“Sərdar Cəlaloğlu maskalanmış vəhhabidir” - Hacı Əbdül
28-12-2015, 12:08
Modern.az saytınının “Siyasətçi və din” rubrikasının budəfəki müsahibi “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülovdur. Onunla söhbəti təqdim edirik:
-Mən belə düşünürəm ki, uşaqlıqdan dindar olmusunuz. Valideynləriniz sizi dinə maraq göstərməyə sövq edirdi, yoxsa özünüzün daxilinizdə maraq var idi?
-Bismillahir-rəhmanir rəhim! Mənim ailəm dindar olub. Mən gözümü açandan evimizdə atam, anam, nənəm, babam namaz qılıb, oruc tutub, “Quran” oxuyub. Buna görə də, uşaqlığımdan məndə dinə maraq yaranıb. Ağlım kəsəndən ibadət etməyə başlamışam. Amma bəzən ibadətləri dayandırmışam. Yetkin vaxtlarımda da belə şeylər olub. Evə gəlmişəm, din məni cəlb edib, çölə çıxmışam mühit məni cəlb edib. O vaxt bilirsiniz ki, ateizm tədris olunurdu.
-Bu sualı müsahiblərimizin əksərəiyyətinə verirəm və sizə də ünvanlamaq istəyirəm. Ateizm sizə təsir etmişdimi?
-Ateizmin məktəblərdə tədrisi zərrə qədər də mənə təsir etməmişdi.
-Bəs ateizmə münasibətiniz necədir?
-Çox pis.
-Ateizmə münasibətinizi anladıq. Bəs fərd olaraq ateistlərin özü barədə düşüncələriniz nədir? Onları tövbəyə çağırırsınızmı? Və ya əlinizdə imkan olsa onları cəzalandırarsınızmı?
-Mən onları cəzalandırmazdım. Amma mən ateistləri tövbəyə çağırıram. Çünki İslam zorakı din deyil. İslam dini qəlblə, məhəbbətlə sevilməlidir. Zorla ateistlərə İslamı qəbul etdirsək, biz dinin içərisində münafiqlər, düşmən yaratmış olarıq. Amma qəlblə, öz xoşu, məhəbbətlə kimsə İslama gəlirsə, bu başqa şeydir. Onlar təmiz İslamı yaşamış olurlar.
-Ateistlər var ki, ölümlərinə qədər dini və Allahı qəbul etmirlər. Dini terminologiyada ateistlər kafir adlanır. İndi onlar tövbə etməsələr, o biri dünyada əzab çəkənlərdən olacaqlar?
-Ateistlər sözsüz ki, o biri dünyada cəzalanacaq, cəhənnəmdə əzab çəkəcək. Onlar əbədi olaraq cəhənnəmdə yanacaq. Ateistlərlə yanaşı, Allaha şərik qoşanlar da cəhənnəmdə yanacaqlar. Amma Allaha inanıb və əməlini düzəldə bilməyənlər, nəfsinə məğlub olanlar bu dünyada tövbə edib o biri dünyaya getsələr, Allah onları bağışlayar. Yox əgər, belələri tövbə etməmiş halda o biri dünyana getsələr, inanmıram ki onlar, əbədi olaraq kafirlərlə bir yerdə yansınlar. Onlar müvəqqəti bir müddətdə əzab çəkərlər. Belə insanlarda bu dünyada Allah məhəbbəti olduğu üçün Allah onları o biri dünyada gec-tez əzabdan azad edər.
-Belə bir sual vermək zərurətini hiss edirəm. İnsan var ki, ateistdir, amma bəzi dindarlardan çox yaxşı, xeyirxah insandır. Onlardamı cəhənnəmdə dəhşətli əzablara düçar olacaq?
