“Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur” - deputat
11-01-2019, 08:50
Qardaş Türkiyə Azərbaycanın FETÖ qruplaşmasını terror təşkilatı kimi tanıyacağına ümid edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ayın sonlarında bununla bağlı dediyi fikirlər məsələni daha da aktuallaşdırıb.
Xatırlatma üçün bildirək ki, Ərdoğan həmin açıqlamaları Pakistanın FETÖ-nü terror təşkilatı kimi rəsmən tanıma qərarından sonra vermişdi.
Həmin fikirlərdən sitat: “FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi. Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır. Eyni zamanda Azərbaycanda da bəzi müsbət irəliləyişlər var. Ola bilsin ki, onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik”.
Qeyd edək ki, indiyə qədər Azərbaycanın hansı təşkilatları terror təşkilatı kimi tanıdığı yönündə müxtəlif fikirlər səslənir. Zaman-zaman PKK-nın terror təşkilatı kimi ölkəmizdə tanınmaması ciddi qınaq, tənqid obyekti olub. Hazırda da bu belədir. Sanki rəsmi Bakı təşkilatları terror təşkilatı kimi tanımağa risk etmir. FETÖ ilə bağlı yaranan buna bənzər situasiyanın davam edəcəyi ehtimal edilir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a bunları dedi: “Azərbaycan hər zaman Türkiyənin yanında olub. Bu ölkənin düşməni düşmənimiz, dostu da dostumuzdur. Xatırlayırsınızsa, prezidentimiz toplantıların birində bildirmişdi ki, Türkiyə tərəfi yoxdur, mən buradayam. Taleyimiz, düşmənlərimiz eynidir. O mənada Türkiyəyə qarşı hər hansı bir formada mübarizə aparılırsa, bu bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı aparılan mübarizə sayılmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti tərəfindən bu məsələ müzakirə edilib, o çağırışa müsbət cavab verilə bilər. Hesab etmirəm ki, bu, qanunvericilik baxımından təsbit olunmalıdır. Amma təşəbbüs olaraq parlamentdə səsləndirilə bilər. Ehtiyac olarsa, təbii ki, bu məsələni qaldırarıq. Terror bir regiona, ölkəyə qarşı sərgilənən davranış deyil. Onun milləti, dövləti olmur.
Dünyanın harasında olursa-olsun, terror təşkilatı varsa, onun törətdiyi hadisələr istənilən dövlətdə görünə bilər, o cümlədən də Azərbaycanda. Başqa bir məsələ var ki, əgər Azərbaycan dost bir ölkənin müqəddəratı ilə bağlı bir addım atırsa, bununla əlaqədar ortada müəyyən risklər varsa, Azərbaycan heç bir tərəddüd etmədən belə riskləri göz önünə ala bilər. Azərbaycanın hüquq-mühafizə orqanları o gücdədir ki, belə təşkilatlar ölkəmizə zərər edə bilməyiblər. Azərbaycanın konkret olaraq hansı təşkilatları terror təşkilatı kimi tanıması ilə bağlı siyahının olmasının şahidi deyiləm. Amma hesab edirəm ki, Azərbaycan tərəfin o iradəsi var ki, dünyanın harasında olursa-olsun, terror törədən istənilən qrupa qarşı mübarizədə əməkdaşlıq edir, istər İnterpol, istərsə də digər başqa qurumlar daxilində olsun. Açığı, deyə bilmərəm ki, rəsmən tanıma düsturu lazımdır ya yox. Amma əgər bir təşkilat terror fəaliyyəti ilə məşğul olursa, Azərbaycan o təşkilata qarşı lazımi mübarizəsini aparır. Ölkəmizin terror təşkilatlarını rəsmən terror təşkilatı kimi tanımağa risk etmədiyi yönündə düşüncələr tamamilə yanlışdır. Əgər bir terror təşkilatı varsa, Azərbaycan və ya başqa bir dövlət bu təşkilatı qanuni qurum kimi tanıyırsa, bu qəbahət sayıla bilər. Amma terror təşkilatı varsa, mütləq bu terror təşkilatını tanıma haqqında qanun qəbul olunması və rəsmən tanınması bir zərurətdir kimi beynəlxalq hüquqda belə bir tələb yoxdur. Azərbaycan qanunçuluğunda terrora, hətta onu maliyyələşdirənlərə qarşı qanunlar var. Rusiyada indiyə qədər kürd terror təşkilatlarının ofisləri bağlanmayıb, bu təşkilatın rəhbərləri ilə Bəşər Əsəd rejiminin rəhbərliyi arasında vasitəçilik olub. Belə şeylər qəbahət sayıla bilər”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “PKK ilə bağlı da təqribi mövqeyimiz bu şəkildədir. Amma Xarici İşlər Nazirliyi onun giriş-çıxışı ilə əlaqədar terror təşkilatı ilə bağlı bəyanat verə və mövqeyini bildirə bilər. Bizdə daha çox bununla bağlı xüsusi qərarlar qəbul olunmur. Çünki xatırlayırsınızsa, vaxtilə PKK ilə bağlı ciddi tələb var idi. Amma bu tələb xüsusi bir parlament qərarı ilə həyata keçirilmədi. Lakin Xarici İşlər Nazirliyi terror təşkilatı kimi tanıya bilər. Həmçinin onun ölkədəki fəaliyyətinin qadağan olunması istiqamətində addımların atılması mümkündür. Əgər Türkiyə maraqlarına uyğun fəaliyyət göstərmirlərsə, hansısa bir problem varsa, bunu qaldırmaq olar. Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Çalışmalıyıq ki, Türkiyəyə qarşı hər hansı bir mübarizə varsa və qardaş ölkə bununla bağlı hər hansı bir addımlar atırsa, onun yanında olaq. Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur. Əgər beynəlxalq qurumlar tərəfindən terror təşkilatı kimi tanınırsa, Azərbaycan da müvafiq konvensiyaya uyğun şəkildə onlara münasibət sərgiləyə bilər”.