Mebel bazarı da çökür, mağazalar bağlanır... - FOTOLAR

2-11-2015, 11:06           
Mebel bazarı da çökür, mağazalar bağlanır... - FOTOLAR
...-Oktyabr ayında alverimiz tamam dayandı. Məhərrəmlik ayında toy olmur deyə mebel də çox alınmır. Amma tək səbəb bu da deyil. Alver əslində bu ilin fevralından çox zəifləyib. Manatın ucuzlaşması, bankların kredit şərtlərini dəyişməsi mebel bazarını çökdürüb.

-Axı siz asan şərtlərlə, yəni tək şəxsiyyət vəsiqəsi ilə kreditlə satış təklif edirsiniz...

-Yox, kreditlə satışı dayandırmışıq. Sadəcə mağazanın qarşısındakı reklamı yığışdırmamışıq...

...Bu, virtualaz.org saytının reportyorları ilə 8-ci kilometr qəsəbəsində yerləşən “Zəhra” mebel mağazasının sahibi Sədaqət Əliyeva arasındakı dialoqdandır.


...8-ci kilometr qəsəbəsi mebel bazarının mərkəzi hesab edilir. Son bir-iki ayadək metronun “Qara Qarayev” stansiyası ilə “Xalqlar dostluğu” stansiyası arasındakı ərazidə onlarla mebel mağazası fəaliyyət göstərirdi.

İndi isə mağazaların əksəriyyəti boşaldılıb, obyektlərin üzərində “Satılır”, “İcarəyə verilir” elanları yapışdırılıb. “Zəhra” mebel mağazasının yaxınlığında yerləşən iki mebel mağazası isə artıq profilini dəyişərək məişət texnikası satışına başlayıb.

Virtualaz.org saytının müxbirinin paytaxtın mebel bazarındakı vəziyyətlə bağlı araşdırması göstərir ki, hazırda ölkə bazarında Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Çin, İtaliya, Almaniya, Avsrtiya istehsalı olan mebellər satılır. Qiymətlər mebelin dizaynına, keyfiyyətinə, materialına, hətta rənginə uyğun dəyişir.

Amma müştərilər daha çox Türkiyə və Çin mallarına üstünlük verir. Kimi Türkiyə məhsullarını keyfiyyətinə, kimi də Çin mebellərini görkəminə görə seçir.


“Ticarəti banklar öldürdü”

“8-ci kilometr bazarı” ilə üzbəüz səkidə 15-dən çox mebel mağazası var. Mağazaların hamısının qapısından kreditlə satış elanları asılıb. Lakin cəmi 4 mağaza kreditlə mebel satır. Onlar isə müştərilərə bankla “dil tapmağı” tövsiyə edirlər.

Məsələn, mağazalardan birinin satıcısı Nəriman Məmmədov deyir ki, bankla “anlaşıb” kreditin qaytarılma müddətini 12 aydan 18 ayadək uzatmaq mümkündür:

-Biz yalnız “Bank of Baku” ilə işləyirik. Bank 1 illik kredit verir. Amma kredit şərtləri dəyişdirilib. İndi şərt budur ki, müştəri mütləq dövlət idarə və təşkilatlarında işləməlidir. Üstəlik əməkhaqqı yüksək olmalıdır. Bundan başqa, digər bankdan kredit götürənlərə kredit verilmir. Onlardan zamin, Bakı qeydiyyatı tələb edilir. İş yerindən arayış alanlara da bəzən kredit vermək istəmirlər. Bu adamların ev ünvanı, telefonu, kommunal borcları araşdırılır. Buna görə də kreditlə mebel sata bilmirik.

-Bəs kreditlə satışın dayanması alverə necə təsir edib?

-Əvvəllər alverin 80 faizi kreditin hesabına olurdu. İndi əksər hallarda dollarla kredit təklif edilir. Nəticədə müştəri mebelin dəyərindən ikiqat artıq kredit ödəməli olur. Bəzən kreditin qaytarlma vaxtına görə də narazılıq edirlər. Ona görə də gərək bankla “dil tapasan”. Yoxsa çətin olur...

“Qiymətləri aşağı saldıq ki…”

“Fevralda baş verən devalvasiyasından sonra müştərilərimiz xeyli azaldı. Biz də qiymətlərdə endirim etməyə məcbur olduq” - bunu isə mətbəx mebellərinin istehsalı ilə məşğul olan sexin rəhbəri Aydın Bayramov söyləyir.