-Heç bir fərqi yoxdur, istər yaxşı insan olsunlar, istər pis. Onlar hamıdan çox zülm çəkəcək. Allaha şərik qoşanlar, ateistlər necə insan olur olsun, dəxli yoxdur, cəhənnəmdə əbədi əzab çəkəcəklər, yanacaqlar. Ateistlər qızıl da olsa, bütün bəşəriyyəti qızıla da qərq etsələr, onların hamısı cəhənnəmlikdir.
-Bir az sərt oldu. Bu gün ADP sədri Sərdar Cəlaloğlu siyasətlə paralel olaraq dinlə də məşğul olur, hətta dini mövzuda çoxlu açıqlamalar verir. Onun düşüncələri, mövqeyi sizdə nə reaksiya doğurur?
-Əvvəla onu deyim ki, Sərdar Cəlaloğlu çox gözəl şəkildə maskalanmış vəhhabidir. Onun bütün ideyaları, danışıqları bunu deməyə əsas verir. Amma o, hərdənbir İslam barəsində xoşməramlı ifadələr səsləndirir ki, vəhhabiliyini gizlətsin. Halbuki, Sərdar Cəlaloğlu sırf vəhhabidir.
-Mən Sərdar bəylə üzbəüz söhbət etmişəm, amma mən siz dediyiniz kimi düşünmürəm. Lakin ortada bir iddia varsa, bunu da əsaslandırmaq lazımdır. Siz hardan o qənaətə gəlirsiniz ki, Sərdar Cəlaloğlu vəhhabidir?
-Məni bu qənaətə gətirən səbəb budur ki, onun dedikləri, fikri, ideyaları vəhhabi ideyalarıdır. Vəhhabilər də deyir ki, nə peyğəmbər, o da bir insan olub, ölüb gedib...
-Mənə elə gəlir ki, Sərdar Cəlaloğlu belə bir şey deməyib.
-O deyir ki, müqəddəs bir şey yoxdur. O bildirir ki, bir dənə müqəddəs var, o da Allahdır. Qalanları isə hamısı günahkar bəndələrdir.
-Məncə, o siz dediyiniz məsələni peyğəmbərə yox, imamlara aid edir.
-Sərdar Cəlaloğlu bunu peyğəmbərlərə də, imamlara da aid edir. O vurğulayır ki, müqəddəs yoxdur. Sərdar Cəlaloğlu qeyd edir ki, bəndələr hamısı günahkardır. Hətta misal da çəkir ki, Adəm peyğəmbər günah işlətdiyinə görə cənnətdən qovulub. O, bu ştrixlərlə göstərir ki, vəhhabidir. Ancaq özünü gizlətmək cəhdləri də çoxdur. Bu adam vəhhabilərdən də təhlükəlidir. Vəhhabilər heç olmasa, açıq şəkildə öz əqidələrini bildirirlər. Bu isə, özünü maskalayıb. Görün nə deyir. Deyir ki, mənim qabağımda filan alimin cildlərlə kitabları var və kitablarda nə qədər nöqsanlar var. Bu özünü elə aparır ki, guya din alimlərinin hamısından üstündür. Demək istəyir ki, İslam alimlərinin dünyada heç bir rolu yoxdur. “İslam alimləri nəyə lazımdır?!” deyir.
-Söhbət Sərdar Cəlaloğlunun üzərində kökləndi. Ona görə də əlavə suallar ortaya çıxır. Bu siyasətçi təriqətlərə qarşı çıxdığını bildirir...
-Bir dəqiqə, mən sizin sözü kəsməli olacağam. Onu bir fikri də var ki, bütün təriqətlər eynidir. O vəhhabiliyi digər təriqətlərin içərisində gizlədir.
-Sualımın davamını gətirim. Siz İslamda təriqətlərin olmasını normal bir hal kimi qəbul edirsinizmi?
-Bəli. Özünüz bilirsiniz ki, mən şiə təriqətəndənəm.
