"İndi bəlkə ermənilər istəyirlər ki, Azərbaycan tərəfi onlar üçün qonaqlıq təşkil etsin, yeyib-içib kökləsinlər?" - REAKSİYA

23-12-2015, 20:28           
"İndi bəlkə ermənilər istəyirlər ki, Azərbaycan tərəfi onlar üçün qonaqlıq təşkil etsin, yeyib-içib kökləsinlər?" - REAKSİYA
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bu gün açıqlama verərək cəbhə xəttində atəşkəs rejiminin başa çatdığını bəyan edib.

“Azərbaycanla atəşkəs bitib, bölgədə açıq müharibə gedir”, -deyə Ermənistan rəsmisi qeyd edib.

Ovanisyanın bu fikrinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov AzVision.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfinin bu iddiaları əsassızdır.

Ekspertin sözlərinə görə, düşmən cəbhə xəttində baş verən itkiləri gizlətməyə çalışır: “Ovanisyan ciddi adam kimi qəbul etmirik. Onun atəşkəsin bitməsi, müharibənin başlanması ilə bağlı mövqeyi də boş, mənasızdır. Ovanisyan hansı müharibədən danışır? Ermənilər gəlib Azərbaycanın ərazisini işğal edib, orada yerləşiblər. İndi bəlkə istəyirlər ki, Azərbaycan tərəfi onlar üçün qonaqlıq təşkil etsin, yeyib-içib kökləsinlər?

Azərbaycan kifayət qədər səbr göstərdi, dözüm nümayiş etdirdi. Əgər ermənilər Azərbaycan torpaqlarından çəkilib getmək istəmirlərsə, göz yaşları tökə-tökə bir əsgərin dəfn olunma mərasimini sosial şəbəkələrdə yayırlarsa, bu zaman Azərbaycan tərəfi nə etməlidir? Sən Azərbaycan torpaqlarında həyasızlıq edirsən, torpaqlarımızı atəşə tutursan, sonra da deyirsən ki, Azərbaycan tərəfi iriçaplı silahlardan açır”-deyə hərbi ekspert vurğulayıb.
Ü.Cəfərov hesab edir ki, atəşkəsin bitib-bitməməsini Artsrun Ovanisyan və digələri həll etmir.

“Cinayətkar Sarkisiyan və Ohanyan cəbhədki gərginlikdən diqqəti yayındırmaq üçün min oyundan çıxır. Onlar bu məqsədlə cəbhə bölgəsində müxtəlif təxribatlar törətməyə cəhd edirlər. Ermənilər son vaxtlar aldıqları zərbələrin təsirindən belə fikirlər səsləndirirlər. Azərbaycan tərəfi çoxdan arzulayır ki, atəşkəs rejimi pozulsun və məsələ həll olunsun. Bu bizim üçün daha əlverişli variantdır. Ermənilər itkilərini ört-basdır etmək üçün belə edirlər. Ovanisyanın söylədiyi fikirlərin heç bir əsası yoxdur”.

Ekspert erməni tərəfinin cəbhə xəttində gərgin döyüşlərin getməsiilə bağlı fikirlərə də münasibət bildirib: “Cəbhədə döyüş getmir. Bunlar hamsı boş söhbətlərdir. İtki verən tərəf bilməlidir ki, döyüş zamanı tanklar, təyyarələr hərəkətə keçir. İndi isə cəbhə xəttində hansı belə hərəkətdən söhbət gedir? Əlbətdə ki, erməni tərəfinin atəşkəsi pozmasının şahidi oluruq. Bəzi adiyyatlı beynəlxalq qurumlar da onların bu həyasızlıqlarına göz yumurlar. Ermənistan tərəfinin açdığı atəşlərə Azərbaycan tərəfi əvvələcdən bəyan etdiyi kimi daha ağır formada cavab verir. Mən bir peşəkar hərbçi kimi buna döyüş deməzdim. Döyüş hərəkət, dinamika deməkdir”.

Hərbi ekspert Rəşad Süleymanov isə hesab edir ki, atəşkəs formal olaraq 21 ildir kağız üzərində mövcuddur.

Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Bir sözlə protokol tərəfləri məcbur etmir.

“Sadəcə tərəflər atəşkəs üçün razılığa gəliblər. “Bişkek protokolu” na görə tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ötən ilin avqust ayından cəbhədə artilleriyadan istifadə olunur. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir”.

Qeyd edək ki, 4 bəndlik “Bişkek protokolu”nda münaqişə bölgəsinə hərbi müşahidəçilərin də cəlb olunmasını müəyyən edir. Tərəflər sülhməramlı qüvvələrin yerləşdirilməsindən imtina edirlər. Beləliklə, artıq 21 ildir Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində heç bir daimi əsasda sülhməramlı kontingent yoxdur. Tərəflər atəşkəsi heç bir vasitəçi olmadan qoruyurlar. Məhz bu səbəbdən də atəşkəs rejiminin pozulması və insan itkiləri zamanı günahkar tərəfi müəyyən etmək qeyri-mümkün olur. Təmas xətti yalnız zaman-zaman ATƏT müşahidəçilərinin monitorinqi zamanı yoxlanılır. Bu gərginliyi aradan qaldırmağa imkan vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.