Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
14-01-2019, 08:42
“Artıq sahibkar ”kölgə iqtisadiyyatı“ ilə məşğul olmağa ehtiyac duymayacaq“
Milli Məclis üzvləri qış tətilində olsalar da, mətbuatla davamlı ünsiyyətdə olan bir sıra deputatlar yenə də ənənəvi münasibətlərini davam etdirirlər. Medianın dostlarından biri, deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Türkiyə səfərini başa çatdırıb Bakıya enər-enməz “Yeni Müsavat”ın suallarını məmnuniyyətlə cavablandırdı.
- Fəzail bəy, qış tətili necə keçir?
- Normal. Yanvarın 3-nə qədər Bakıda oldum, ailəmlə Yeni ili qarşıladıq, birlikdə şənləndik. Nəvələrim məni sevindirdi. Mən də çalışıram ki, o sevinci imkanım daxilində onlara qaytara bilim. Beləliklə, normal ailə istirahətini etdim. Yanvarın 4-dən qardaş Türkiyəyə getdim. Həm orda dincəldim. Həm də düşündüm ki, bir halda Türkiyəyə gəlmişəmsə, ümumi müayinədən keçmək də pis olmazdı. Müayinədən keçdim, hər kəs qaydasındadır. Artıq Vətəndə, yenə də xalqımızla birlikdəyəm, dostlarımın arasındayam, siz də daxil olmaqla. Tətilimin digər hissəsi heç şübhəsiz ki, Azərbaycanda olacaq. Ola bilsin bir müddət sonra ölkəmizin hansısa bir guşəsinə getdim.
- Yeri gəlmişkən, xaricdə olan imkanlı şəxslərin ilk düşündüyü bu olur ki, gəlmişkən müayinə olunum. Sizcə, bu, nədən irəli gəlir, səhiyyəmizə etimadsızlıqdandır, yoxsa başqa səbəbi var?
- Sizə deyim ki, artıq 15 ildən yuxarıdır, bəlkə də 16-17 ildir mən hər il xaricdə tam müayinədən keçirəm. Yəni 3-4 gün özümün bütün tibbi göstəricilərimi öyrənmək, səhhətimdə problemlərin olub-olmadığını dəqiqləşdirmək üçün müayinə olunuram. Bu, artıq məndə ənənə şəklini alıb. Biz desək ki, Azərbaycanın səhiyyəsi Avropanın, qardaş Türkiyənin səhiyyəsi səviyyəsindədir, bu, yanlışlıq olardı. Əlbəttə, ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın digər sahələri kimi, səhiyyəni də inkişaf etdirmək, onun maddi-texniki bazasını yüksək səviyyəyə qaldırmaq üçün olduqca mühüm addımlar atılır. Həqiqətən də Azərbaycanda çox güclü səhiyyə ocaqları, klinikalar yaradılıb. Həm dövlətin nəzarətində olan, həm də özəl klinikalar texnologiyanın ən son nailiyyətlərinə əsaslanan avadanlıqlarla təmin olunub. Lakin bizdə bu avadanlıqları xaricdəki həkimlər kimi istifadə etmək imkanları aşağıdır. Bu da kiminsə günahı deyil. Çünki Azərbaycan özünün müstəqilliyinin 30 illiyini hələ tamamlamayıb. Nəzərə almalıyıq ki, bunun 15-20 ili əslində iqtisadi, sosial inkişafa, eyni zamanda səhiyyə, təhsilin inkişafınna yönəlib. Bizim müqayisə edə biləcəyimiz Avropa ölkələri səhiyyə sistemini yüz illərdir qurub. Biz bun cəmi 10-15 ildir qurmağa başlamışıq. Ona görə də təhsil sistemində novatorluq, müasirlik, modernləşmə, son texnoloji imkanlardan istifadə edərək diaqnozu dəqiqləşdirmək və biliyi artırmaq baxımından Azərbaycanda son illərdə əhəmiyyətli addımlar atılmaqdadır. Bir sıra sahələrdə artıq Azərbaycan həkimləri öz sözünü deməkdədir. Məsələn, ürək əməliyyatlarında, digər bir sıra cərrahiyyə əməliyyatlarında bizim səhiyyəmizdə sevindirici inkişafı şahidiyik.
- Amma yenə də siz öz ənənənizə sadiqsiniz...