-Şiəliyin İslam içərisində ən ali təriqət olduğunu sübut etməyə çalışanlar var. Siz necə təsəvvür edirsiniz, şiəlik İslama yaxınlıq kriteriyasına görə digər təriqətlərdən üstün hesab oluna bilərmi?
-“Şiə” sözü tərəfdar deməkdir. Yəni peyğəmbərin, əhli-beytin, imamların tərəfdarı. “Tərəfdar” sözündən çıxış etsək, deyə bilərik ki, vəhhabilər də öz təriqətlərində şiədirlər. Yəni onlar da nəyinsə tərəfdarıdır. Bir sözlə, tərəfdar mənasında şiədirlər. Onlar da Əbdülvahhabın şiələridir. Sərdar Cəlaloğlu da Əbdülvahhabın şiələrindəndir.
-Amma mən müşahidə edirəm ki, şiəliyə bütün qəlbi ilə bağlananlar, digər təriqətdən olanları qəbul etməkdə çətinlik çəkirlər. Şiələr vəhhabiləri qəbul etmir, vəhhabilər də onları. Onlar imamları qəbul etmir, amma sizlər də, onlar da peyğəmbərə Allaha inanır, ibadət edirlər. Bir az kompleks şəkildə yanaşaraq sual edirəm: bəs konfliktlərə səbəb olan problemlər hardan qaynaqlanır?
-Şiələrlə sünnilərin heç bir problemi yoxdur. Qətiyyən belə bir şey yoxdur. “Sünni” sözü “sünnə” sözündən götürülüb, bu o peyğəmbərin buyurduqlarına əməl etmək deməkdir. Şiələr özləri həm sünni, həm də şiədirlər. Biz Məhəmməd peyğəmbərin buyurduqlarını ediriksə, demək bu mənada biz sünniyik.
-Vəhhabiləri əhli-sünnə kateqoriyasına daxil etmək düzgündürmü?
-Onlar özlərinə elə deyirlər, amma elə deyillər. Vəhhabilər özlərini əhli-sünnənin arxasında gizlədirlər. Bir şeyi deyim. Onlar namaza duruşda qolları bağlı dayanırlar. Şiələr isə qolu açıq dayanır. Amma sünnilərin hamısı qolu bağlı dayanmır. Onlardan bəziləri qolu açıq dayanır, bu baxımdan şiəliyə çox yaxındırlar. Vəhhabilər isə bizim əksimizə gedərək qollarını bağlayırlar və sünnilərin arxasında gizlənə bilirlər. Lazım gələndə özlərini sünni kimi qələmə verə bilirlər. Onlar sünnilərin yanında özlərinə vəhhabi yox, sələfi deyirlər. Min cür adlarla maskalanırlar. Onlar bu baxımdan bəzi sünnilərə təsir edə bilirlər. Kimlər ki, dini bir az zəif bilir, savadı azdır, vəhhabilərə qoşulur. Vəhhabilər savadsızlıqdan və imkansızlıqdan istifadə edib bəzilərini öz tərəflərinə çəkə bilirlər.
-Mən ibadət etmirəm. Amma ibadət etsəm, qolumu açıq ya da bağlı qoymağa elə də əhəmiyyət vermərəm. Yəni əsas ibadət deyilmi? Kiminsə qolunu bağlaması, kimininsə açıq qoymasının nə fərqi var?
-Bizim imam Hüseyn məscidi tövbə məscididir. Özüm də “Tövbə” cəmiyyətinin sədriyəm. 1985-ci ildən bu yana mən Orta Asiyada, Tatarıstanda cəmiyyətlərimizi formalaşdırmışıq. O cəmiyyətlərimizdəki əksəriyyət sünnidir. Biz o yerlərdə tövbə məscidləri tikdirmişik. Bizim aramızda sünni-şiə söhbəti yoxdur. Heç bir ixtilafa səbəb olan söhbət ola bilməz. Bu gün bizim məscidə sünnilər də gəlir, şiələr də. Onlar bir yerdə namaz qılırlar.
