“Yadıma gəlmir ki, hansısa nazir jurnalist sorğusuna görə 5 qəpik cərimələnsin” - Elçin Şıxlı

25-12-2015, 12:53           
“Yadıma gəlmir ki, hansısa nazir jurnalist sorğusuna görə 5 qəpik cərimələnsin” - Elçin Şıxlı
Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, bu sorğuları cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur.Bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunub.
Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.
Maddənin ikinci hissəində isə verilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, hzırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.
Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Maraqlıdır, jurnalist sorğusuna cavab verməyən və ya bu sorğuları vaxtında cavablandırmayan şəxslərlə bağlı nəzərdə tutulan cərimələrin artırılması məlum sahədə vəziyyətin yaxşılaşmasına səbəb olacaqmı? Cərimə siyasəti ilə məmurları jurnslist sorğularına həssas yanaşmağa vadar etmək mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən fəlaliyyətini dayandırmış “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı məlum qanun dəyişikliyinin ciddi səmərə verməyəcəyi qənaətindədir. Baş redaktorun sözlərinə görə, bu günə qədər bu qanuna əsasən hansısa nazirin cərimələnməsi halına rast gəlinməyib ki, bu da qeyd olunan qanunun işləməməsindən xəbər verir:
“Mən belə düşünürəm ki, bu qanun məmurlara jurnalist sorğularına həssaslıqla yanaşmasını təmin etməyəcək. Həmin cərimə cəzası bundan öncə də var idi, sadəcə, onun miqdarı az idi. Amma indiki devlvasiyanı nəzərə alsaq, deyə bilərik ki, heç nə dəyişmir. Məbləğ yenə potensial olaraq həminki məbləğdir. Mənim yadıma gəlmir ki, həmin qanuna əsasən bu vaxta qədər hansısa nazir heç olmasa 5 qəpik cərimələnsin. Belə bir şey olmayıb. Qanunun mövcud olmağı bir məsələ, onun işləməyi, tətbiqi isə tamam başqa məsələdir. Buna görə də mən düşünmürəm ki, hansısa 100 və ya 200 manatdan ötrü jurnalistin sualına və ya ümumilikdə jurnalist peşəsinə həssas yanaşılsın. Çünki buna həssas yanaşmaq üçün jurnalist peşəsi və işinin nədən ibarət olduğunu bilmək, onun mahiyyətini anlamaq lazımdır. Şübhəsiz, mən əsl jurnalistikanı nəzərdə tuturam. Bunun mahiyyətinə fikir verilmirsə, onun mahiyyəti barəsində düşünmək istəmirlərsə, o zaman hansı qanunun qəbul edilməsinin heç bir mənası yoxdur. Bu, heç bir əhəmiyəti olmayan bir dəyişiklikdir. Ölkədə qanunlar işləmir. Əgər qanunlar işləsəydi, o zaman demək olardı ki, bu dəyişikliyin nə isə bir təsiri olacaq. Indiki devalvasiya şəraitində 70 manatlıəq cərimə 200 manata qaldırılıbsa, bu o deməkdir ki, prinsip etibari ilə heç nə dəyişilməyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.