yeri qazanar. Azərbaycanın adı qalib qismində çəkiləndə hamımız şok yaşadıq və çox sevindik. Hətta o qədər narahatlıq keçirmişdik ki, səhnəyə çıxanda da simamımız kədərli idi. Amma qalib olduq və bu, bizim üçün böyük nailiyyət idi.
- Qələbəyə niyə inam yox idi?
- Əslində qələbəyə ümid edirdik, ancaq mübarizə aparan ölkələrin doqquzu da güclü idi. Azərbaycan digər iştirakçılarla müqayisədə kiçik ölkədir və Rusiya kimi böyük dövlətdə güclü rəqiblərin qarşısında ikinci cəhddə qalib gələcəyimizi gözləmirdik. Yarışmanın ikinci mövsümü keçirilirdi.

- Bəzən iradlar səslənir ki, xarici ölkələrdə yarışma olanda həmvətənlərimiz ölkə təmsilçisini lazımı qədər dəstəkləmir. Tamaşaçıların dəstəyindən razı qaldınız?
- Bizi dəstəkləməyə valideynlərimiz, müəllimlərimiz və rejissorumuz gəlmişdi. Bu müsabiqənin formatına əsasən, çəkiliş aparılır, veriliş daha sonra efirə verilirdi. Buna görə də daha çox yaxınlarımız dəstəkləməyə gəlmişdi. Amma sosial şəbəkələrdən hamı verilişin vaxtı ilə maraqlanırdı. Rusiya ilə saat fərqimiz olduğuna görə veriliş gec saatda yayımlanırdı, amma internetdən verilişlərin təkrar buraxılışına baxmaq mümkündür. Məsələn, yaxın rəfiqəm gecə yarısına qədər oturub bizim şounu izləyirdi. Onun dəstəyi mənim üçün çox vacib idi. Bir şeyi də qeyd edim, rejissorumuz bizi müsahibə vermək və düzgün danışmağa üçün istiqamətləndirirdi. Vokal üzrə müəllimimiz Rima Şapalovanın üzərimizdə böyük əziyyəti var. Biz yayda tətil vaxtı davamlı olaraq məşqlər edirdik, hətta dincələ bilmədiyimiz üçün hərdən deyinirdik, amma qələbə hər şeyi unutdurdu. Eləcə də rəqs üzrə məşqçimiz Emin bəy yarışma üçün gözəl rəqs kompozisiyası qurmuşdu. O, sıx qrafiklə çalışaraq, bizə çox inanırdı və ondan müsbət enerji alırdıq.
- Bu müsabiqə Azərbaycan tamaşaçısına tanışdır?
- Müsabiqə ildən-ildən Azərbaycanda tanınır. Amma bu şou Rusiyada daha məşhurdur. Müsabiqənin baş prodüseri Lina Arifulina zamanında populyar “Fabrika zvyozda” yarışmasını yaradıb. Məncə, qələbəmizin də bu şounun ölkəmizdə tanınmasında rolu olacaq. Tanınmış ulduzlar -aparıcı Timur Rodriqezin, bəstəkarlar İrina Dubçovanın, İqor Nikolayevin, Viktor Drobışın mahnıları ifa olundu. Sati Kazanova və başqaları qonaq qismində gəlmişdi. Emil Kadırov , Mark Tişman , Arsenium kimi məşhurlar master-klass keçdi. Bizim komandamızda təmsil olunan Səbinə Quluzadə solo oxudu, Dubçova ona dedi ki, bu mahnını yalnız mən və Səbinə gözəl ifa edib.

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Yalnız bir qələbə ilə kifayətlənmək istəmirəm. Tezliklə ilk klipim işıq üzü görəcək və bununla kifayətlənmək niyyətində deyiləm. Baxarıq, yolum hara qədər gedəcək.
- Klip hansı mahnıya çəkilib?
- Sözləri Leyla Əliyevaya, musiqisi Nigar Həbibovaya məxsus “Sönmüş ulduz” mahnısına çəkilib. Mənə bu mahnının ifası həvalə olaunanda çox sevindim. Musiqi və sözlər mənə çox yaxındır . 10 yaşım olanda “Vorobey” mahnısını yazmışdım və ifa etmişdim. O mahnı radioda tez-tez eşidilirdi.
- Klip çəkilişləri harada olub?
- Klip Azərbaycanda çəkilib. Amma ona baxanda ölkəmizdə çəkildiyinə inanmayacaqsınız. Özüm də bu cür gözəl iş alınacağına inanmazdım. Professional komanda çalışdı və yaxşı bir iş ortaya qoymağa nail olduq.