-Azərbaycanda öz dilləri ilə desək, sələfilər var və onların başında duran din xadimi hacı Qamət Süleymanovdur. Onun da tərəfdarları var. Onu savadlı din xadimi saymaq olarmı?
-Hacı Qamətin əvvəli şiə olub. Hər şey satılıb-alınır. Baxır onun qiymətinə. Amma əqidə satılıb alınmamalıdır. Əqidə zəifdirsə, onu almaq olar. Hacı Qamət də vaxtı ilə şiə olub, indi də dönüb vəhhhabi olubsa, demək ki, burda bir başqa məsələ var.
-Maraq mənə güc gəldi. Hacı Qamətin bir zamanlar şiə olmasına dair informasiyanı hardan almısınız?
-Mən dəqiq, yüz faiz bilirəm ki, bu adam şiə olub.
-İlahiyyatçı Elşad Miri “Quran”ı elmi, fəlsəfi prizmadan izah etməyə çalışır. Savadlı danışmağına baxmayaraq, onun fikirləri yaxşı qarşılanmır. Bu barədə nə deyə bilərsiniz?
-O qədər savadlı yəhudi var ki! Onlar İslamı elə gözəl bilir ki, heç müsəlman alimləri onlar qədər bilmir. Amma bu demək deyil ki, həmin yəhudilər İslamdır. Xristian alimlərinin elə kitabları var ki, orada İslam dini çox yaxşı şəkildə izah olunur. İslamın əsas şərti, kəlməyi-şəhadətdir. Dilin dediyini ürək təsdiq etməlidir. Dil dedi, ürək təsdiq etmədisə, bu, İslam deyil.
-Düşünürsünüz ki, Elşad Mirinin ürəyi dilindən çıxanları təsdiq etmir?
-Bəli. Üstəlik, ürək təsdiq etdikdən sonra, bu əməldə də özünü göstərməlidir. Bu üçü vəhdətdə olmalıdır. Bu üçündən biri olmadısa, buna İslam kimi baxmaq düzgün deyil, çünki yarımçıqdır.
-Ən çox hansı alimlərin yazdıqlarına üstünlük verirsiniz?
-Əlimə hansı kitab düşürsə, oxuyuram. Mən başqa təriqələri təbliğ edən kitabları da çox oxuyuram. Oxuyuram görüm ki, bunlar nəyi və niyə qəbul etmir. Özümzünküləri də sözsüz ki, mütaliə edirəm.
-İran alimlərinin, əsasən də Xomeyninin yazdıqlarını oxumusunuzmu?
-Bu kitablar risalələrdən ibarətdir. Bu risalələr vacib məqamlarda oxunur. Yəni, lazım olanda.
-Bəs sizin üçün lazım olan vaxtları olubmu?
-Olur. Deyək ki, bir məsələ ortaya çıxır. Bununla bağlı risalələrə müraciət edirəm. Sərdar Cəlaloğlu isə deyir ki, insan özü həm alim, həm də müştehiddir. Yəni, bildirir ki, “Quran” nə deyirsə, ona əməl etmək lazımdır, başqa alimlərə müraciət etməyə gərək yoxdur. Amma elə şeylər olur ki, onun açıqlamasını din alimləri verirlər.
-Şiə alimləri siğə məsələsinə də çox toxunurlar. Amma siğəyə müsəlman dünyasında birmənalı münasibət yoxdur. Sizə görə siğə nədir? Müvəqqəti nikah, yoxsa könüllülük prinsipinə söykənən bir addım?
-Heç bir nikah olmadan qadın könüllü şəkildə bədənini kişiyə təslim edirsə, bu, fahişəlikdir. Könüllü olmayanda isə bunun adı zorakılıqdır, zorlamadır. Siğə fahişəlik deyil, siğə halaldır, düzdür, təmizdir. Sadəcə olaraq bizim məmləkətdə siğəni bu günə salanlar onun şərtlərinə əməl etməyənlərdir. Siğənin çox çətin şərtləri var. Siğənin o qədər incə şərtləri var ki!