- Bəli. Amma mən harada ki, müayinə olunuram - Avropada, ya Türkiyədə - harda imkan düşürsə, həmin ənənəyə uyğun olaraq müayinədən keçirəm. Düşünürəm ki, özünə hörmət edən, özünü qiymətləndirən hər bir şəxs ildə bir dəfə hökmən bütün müayinələrdən keçməlidir. Bilməlidir ki, səhhətində hansısa problem var, ya yoxdur. Varsa, dərhal onun üstünə düşür, onu aradan qaldıra bilir və həyatının qırılmasına imkan vermir. Yox, etmirsə, bir də görürsən getdiyi yerdə, maşında, küçədə, ya iş başında dünyasını dəyişir. İnsan gərək özünə qarşı bu qədər biganə olmasın.
- İcbari tibbi sığortanın tətbiqi vətəndaşların öz sağlamlığına diqqətini xeyli dərəcədə artırardı...
- Tibbi sığortanın tətbiqi də mühüm şərtdir. Tibbi sığortanın tətbiqi tibbin inkişafında son dərəcə mühüm bir mərhələ, mühüm bir vəsilədir. Azərbaycanın artıq üç rayonunda bununla bağlı pilot layihələr həyata keçirilir. Bu, özünün müsbət nəticələrini göstərir. Ölkə prezidentinin də 2018-ci ilin yekunları ilə bağlı çıxışında da bu məsələ öz əksini tapdı. Yaxın zamanlarda məncə, bu məsələ öz həllini tapacaq. Beləliklə, Azərbaycan tibb sistemində ciddi, əhəmiyyətli irəlililəyişlərə əsaslı zəmin yaradılacaq.
“Nazirlər Kabinetində təkrarlanan strukturların birləşməsi baş verəcək və... “ölü” qurumlar ləğv olunacaq”
- Yuxarıda xatırlatdığınız hökumətin iclasında prezident İlham Əliyev çox mühüm məsələlərə toxundu. İzləmək imkanınız oldumu?
- Yanvarın 11-də ölkə prezidentinin 2018-ci ilin yekunları ilə bağlı toplantıdakı çıxışı ilə mən qardaş Türkiyədə internet vasitəsilə tanış oldum. Orada prezident çox ciddi məqamlara toxundu. Xüsusi olaraq demək istərdim ki, 2018-ci ilin aprel ayında prezident seçkiləri keçirilərkən, səhv etmirəmsə, sizin də qəzetinizə verdiyim açıqlamalarda Azərbaycanın bütün sahələrdə islahatların aparılmasında yeni mərhələyə keçdiyi fikrini söyləmişdim və onu əsaslandırmağa çalışmışdım. Nəyə görə? Çünki ölkə prezidenti 2018-ci il prezident seçkiləri ərəfəsində və seçicilərlə görüşündə bütün bunların anonsunu vermişdi ki, 2018-ci il Azərbaycanda bütün sahələrdə yeni inkişaf mərhələsinin başlanğıcı olacaq. Bəli, biz 2018-ci ilədək çox böyük bir mərhələni keçdik. Azərbaycan sabitlik, iqtisadi yüksəliş və uğurlu xarici siyasət ölkəsi olaraq özünü təsdiq etdi. Əlbəttə, biz bununla kifayətlənməli deyilik. Çünki yeni çağırışlar, dünya miqyasında yeni situasiyalar, böyük rəqabət, güclülər və zəiflər arasında ciddi xarakterli qarşıdurmalar var. Biz bu ağır situasiyada təbii ki, zəif ola bilmərik, dövlət, xalq olaraq buna haqqımız çatmır. Ona görə də ölkə prezidenti məhz bütün bu çağırışların, yaranmış yeni situasiyaların ortaya çıxardığı tələbləri, təhdidləri, inkişaf perspektivlərini analiz edərək məhz 2018-ci ilin aprelində seçildikdən sonra baxın, bütün istiqamətlərdə geniş xarakterli islahatların daha da dərinləşməsi istiqamətində addımlar atdı. Bu islahatlar daha operativ, daha çevik, həm də sistemli xarakter daşımağa başladı. Təkcə 2018-ci ildə iki beynəlxalq təşkilat Azərbaycan haqqında apardığı araşdırmalarla hər birimizdə qürur doğuracaq rəqəmləri ortaya qoydu. Həm Davos Forumu Azərbaycanın inkişafına yüksək qiymət verdi. Həm də “Doing Business - 2019" reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəldi. Nəzərə alsaq ki, Azərbaycan Almaniyadan bir pillə geridə qərarlaşıb, Avstriyanı isə iki pillə qabaqlayır. Baxın, Azərbaycan MDB ölkələri içərisində birinci yerdədir.