A.Bayramov deyir ki, indi mebelin bir kvadratmetrini avadanlığın keyfiyyətinə, rənginə, görünüşünə görə 250-270 manata hazırlayırlar: “Əvvəl qiymətlər 300-350 manat arasında dəyişirdi. İndi alıcılıq qabiliyyəti zəifləyib, ona görə də qiymətləri aşağı salmışıq. Amma yenə də alıcı azdır. Bəzən ayda bir dəfə sifariş qəbul edirik. İşçilərin sayını azaltmışıq, mağazalardan birini bağlamışıq. Amma yenə də işləmək olmur, daha doğrusu, işləmək sərf etmir”.

Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı mebel mağazasının sahibi Akif Hüseynov isə deyir ki, son 3 ayda qonaq otağı üçün bircə dəst də mebel sata bilməyib: “Son 3 ayda iki yataq dəsti, bir də yumşaq mebel satmışam. Onları da köhnə qiymətlərə vermişik. Əhali məcburiyyət qarşısında qalmayanadək mebel almır. Cehiz alanlar isə malı keyfiyyətinə görə deyil, görünüşünə görə seçirlər. Məsələn, Çindən gətirilən bu mebel dəsti taclıdır, qaşla bəzədilib. Çarpayının yuxarısında işləmələr var. Amma bəzən məcburiyyət qarşısında qalıb yataq, ya da divan dəsti alanlar olur”.

İcarəyə götürülmüş mağazalar boşaldılır

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı “Praqa” mebel mağazası boşaldılıb. Obyekt isə icarəyə verilir.

Yaxınlıqdakı digər mebel mağazasının sahibi Arzu Quliyeva deyir ki, qonşuluqda artıq iki mebel mağazası bağlanıb: “Bu, mənim şəxsi obyektimdir, yəni yerhaqqı vermirəm. Yer icarəyə götürüb mebel satanların işi daha çətindir. Bu halda ticarət sərf eləmir. Gərək satış olsun ki, icarə haqqını da ödəyə bilsinlər. Ona görə də icarəyə götürülmüş mağazaları boşaldırlar. Tək icarə haqqı ilə də xərc bitmir. Vergi verilməlidir, satıcılara pul ödənilməlidir. Hələ üstəlik kommunal xidmət haqqı verilməlidir”.

“Sevinc” mebel mağazasının sahibi Nərminə Vəliyeva isə mebel bazarının dirçəlməsi üçün dövlət yardımına ehtiyac olduğunu düşünür: “Azərbaycanda da mebel istehsal edilir. Amma əksər alıcılar xaricdən gətirilən mebellərə üstünlük verir. Çünki yerli malın keyfiyyətinə inam yoxdur, görünüşü də müştərinin xoşuna gəlmir. Amma mebel sənayesi inkişaf etsə, yerli məhsulların keyfiyyəti, görünüşü yaxşılaşsa, çoxu yerli mallara üstünlük verər. Bunun ölkəyə də, dövlət büdcəsinə də böyük faydası olar. Yeni iş yerləri açılar. Ona görə də bu sahəyə dövlət qayğısı, dövlət yardımı lazımdır”.

N.Vəliyevanın fikrincə, mebel bazarındakı vəziyyətin dəyişməsi üçün konkret tədbirlər görülməlidir: “Banklar şərtləri yumşaltmalıdır. Bizim mağaza “Əmrahbank”la işləyir. Əvvəl vəziyyət yaxşı idi. İndi isə yox. Vəziyyət bu cür davam etsə, tezliklə mağazanı bağlayacağıq. Kredit şərtlərinin dəyişməsi müştəriyə sərf etmir. İndi dövlət müəssisəsində, nazirliklərdə çalışanların sayı azdır. Həm də dövlət qurumlarında işləyənlərin məvacibi yüksək deyil. Buna görə də ayda heç bir-iki mebel dəsti də sata bilmirik”.

Sonda mebel bazarındakı bahalığı da xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, sahibkarlar mağazalarda qiymətlərin dəyişmədiyini, əksinə, aşağı salındığını söyləyirlər. Əslində belə deyil.

Satıcılar isə bahalığa da baxmayaraq məhərrəmlik ayının çıxmasını gözləyirlər. O ümidlə ki, toy olsa, cehizə tələbat olsa, satış da olacaq, iqtisadi inkişaf da...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.