-Buyurun o şərtləri açıqlayın.
-Siğənin şərtlərini bir-bir deyəcəm. Əvvəla bir kişi bir qadını siğə edəcəksə, gərək o adamı tanısın. Bilməlidir ki, siğə olunacaq qadın əxlaqlıdır ya əxlaqsız. Siğə olunacaq haqqında geniş məlumatı olmalıdır. Qadın barəsində inamı olmalıdır ki, o, təmiz, əxlaqlıdır. Siğə daimi nikahın başlanğıcıdır. Müvəqqətilik daimiliyə zəmin yaradır. Siğə müvəqqətlikdən daimiliyə keçiddir.
-Tutaq ki, mən kimisə siğə yolu ilə özümə zövcə eləmək istəyirəm. Amma o qadının məndə könlü yoxdur. Bu halda siğə elətdirmək olarmı?
-Siğə üçün hər iki tərəfin razılığı olmalıdır. Özü də onun müddəti görsənməlidir. Tutaq ki, bir saatlığa.
-Bir az paradoksal oldu. Bir saatlıq müvəqqətidir axı.
-Mənə qulaq asın. Bir saatlıq da, bir illik də müvəqqətidir. Bu müvəqqətiliyin sonu var, daimiliyin isə sonu yoxdur. Mən dediyim müvəqqətiliyin özü də müvəqqətidir. Çünki bayaq dedim ki, bu müvəqqətilik əbədiliyə aparır. Siğə müvəqqətilikdən əbədiliyə gedən yoldur. Ancaq bəzən insanlar bu yoldan çıxırlar, boşanırlar.
-Fərz edək ki, bir kişi hansısa qadınla bir saatlıq siğədə oldu. Bir saatdan sonra həmin qadından ayrıla bilərmi?
-Mən bir saatı niyə dedim?! Çünki, bu minimumdur. Bir də var maksimum. Bir məsələ var. Siğə olunan, siğə edən bilməlidir ki, onun yaşayışı necə olacaq. Tutaq ki, siğə olunanın gündə on manata ehtiyacı var. Kişi isə qadını bir günlük, ya da bir saatlıq siğə edirsə, o on manatı verməlidir. Amma burda bir məsələ var. Təmiz siğədən söhbət gedirsə, məbləğ elə götürülməlidir ki, qadın aybaşı olan müddətə qədər kişi onu dolandıra bilsin, lazım olan xərclərlə təmin etsin. İkinci bir tərəfdən, qadın uşağa qalırsa, bu uşaq dünyaya gələnə qədər kişi o qadını saxlamalıdır. Uşaq dünyaya gələndən sonra da, kişi qadını saxlamalıdır. Ancaq deyək ki, siğə müddətində qadın uşağa qalmırsa, burada siğə sınır. Kişi əmin olmalıdır ki, qadın bir saatlıq onunla olandan sonra və o qadın üç dəfə aybaşı olana qədər başqa heç kəslə yaşamayacaq.
-Bəs siğəni kimlər bağlaya bilər? Axund, molla olmaq şərtdirmi?
-Hər bir kəs siğəni bağlaya bilər. Siğə bağlamaq üçün əsas şərt tərəflərin razılığıdır. Bunun üçün o siğəni mollaya da oxutdurmaq olar, özü də oxuya bilər. Siğə çox ağır bir yükün altına girməkdir.
-Dini fəaliyyətlə məşğulsunuz. Özünüz kiməsə siğə etmisinizmi?
-Xeyr.
-Açıq-saçıq geyinən müğənnilər, aktyorlar da o biri dünyada əzab çəkənlərdən olacaq?