- Professional sənətin arxasınca getməyi planlamısan, yoxsa başqa ixtisasa yiyələnməyi düşünürsən?
- Atamla bu barədə məsləhətləşmişəm, düşünürəm ki, təhsilimlə musiqini paralel apara bilərəm. Səs elə bir şeydir ki, zədələnə bilər. Ona görə də mütləq ikinci plan olmalıdır. Psixoloq olmaq istəyərəm. Bir dəfə məktəbdə məndən yaşca balaca qızın əhvalı yaxşı deyildi, ağlamışdı, onunla söhbətləşəndən sonra kefi düzəldi. Məni qucaqlayıb qaçdı . Kiməsə köməyim dəydiyi üçün çox şad oldum, düşündüm ki, bəlkə psixoloq olum, bu, məndə yaxşı alınar. Kiminləsə söhbətləşmək, həmin şəxsi motivasiya etməkdən çox xoşum gəlir. Sənətim nə olur olsun, istəyirəm, həmin işi sevərək görüm və özümü həmin sənətdə xoşbəxt hiss edim.
- Neçənci sinifdə oxuyursan?
- Bakı Oksford məktəbində 9-cu sinifdə oxuyuram.

- Yəqin ali məktəbi xaricdə oxumağı seçəcəksən...
- Adel, Emi Uaynhaus, Tom Holland kimi məşhur ifaçı və aktyorların oxuduğu Böyük Britaniyadakı musiqi akademiyasında təhsil almaq istəyirəm. Həmin ali məktəbə qəbul olmaq çox çətindir, dövlət məktəbidir və əcnəbilər üçün çox az sayda yer ayrılıb. Bəlkə də özəl akademiya olsaydı, qəbul qaydaları asan olardı. Amma məzunların çoxu nüfuzlu insanlardır. Düzdür, dəqiq qərarlaşdırmamışam, amma çox istərdim, bu cür professional bir akademiyada təhsil alım.
- Hərdən deyirlər, indi sosial şəbəkələrin verdiyi imkan hesabına məşhurlaşmaq daha asandır. Sən necə düşünürsən?
- Mən də o fikirdəyəm, indi sosial şəbəkələr var, qısa video ilə bütün dünyada tanınmaq mümkündür. Əvvəlki illərlə müqayisədə indi populyarlaşmaq daha asandır.

- Həm də ciddi sənətlə məşğul olmaq çox çətindir. Məşhurlaşmaq nə qədər asandırsa, qısa zamanda zirvədən enənlərin də şahidi olmuşuq. Bu, səni qorxutmur ki?
- Mənə elə gəlir ki, həyatda heç nə asan deyil. Nəyəsə nail olmaq üçün çox çalışmaq, bütün enerjini o işə sərf etmək lazımdır. O zaman yoluna çıxan əngəlləri də aşmaq asanlaşacaq.
- Aliyə, niyə aktiv olduğun İnstaqramda öz adınla qeydiyyatdan keçməmisən? Sosial şəbəkələrin sənətçi üçün önəmindən danışdın. Niyə məhz “Lexa” adını seçdin?
- Əslində adımı bəyənirəm. Anam bir dəfə universitetdən evə gələndə adı böyük hərflərlə yazılan Aliyə adlı ifaçının klipinə baxıb və düşünüb ki, qızım olsa, adını Aliyə qoyacağam. Çünki həm müsəlman adıdır, həm də mən doğulanda o qədər də populyarlaşmamışdı. Soyadım da adıma yaraşır - Aliyə Əliyeva. Hətta adımı qoyanda qohumlar təəccüblənib ki, yayğın ad deyil, amma bu adı qoyursunuz, get-gedə qohumlar da bu adı övladlarına qoyub. İnstaqramdakı hesabıma gəlincə, atamla anam uşaq vaxtı məni “Lyoxa” kimi çağırıblar. Düşünürdüm ki, məşhur olanda ləqəbim olmalıdır, sadə bir şey istəmirdim, ingiliscə “leksa” kimi səslənir deyə elə qərarlaşdırdım ki, bəlkə uşaqlıdakı kimi “Lexa” kimi qalsın.

