Cərimələr niyə artırılır?

24-12-2015, 13:55           
Cərimələr niyə artırılır?
Son günlər Azərbaycanda yeni cərimə növləri tətbiq edilməyə başlanıb. Məsələn, 30 iş günündə 7 dəfə dərsi buraxan şagirdlərin valideynləri 100 manat məbləğində cərimələnəcək. Bundan başqa evdə səs salanlar, valideynlərinə baxmayan övladları da cərimə gözləyir.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, cərimələrin bir neçə dəfə artırılması büdcəni doldurmaq məqsədi daşımır. Deputatın fikrincə, qəbul olunan qərarlarda dövlət büdcəsinə əlavə vəsaitin daxil olması da nəzərdə tutulub:

“Büdcədə neftin qiyməti 50 dollar götürülüb. Amma yanvar ayından neftin qiymətində dəyişiklik olması gözlənilir. Büdcədə 2016-cı il üçün hər hansı problem yoxdur. Bu il oktyabr ayında sahibkarlığın inkişafı ilə əlaqədar bir sıra qanunlar qəbul edildi. Dövlət tərəfindən vergilər azaldıldı. Bunların hamısı büdcə ilə bağlı məsələlər idi. Əlbəttə, dövlət büdcəsinə əlavə vəsait daxil olması da nəzərdə tutulub. Hansı sahəbə həddindən artıq hüquq pozuntusu baş verirsə, bu məsələlərə mütləq baxılır.Təkcı insanlar yox, hüquqi şəxslər üçün də cərimələrin miqdarı artırılıb”, -deyə V.Əhmədov bildirib.

İqtisadçı Samir Əliyevin fikrincə, cərimələrin artırılması büdcə gəlirlərinin artırılması üçün həyata keçirilir: “Neftin ucuzlaşması Azərbaycanın gəlirlərini xeyli azaldıb. Neft gəlirləri kəskin azaldığına görə, büdcədə kəsrlər yaranıb. Vaxtilə yaxşı işləməyən mənbələrə fikir verilməyə başlanılıb. Baxmayaraq ki, həmin sahələr büdcədə ciddi paya malik deyil. Hər halda bundan sonra da hökumət, Vergilər Nazirliyi yeni mənbələr axtaracaq. Bu günə kimi vergiyə cəlb olunmayan sahələr vergiyə cəlb olunacaqlar”.

Qeyd edək ki, Azərbaycanda icazəsiz müalicə, profilaktika, diaqnostika və reabilitasiya üsullarının reklamına görə 2 min manatadək cərimə tətbiq ediləcək. Yeni İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən bu cür üsullarınreklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərinin tibbi müayinəsinin təşkil edilməməsinə görə cəzalar müəyyənləşdirilib.

Belə ki, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə ediləcək.

Bundan başqa, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Azərbaycanda metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr də artırılır. Bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Məcəlləyə edilən dəyişikliyə əsasən, eskalatordan sürahinin üstünə əşya qoymağa görə cərimə hazırki İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 15 manatdan 20 manata qədər artırılır.

Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə cərimə isə 10 manatdan 15 manata qaldırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.