- Demək, islahatların həyata keçirilməsi istiqamətində yeniliklərin şahidi olacağıq, eləmi?
- Təbii ki. Yuxarıda sadaladığım uğurlardan sonra ölkə prezidenti bir sıra baryerləri aşmaq üçün sahibkarlığın daha da inkişafı, əhalinin gündəlik ehtiyaclarının aradan qaldırılması, sosial problemlərin həlli üçün ASAN Xidmətə bərabər digər layihələrlə bağlı tapşırıqlar verdi və ayrı-ayrı strukturlar bunu reallaşdırmağa başladılar. DOST yaradıldı, sosial problemlərin həlli ilə bağlı. Eyni zamanda indi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaranması ilə kiçik və orta sahibkarların bütün problemlərini həll edəcək KOB evlərinin yaranması ilə bağlı artıq KİV-də məlumatlar gedir. Bununla bağlı artıq Bakıda, eyni zamanda regionlarda belə evlər yaradılacaq. Artıq sahibkarlar özlərinin bütün problemlərini məhz bu evlər vasitəsilə reallaşdıracaq. Onlar artıq ayrı-ayrı nazirliklərə, strukturlara müraciət etməyəcəklər. Əhalinin sosial problemlərini həll etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST sistemi yaradılıb. 124 məsələnin həlli məhz onların üzərində olacaq. Bütün bunlar çox ciddi islahatlardır. Bütün bunların mahiyyətinə varanda gəldiyim nəticə ondan ibarətdir ki, ölkə prezidenti cənab İlham Əliyev, heç şübhəsiz ki, artıq özünü böyük və yaradıcı islahatçı kimi təsdiq edib və o proses gedir. Əlbəttə, bütün bunların hamısı Azərbaycan xalqının rifahı, Azərbaycan dövləti, onun güclənməsi, onun iqtisadiyyatının daha möhkəm, daha dayanıqlı olması, ordumuzun güclənməsi üçündür, Azərbaycanın dünya dövlətləri içərisində inkişaf etmiş ölkələr sırasına çıxmasına hədəflənmiş olan iradənin ifadəsidir. Bütün bunların hamısı haqqında prezident son müşavirədə konkret fikirlər söylədi.
- Ölkə rəhbəri “bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır” dedi. Prezidentin bu fikirlərinin ardınca nə gözləmək olar? Adətən bizdə nazirliklər və komitələrin sayının çoxluğundan bəhs olunur. Hansı qurumların ləğvi baş verə bilər?
- Əlbəttə, mən onun təsnifatı barədə konkret fikir söyləyə bilmərəm. Ancaq ölkə prezidenti bununla da bağlı fikrini dedi. Bildirdi ki, artıq bu islahatlar aparılmalıdır, daha çevik, daha operativ, daha konkret idarəçilik sistemi yaranmalıdır. Belə fikirlər də söylədi ki, biz ayrı-ayrı agentliklər, strukturlar yaradırıq. Ancaq sonra baxırıq ki, onlar şişir və şişdikcə də təbii ki, həm idarəçilikdə problem yaranır, həm də xeyli dərəcədə büdcə vəsaitləri xərclənir. Ona görə məncə, Nazirlər Kabinetində də təkrarlanan strukturların birləşməsi baş verəcək və əslində “ölü” bir struktur olan, dövlətdən maliyyələşən ayrı-ayrı qurumlar ləğv olunacaq, buna qətiyyən şübhəm yoxdur. Biz 2019-cu ili daha ciddi şəkildə islahatların davam etdiyi il kimi görəcəyik, burada xüsusi olaraq idarəçilik sistemində, həmdə kadr sahəsində ciddi dəyişikliklərin şahidi olacağıq, buna qətiyyən şübhə yoxdur.
- Dövlət başçısının bəzi sahələrə rəhbərlik etmiş şəxslərlə bağlı münasibəti də ciddi məsəldir. Eyni zamanda, həmin sahələrin mövcud fəaliyyətindən razılığını ifadə etdi. Sizcə, bu, nəyə işarə idi?