- Səsini eşidən hansısa peşəkar musiqiçilərdən rəylər almısan?
- Nigar Camal və Eldar Qasımov məni qalibiyyət münasibətilə təbrik etdi, həmişə dəstək olurlar. Tünzalə Ağayeva mənə çox yardım edib, vokal üzrə Mziya Djambaşidzeni məsləhət gördü və səsim üzərində işləməkdə kömək olur.
- Özün kimləri dinləyirsən?
- Rusiya və Amerika ifaçılarını dinləyirəm. Ariana Qrande, Selena Qomez, Kristina Aqilera , Eqor Kridi dinləməkdən doymuram. Daha çox pop janrında olan musiqiləri dinləməyi xoşlayıram.
- Bəs Azərbaycanın klassik mahnılarına müraciət etmək istərdin?
- Dahi Rəşid Behbudovun musiqilərini dinləyirəm, “Əlvida”, “Sarı gəlin” və digər mahnılarımıza qulaq asıram, onları öyrənməyə çalışıram. Düzü, klassik və ya digər janrlarda musiqiləri çox dinləmirəm. Düşünürəm ki, pop janrı mənə indi daha yaxındır. Hesab edirəm ki, bu janrın ifaçısısansa, səhnədə mütləq şou göstərməlisən. İnsanlar bu şounu izlədikdən sonra şok yaşamalıdırlar və deməlidilər ki, bu şounu yenə görmək istəyirəm. Mən sırf bu şounu yaşatmaq üçün rəqs və vokal dərsləri alıram.

- Kimlərdən dərs alırsan?
- Əvvəllər Milli Konservatoriya nəzdində musiqi məktəbində oxuyanda Dmitri Rəhimov və “Rast” qrupundan Lamiyə Kərimovadan dərs almışam. Rima Şapalova da vokal müəllimim olub, “Vorobey” mahnısını onunla birgə studiyada yazmışdıq. Hazırda vokal üzrə Mziya Djambaşidze ilə məşğul oluruq. Mən müəllimlərimə çox dəyər verirəm və hörmət edirəm. Biz “Vo ves qolos”da qalib gələndə kubok təqdim olundu, mən təklif elədim ki, uşaqlar, biz çoxuq, gəlin, kuboku Rima müəllimə verək, hamı razılaşdı. Yeri gəlmişkən, bu il “Zima” festivalına qatılacağıq. Ötən dəfə “Zima”da iştirak edəndə tək çıxış eləmişdim, ən çətin nömrələrdən biri məndə idi, həm rəqs edirdim, həm də mahnı ifa edirdim. Amma “Vo ves qolos” mənim üçün yaxşı təcrübə oldu. Bizdən əvvəlki nömrə barədə münsiflər heyəti qərar verəndə səhnə arxasında növbəmizi gözləyirdik, amma öz aramızda astaca məşq edirdik, hətta məşhur rusiyalı bəstəkar Viktor Drobış qayıtdı ki, nədir, siz çəkilişdən sonra Kremldə çıxış edəcəksiniz ? (gülür) Bizdən başqa digər komandalar sakit formada öz sıralarını gözləyirdi, bizdən soruşurdular ki, bu, düşünülmüşdür? Biz də deyirdik, əlbəttə, yox, improvizədir. Həqiqətən bütün gücümüzü qoymuşduq və mən heç cür səhnədə sakit dayanmağı xoşlamıram, komanda yoldaşlarımla nələr edəcəyimizi son ana qədər müzakirə edirdik.

