“İlqar Əliyevin bildiyi sirr dövlət əhəmiyyətli deyil, məişət xarakterlidi” - sabiq MTN zabiti
21-12-2015, 13:58
Xəbər verildiyi kimi MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asaraq öldürüb.
Turkustan.info bildirir ki, xəfiyyə sistemində çalışanların kritik məqamda özlərinə qəsd etməsi, intihara əl atması presedenti var.
Maraqlıdır, MTN polkovniki İlqar Əliyevin həbsxanada özünü asaraq həyatına qəsd etməsini "çekist intiharı" kimi xarakterizə etmək olarmı? Ümumiyyətlə, belə bir qayda - sirlərin qorunmasına ehtiyc duyulduğu anda xəfiyyə işçisinin intihara əl atması hansısa yazılmış və ya yazılmamış rəsmi tələblə tənzimlənir, yoxsa, şəxsi qərar olur?
Keçmiş MTN polkovniki İlham İsmayıl Turkustan.info-ya açıqlamasında bildirib ki, müharibə dövründə düşmən əlinə keçməmək üçün mülki vətəndaşların, hərbiçilərin özünü öldürməsi çox rast gəlinən hadisədir: “Xüsusi xidmət orqanlarında belə hallar adətən kəşfiyyatçılar və xarici dövlətə xidmət edən casuslar arasında baş verir. Casus öz dövləti tərəfindən tutulub ifşa olunduğunun reallığını biləndə bu addımı ata bilər. Bu yazılı qanunla tənzimlənmir. Şəxsi qərardır. Mümkündür ki, tapşırıqdan əvvəl tez ölüm gətirən zəhərdən istifadə olunsun və bu maddəni könüllülük əsasında həmin şəxsə verilsin, amma ondan istifadəyə imkan tapmaya da bilər. Belə hallar casusluq tarixində olub.Özünə qəsd şəxsi qərardır,hətta belə bir tapşırıq olsa belə”.
İlqar Əliyevin həbsxanada özünü asaraq həyatına qəsd etməsinnə gəlincə İlham İsmayıl bu olayın "çekist intiharı" olmadığı qənaətindədir: “İlqar Əliyevin bildiyi sirr dövlət əhəmiyyətli deyil, məişət xarakterlidi. Törətdiyi əməllərin (məhkəmə olmadığı üçün cinayət demək hüquqa ziddir) ifşa olunması cəmiyyətdə qınaq hədəfi olması və sair özəl səbəblərdən yaranmış daxili sarsıntının nəticəsi kimi dəyərləndirmək daha ağılabatandır. Amma, bu da son həqiqət deyil. İlqar Əliyev "MTN işində" tək olmayıb, başqa tutulan və tutulmayanlar var. İçəridən və çöldən olan sifariş, təzyiq versiyası istisna olmasa da onun sübutu zamana bağlıdır. Hələ ki, rəsmi açıqlamaya aid münasibətim belədir”.
Qeyd edək ki, İlqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.