- Bəli, ölkə prezidenti xüsusi olaraq büdcənin maliyyə vəsaiti ilə təmin olunmasında, büdcə yığımında çox mühüm rol oynayan ilk sahənin adını çəkdi. Bunlardan biri Vergilər Nazirliyi, digəri isə Dövlət Gömrük Komitəsi oldu. Həmçinin köhnə rəhbərlik haqqında tamamilə doğru olaraq çox sərt fikirlər söylədi. Biz də cənab prezidentin bu fikirlərini həmişə dəstəkləmişik və bu gün də o fikirləri müdafiə edirik, zamanında ölkə prezidentinin siyasətinə uyğun olaraq sözümüzü demişik. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində yeni təyinatlar özünün artıq doğrudan da ciddi və əhəmiyyətli nəticələrini göstərməkdədir. Əgər Gömrük Komitəsində ixrac-idxal əməliyyatlarında toplanan vergilərin həcmi xeyli dərəcədə artırsa... Vaxtilə orda toplanan vergilər heç 1 milyarda çatmırdı. Ancaq keçən il ancaq 3 milyarddan yuxarı vəsaiti Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarından vəsait toplayıb. Bununla büdcəyə geniş imkanlar yaradıbsa, o da dövlətimizin ciddi layihələrinin həyata keçirilməsinə xərclənibsə, bu, ancaq alqışa layiqdir. Artıq orda şəffaflıq təmin olunur, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və ciddi mübarizə gedir, biz mətbuatdan oxuyuruq. Belələri həbs olunur, işdən çıxarılır və s. Vergi sistemində çox ciddi islahatlar gedir, şəffaflıq var, heç bir əyinti yoxdur, sahibkarlar incidilmir, sahibkarlarla vergi məmurları arasında normal, sivil əməkdaşlıq mövcuddur. Mənə belə gəlir ki, yaxın zaman kəsiyində qanunlar çərçivəsində tam əsaslı münasibətlər olacaq. Hər bir ölkədə vergidən yayınmağa çalışanlar olur. Təbii bunun da qarşısı alınmalıdır, necə ki, alınır. Artıq “kölgə iqtisadiyyatı”na son qoymaq üçün ölkə prezidentinin ciddi çağırışları var. Mən inanıram ki, bu, həyata keçiriləcək. Həm də “kölgə iqtisadiyyatı”nı yarada bilən iqtisadi və maliyyə məsələləri də, yəni vergi sistemində aparılmaqda olan islahatlar elə bir elə bir istiqamətə yönələcək ki, mən düşünürəm ki, artıq sahibkar “kölgə iqtisadiyyatı” ilə məşğul olmağa ehtiyac duymayacaq. Bu da ölkə prezidenti tərəfindən çox vacib bir məqam kimi deyildi. Bu sahəyə önəm verilməsinin səbəbi budur ki, ölkə büdcəsini formalaşdıran Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsidir. Əgər bu iki qurumda sağlam mühit mövcuddursa, şəffaflıq varsa, rüşvətxorluq və korrupsiyaya qarşı çox ciddi mübarizə gedirsə, idxal-ixrac əməliyyatlarında yayınmalar yoxdursa, sahibkar Vergilər Nazirliyi tərəfindən sıxışdırılmır, əksinə, həvəsləndirilirsə, hökmən bu, Azərbaycan büdcəsinə nəzərdə tutduğumuzdan daha böyük üstünlüklər gətirəcək ki, bu da hər bir vətəndaşın maraqlarına uyğundur.
- Fəzail bəy, siz ölkədə olmadığınız günlərdə xəbər yayıldı ki, apreldə növbədənkənar parlament seçkiləri keçiriləcək. Sizcə, növbədənkənar parlament seçkiləri realdırmı?
- Artıq neçə vaxtdır bu məsələ mətbuata çıxır. Bilmirəm, apreldə və yaxud payızda olacaq. Ancaq gəldiyim nəticə budur ki, bir xalq mahnısı var: “Elin sözü əvvəl-axır düz olur” (gülüşmə). Bu qədər söhbətlər gedir, artıq mən də istisna etmirəm ki, ola bilsin 2019-cu ildə parlament seçkiləri keçirilsin.
Elşad PAŞASOY,
“Yeni Müsavat”