-Əvvəla hər kəsin əxlaqı bu dünyada özü üçündür. Kimisə zorla geyindirmək də olmaz. Çünki o bir xəlvət yerdə yenə soyunacaq. Əxlaqa uyğun geyinmək gərək insanın öz içindən gələ. İkincisi, maarifləndirmə olmalıdır. Əxlaqa uyğun geyinməyənlərin eşitməsi, bilməsi lazımdır ki, onlar axirətdə Allah tərəfindən cəzalandırılacaq. Onlar bundan agah olmasa, sonra bu haqda söhbət çıxsa deəyəcəklər: “Bunu mənə kim demişdi ki olmaz?”. Ona görə də maarifləndirmə olmalıdır. Tövbə etməsələr, əxlaqsızların axirətdə cəzası ağır olacaq.
-Əxlaqı geyimlə ölçmək nə dərəcədə düzgündür? Qadın ola bilər ki, açıq-saçıq geyinər, amma bizim təsəvvürümüzdə əxlaq kriteriyalarına uyğun geyinənlərdən təbiət etibarı ilə daha əxlaqlı olar. Məsələn, deyək ki, hansısa qadın, daxildən əxlaqlıdır, amma mini yubkaya üstünlük verir.
-Hər millətin, hər xalqın özünün adət-ənənəsi var. Bizim xalqın, bizim məmləkətin özünün adət-ənənələri var. İnsanlar da buna əməl etməlidir.
-Yəqin ki, Aşura mərasimlərində iştirak edirsiniz.
-Sözsüz ki.
-Aşurada zəncir vurmaq, baş yarmaq xoş bir şeydir, yoxsa insanların zorakılığa meylliliyindən irəli gəlir?
-Uzaq olsun, birinin bir əzizi ölür. Onun tabutunu elə ki, yerdən qaldırırlar, qadınlar başlayırlar üzlərinə-gözlərinə döyməyə. Çünki, bu, ən dəhşətli məqamdır, ayrılıqdır. Qadınlar bunu etməsə, partlayarlar. Onlara kimsə başlarına vurmağa, saçlarını yolmağa məcbur etmir ki! Ölən adam əzizi olduğuna görə belə edir. Adam da var ki, sakit oturub bir tərəfdə ağlayır, göz yaşlarını tökür.
-Müqayisənizdən belə başa düşdüm ki, baş yarmaq, zəncir vurmaq normal bir haldır.
-Mən qan tökülməyinin əleyhinəyəm. Baş yarılanda qan tökülür. Amma zəncir vurmağın da qaydası var. O elə vurulmalıdır ki, kürək parçalanmasın, qan tökülməsin. Amma adi şəkildə vurmaq olar və bunu insan özü də hiss etmir. Sadəcə olaraq insan bununla məhəbbətini ifadə etməli, kədərini yatırmalıdır.
-Nəsə bu qənaətə gəlirəm ki, siz özünüz də zəncir vurmusunuz.
-Bəli çox zəncir vurmuşam. Amma heç vaxt baş yarmamışam, qan çıxartmamışam.
-Müvəqqəti xəstə ya da fiziki qüsurlu bir insan, zəncir vura bilərmi?
-Xəstə adamın qəlbi zəncir vurmaq istəyirsə, o, zəncirlə şəfa tapar. Sağlam adam isə kiməsə özünü göstərmək xatirinə zəncir vursa, o adam xəstələnər.
-Bu gün Qafqaz Müsəlmanları İdarəsinin ləğvi təklifləri səslənir. Bu idarə qalmalıdırmı?
-Mən bir şey deyim. Qafqaz Müsəlmanları İdarəsi dağılmaq həddinə çatsa da, biz bunun baş verməməsi üçün çalışmalıyıq. Bu səbəbdən ki, bu boyda Qafqazın ruhanilər idarəsi Bakıdadır, rəhbəri də Azərbaycandandır. Kim istəməz ki, BMT-nin mərkəzi Bakıda olsun?! Qafqazın ruhanilər idarəsinin mərkəzinin Bakıda olması bizim üçün fəxrdir. Pisdir, yaxşıdır, bu başqa məsələdir. Qafqaz Müsəlmanları İdarəsinin qalması bizim xalqımız üçün də fəxrdur.
