Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı

8-08-2019, 08:28           
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı
“Bir sübutları, faktları yoxdur, amma...”
ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğlu, Bakunews.az-ın təsisçisi Mirkənan Seyidov məhkəmə zalında həbs olunub. M.Seyidov saytın əməkdaşı Cəlal Məmmədovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.

İttihama görə, M.Seyidov və C.Məmmədov paytaxtdakı bir sıra kafe və masaj salonlarını idarə edən Mehman Həsənovu biabır edəcək məlumatlar yaymaqla hədələyib, pul alıblar. İttihamda bildirilir ki, onlar M.Həsənovdan üç dəfə 400 manat pul alıblar. Növbəti dəfə 1000 manat tələb edəndə isə M.Həsənov polisə şikayət edib. Məhkəmənin hökmü ilə M.Seyidova 4 il 11 ay 28 gün, C.Məmmədova 5 il 3 ay həbs cəzası verilib.

M.Seyidov və C.Məmmədov ittiham üzrə özlərini təqsirli bilmədiklərini, ittihamda yazılanlarla razılaşmadıqlarını bildiriblər. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Mehman Həsənov özü də bir müddət əvvəl əxlaqsızlıq yuvası saxlama ittihamı ilə həbs olunub.

Sərdar Cəlaloğlu deyir ki, bacısı oğlu ilə bağlı hələ ki ilkin məhkəmənin qərarı var. Bunun apelyasiya, ali instansiya məhkəmələrinin də qərarları olacaq. “Qərar çıxarılıb, amma o demək deyil ki, qərar ədalətlidir. Hər halda, ədalətli qərar çıxarılar. Günahı varsa, gedib cəzasını çəkər, yoxdursa, bəraət verib azad edərlər”.

S.Cəlaloğlu deyir ki, bacısı oğlunun işi üzrə proses 1 ildən artıqdır ki, davam edir. Həmin müddətdə bacısı oğlu Mirkənan Seyidov dəfələrlə ailə üzvlərinə, anasına məlumat verib ki, məhkəməni əsassız yerə uzadırlar: “İş üzrə fakt, sübut yoxdur. Sadəcə, adamı cəlb ediblər və məsələni uzada-uzada gediblər. İşdə başqa nüanslar da var. Biz hazırda bunları araşdırırıq”.

Sərdar Cəlaloğlu deyir ki, Mirkənan Seyidovun həbsinin arxasında kimlərin dayandığı haqda təxminləri, bilgiləri var: “Mirkənanın 4 övladı var. Ən böyüyünün 9 yaşı var. Özü 2-ci qrup əlildir. Mirkənan nə qədər ağır cəza törədib ki, yüngülləşdirici halların heç biri nəzərə alınmayıb? Məhkəmə fikirləşmir ki, 2-ci qrup əlil olan Mirkənanın 4 azyaşlı uşağını kim saxlayacaq? Cinayət Prosessual Məcəllənin yüngülləşdirici hallarla bağlı konkret maddələri var. Hakim ittiham üzrə mümkün olan ən ağır cəzanı təyin edib. Hakim qərəzli deyilsə, niyə onun əlil olmasını, 4 övladının himayəsində olduğunu nəzərə almayıb?”

Sərdar Cəlaloğlu deyir ki, Azərbaycanda hər kəs masajxanaların əslində hansı fəaliyyətlə məşğul olmasını bilir: “Dəfələrlə masajxanalarda olan durumla bağlı saytlarda videolar yayılıb. Orada nə oyunlardan çıxırlar, bunu bilməyən yoxdur. İndi jurnalisti tutublar ki, niyə bu haqda yazır? Heç material da onun özünün olmayıb, başqa bir saytdan götürüb yayımlayıb. Həmin material üzrə araşdırma aparıb cinayət işi başlamaq, günahkarları cəzalandırmaq əvəzinə, cinayət haqda məlumat verən şəxsi həbs edirlər. Demək istəyirlər ki, yazılanlar yalandır? Bütün masajxanalar, hotellər əxlaqsızlıq yuvası deyil? Bunu Azərbaycanda bilməyən var? İki gündən bir ərəblər hotellərdə ölür. Səbəbi bilməyən var? Hotellərdə oğurluqlar, quldurluqlar olur, bu haqda Daxili İşlər Nazirliyi də rəsmi məlumatlar yayır. Bu da masaj salonları ilə bağlı götürüb bir yazını istinadla verib. Bundan sonra barəsində cinayət işi başlayıblar, şər atıblar ki, gəlib bizdən pul istəyib. Özü də başqa adamın onun adından pul istəməsini deyirlər. Bir sübutları, faktları da yoxdur, amma götürüb belə bir qərar veriblər. Çalışacağıq ki, digər instansiyalarda məsələni araşdıraq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.