- Yəqin ailənin də dəstəyi sənə əlavə stimul verir...
- Əlbəttə, ailəmin dəstəyi mənə güc verir. Ən böyük dəstək anamdan gəlir. Hərdən vokal dərslərinə getməyə tənbəllik edəndə anam xatırladır ki, bu gün dərsin var. Mənə çox ümid bəsləyir və tələbkardır. Həmişə deyir ki, hansı peşənin sahibi olmaq istəyirsənsə, onun ardınca get və peşəkar ol, boşuna vaxt keçirmə. Məsələn, fransız dilini öyrənirəm, anam deyir, gələcəyin üçün bu dilə də yiyələnməlisən. Əslində Azərbaycan dilində mükəmməl bilmirəm, amma ana dilimdə sərbəst danışmaq üçün öz üzərimdə işləyirəm. Sovet dönəmində rus dili hakim olub və insanların çoxu rusca danışıb. Ailədə rusca ünsiyyətin mənə də təsiri var. Bir şeyi də qeyd edim, anamın babası ölkəmizə 10 il rəhbərlik etmiş Vəli Axundov həm Azərbaycan, həm də rus dilini çox yaxşı bilib və danışıb. Bilirəm ki, Azərbaycan dilini yaşatmaq üçün çox çalışırdı , Novruz bayramının yenidən ölkəmizdə keçirilməsi məhz onun qərarı idi. Azərbaycan dilində gözəl şeirlər də yazıb.
- Aliyə, ananızın babası Vəli Axundovun, eləcə də sənin baban Natiq Əliyevin nəslinin davamçısısan. Bu, sənin üçün yəqin fəxr olmaqla yanaşı həm də məsuliyyətdir. Onları necə xatırlayırsan?
- Mən həqiqətən onlarla fəxr edirəm. Elə nəslin nümayəndəsiyəm ki, öz soy-kökümü yüksək qiymətləndirirəm və hörmət edirəm. Vəli Axundovu təəssüf ki, görməmişəm, anamın, nənəmin xatirələrindən onu tanıyıram. Bilirəm ki, o, yaxşı insan olub. Babam Natiq Əliyev vəzifəli şəxs olsa da, çox sadə idi, ətrafındakı hər kəsə qarşı xeyirxah və mehriban olub. Onunla birgə vaxt keçirmək mənim üçün çox xoş idi. Şən, zarafatcıl, mənimlə uşaq kimi oynayan baba idi. Bizimlə heç vaxt ciddi obrazda olmayıb. Onu heç vaxt vəzifəli şəxs kimi tanımamışam.

- Sənin ifanı bəyənirdi?
- Bəli, oxumağımı, səsimi bəyənirdi. 4 yaşım olardı, oxumağa təzə-təzə başlayırdım. Onu da deyim ki, əvvəl pianoya getmişəm, sonra başa düşdüm ki, mən musiqi yaradıcılığımı səsimlə davam etdirməyi qərarlaşdırdım. Bir dəfə studiyaya gedib Rəşid Behbudovun mahnısını yazdırdıq və babaya hədiyyə elədik. Hətta anam deyir ki, mən studiyada məşqlərdə yorulub demişəm ki, çox yoruldum, səs yazmayaq, evə gedək babama canlı ifa edim (gülür). Mən balaca ikən Eqor Kridi çox bəyənirdim və onun mahnılarını dinləyirdim. Hər gün babamın yanına gedib onun repertuarından mahnılar ifa edirdim. Bir gün babam gitaranı əlinə alıb mənimlə birgə onun mahnısını oxudu. Mən də soruşdum ki, Eqor Kridi haradan tanıyırsan? O da qayıtdı ki, sən hər gün oxuyursam, mən də əzbərləmişəm. Hətta mahnı oxuduğumu babamın dostları da bilirdi. Məni görəndə deyirdilər ki, gözəl səsin var, baban bizə necə yaxşı ifa etdiyini göstərib. “Vorobey”i yazanda babama göstərdim, o da hər gün o mahnını oxuyurdu, mənimlə fəxr edirdi, sevinirdi ki, mən yaxşı oxuyuram. Bir dəfə babamın məzarını ziyarət edəndə anamdan soruşdum ki, o, görəsən, mənimlə fəxr edirdi? Bu sualı təzəcə vermişdim ki, gördük babanın dostları da onu ziyarət etməyə gəldi. Məni görən kimi dedilər ki, Aliyə, bilirsən, baban səninlə necə fəxr edirdi, o sənin mahnılarını bizə göstərirdi, olarmı səninlə şəkil çəkdirək? Düşünürəm ki, ailənin mehriban olması çox vacibdir, nə yaxşı ki, mən mehriban ailədə böyümüşəm. Bu, insanın təhsilinə də, gələcəyinə də çox mühüm təsir göstərir. Babam mənim xatirimdə ancaq yaxşı insan kimi qalıb, əfsuslar olsun ki, bizi erkən tərk elədi. Onun yeri həmişə həyatımda görünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.