-Şeyxülislam Allahşükür Paşazadə ilə əlaqələriniz var?
-Yoxdur. Təsadüfən böyük bir mərasimlərdə görürəm. Vəssalam.
-Hansısa bir xristian müsəlmanlığı qəbul edəndə buna İslam dünyasında yaxşı baxırlar. Bəs bir müsəlmanın xristianlığa keçməsi necə, başadüşüləndirmi?
-Müsəlmanın xristianlığı qəbul etməsi adamın bir addım geriyə getməsidir. Elə bilin ki, adam bir addım qabaqda idi, sonra geriyə getdi. Qabağa getmək yaxşıdır, yoxsa geriyə addımlamaq?!
-Şallaq vurursunuz. O şallaqların sayını cəzaya görə necə müəyyənləşdirirsiniz?
-Şəriət qanunlarında hər əməlin şallaqla öz cəzası var. Biz tövbə elətdiririk, insanları pis yollardan, narkomaniyadan çəkindiririk. Kim nə tövbə etsə, qəbul edirik. Tövbəsini pozan insanları isə şallaqlayırıq.
-Tövbəni pozanlar könüllü şəkildə şallağın altına uzanır?
-Tövbəni pozmaq çox pis şeydir. Tövbəni dadmayınca, heç kəs onun fəlsəfəsini dərk etməz. Bəzi insanlar gəlib deyir ki, tövbəni pozub, təzədən tövbə etmək istəyir. Onda biz şallağı ortaya qoyuruq. Kim tövbəni pozursa, ona 60 şallaq vurulmalıdır. Bizim etdiyimiz isə vurmaq deyil. Biz şərti olaraq şallağı ona dadızdırırıq. Biz ortaya rəqəmlər atırıq: 0, 1, 3, 5, 50 və s. Adam hansını çəksə, o sayda şallaq vururuq. Sıfır düşsə, bağışlanır.
-Mətbuatda rast gəlmişdim ki, Tahir Kərimli tövbə edib.
-Bəli. Tövbə etdi, mən ona şallaq da vurdum.
-O nəyə görə tövbə etmişdi?
-Onun tövbəsi pozulmuşdu. Şallaqladım, düzəldi. Hətta millət vəkili də seçildi.
-Sualıma tam cavab vermədiniz. Onda belə deyim: O hansı tövbəni pozmuşdu?
-Biz tövbə edənlərin niyə görə tövbə etdiyini demirik. Özü bilir ki, nədir. Bu öz aramızda olan məsələdir.
-Görürəm ki, Sərdar Cəlaloğludan çox yanıqlısınız. Onu şallaqlamaq istəyərdiniz?
-Mən heç kəsdən yanıqlı deyiləm. Mən onun əqidəsindən danışdım. Sərdar Cəlaloğlu tövbə etsə, onu şallaqlamarıq.
-Niyə?
-Şallağı sonraya saxlayarıq. Sərdar Cəlaloğlu tövbəsini pozsa, onu şallaqlayarıq.
-Halal, haram məsələsinə toxunaq. Tərkibində donuz əti olan kolbasını yemək haram sayılmalıdırmı?
-Haramdır. Haramın azı, çoxu yoxdur.
-İndi məişət dilində “hacı pivə”si kimi tanıdığmız alkoqolsuz pivələr var. Bəzi dindarlar bundan istifadə edir. Bu, normaldır?
-Bir misal çəkim. Deyək ki, bir dostumuz əxlaqlı, dindar bir qızı sevir, ona könül bağlayıb. Amma o qızın adı “Fahişə”dir. Desə ki, bir qız sevirəm, dünyada onun kimi əxlaqlısı yoxdur. Adını soruşanda isə deyir: “Adı “Fahişə”dir”. Buna görə də məhz adına görə o qızı almaz. İndi bu pivədə gözəldir, təmizdir. Amma adı yenə də pivədir. Ya adını dəyişdirin, ya da deyin ki, konkret olaraq pivədir.
-Bir müsəlman oğlan xristian qızla evlənə bilərmi?
-Bəli.
-Bəs bir müsəlman qızı xristian biri ilə ailə həyatı qura bilərmi?
-Bu olmaz. Olmağının isə şərtləri var. Əgər bir müsəlman oğlan xristian qızı almaq istəyirsə, ona İslamı qəbul etdirməlidir. Əgər bir qız xristian bir oğlana ərə getmək istəyirsə, o oğlanı müsəlman etməlidir. Bu hallarda, evlənə bilərlər.
-Deyək ki, bir-birlərini sevirlər və başqa dindən olanı müsəlmanlığa gətirmədən ailə həyatı qururlar. Şəriət buna necə baxır?
-Şəriət buna çox pis baxır. Belələri kafirdir, onların cəzası bəllidir.
-Mən bildiyimə görə 27 dəfə Həcc ziyarətində olmusunuz.
-Elədir ki var.
-Bu qədər çox getməyin səbəbi nədir? Şəxsən mən dindar olsam və imkanım olsa, cəmi bir dəfə getməklə kifayətlənərəm. Məncə bir dəfə o hissi yaşamaq bəsdir.
-Yox, yaşamaq olmur. Səbəbi odur ki, bir dəfə qəlbən gedəndən sonra, yenə ürəyin orda qalır, istəyirsən, yenə ziyarət edəsən. Qayıdandan sonra, adamın qəlbi yenə orda qalır. Ola bilsin ki, bəzi adamlara bir dəfə getmək kifayətdir. Şəxsən mən imkanım olduqca gedərəm.
-Ancaq bir çoxları da biznes məqsədi ilə tez-tez Həccdə olur.
-Bu başqa şeydir. Hər şey niyyətə bağlıdır. Onların niyyəti ziyarət yox, alverdir. Sırf ziyarət niyyəti ilə getmək isə tamamilə ayrı bir şeydir.
-Azərbaycandakı din xadimlərinin savadını qənaətbəxş hesab edirsiniz?
-Siz onu soruşun ki, Azərbaycanda din xadimi var ya yoxdur...
-Yaxşı soruşuram, var ya yoxdur?
-(Gülürük). Mənim nəzərimə görə Azərbaycanda yoxdur. Ona görə ki, din xadimi sırf dindar olmalıdır, dinin bütün şərtlərinə əməl etməlidir. Din xadimi Allahdan qorxmalıdır, Allahdan başqa heç kəsdən qorxmamalıdır.
-Bilirəm, deməyəcəksiniz, amma mən nə demək istədiyinizi təxmin etdim. Buna görə də bu məsələnin üstündən keçək. Keçək ailənizə. Yəqin ki, ailənizdə də hamı dindardır.
-Hamısı dinini sevir. Amma ibadət edənlər də var, etməyənlər də.
-Çarlz Darvinə qarşı dindarların böyük nifrəti var. Siz necə baxırsınız bu şəxsə? O alim idi, yoxsa dini qayda- qanunlara qarşı çıxmaq üçün təkamül iddiasını ortaya atmışdı?
-Biz məktəbdə darvinizmi keçmişik. Kim nə deyir desin, Darvin alim olub. Amma alimlərin apardığı bütün tədqiqatlar müsbət nəticə vermir ki! O da alim olub, amma gəldiyi nəticə düzgün deyildi. Sonradan sübut olundu ki, insan meymundan əmələ gələ bilməz.
-Vaxtınızı ayırıb, redaksiyamıza gəldiyinizə və sullarımızı cavablandırdığınıza görə sizə təşəkkür edirəm!
-Siz də sağ olun!