“Atama “Nobel” mükafatı qərəzli olaraq verilmədi” - Nazir müavini

29-12-2015, 14:27           
“Atama “Nobel” mükafatı qərəzli olaraq verilmədi” - Nazir müavini
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın APA-ya müsahibəsi...
- Sevda xanım, Siz məşhur alim Yusif Məmmədəliyevin qızısınız. Atanızın adı bəzi yerlərdə “Yusuf”, bəzi yerlərdə “Yusif” yazılır. Bu, nəyə görə belədir və sizi narahat edirmi?

- Etimologiyasına görə “Yusuf” sözü gözəl insan mənasındadır. Dilimizdə də bu ismin etimoloji mənası saxlanılmış, lakin illərlə bir sıra fonetik dəyişikliyə məruz qaldığı üçün “Yusif” kimi tələffüz olunub. Türk, ərəb və fars dillərini dərindən bilən, qədim və əsgi əlifbanı orijinaldan oxuyan atam əslində bu adın Yusuf olduğunu qeyd edir və onun adının da belə tələffüz olunmasını istəyirdi. Atamın sənədlərində də adı Yusuf yazılıb.


- Yusif Məmmədəliyevin Nobel mükafatı ala bilməməsi haqqında tez-tez müxtəlif fikirlər eşidirik. 1957-ci ildə Siyasi Büronun iclasında Xruşşovun iştirakı ilə bu məsələ müzakirəyə çıxarılıb. Övladı kimi bu haqda geniş danışmağınızı, ətraflı aydınlıq gətirməyinizi istəyirəm...

- Bu hadisələr mənim uşaqlıq dövrümə təsadüf edib. Evdə bizim yanımızda belə məsələləri müzakirə etmirdilər. Sonradan müasirlərinin yazdıqları, şahidlərin söylədikləri, mətbuatda dərc olunanlar əsasında Yusuf Məmmədəliyevə Nobel mükafatı verilməsinin müzakirəyə çıxarıldığı iclasın gedişatı haqqında tam məlumat əldə etdim.

Nobel Komitəsinin nizamnaməsinə zidd olaraq mükafata namizədliklə bağlı təklif­lər Sovet İttifaqı Kommunist Partiyasının ciddi nəzarətində idi. Buna görə də Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Hey­ətinin iclasında müzakirə olunurdu.

Əksəriyyət, o cümlədən Xruşşov, Mərkəzi Komitənin Rəyasət Heyətinin üzv­ləri və hətta üzvlüyə namizədlər elm və texnika sahəsində misilsiz xidmətləri və kəşfləri olan Yusif Məmməd­əliyevin sənədlərinin Nobel Komi­təsinə təqdim olunmasına razılıq verirlər. Amma iclas iştirakçılarından biri Yusif Məmmədəliyevin kəşfləri haqqında materialların dövləti və hərbi sirr olduğu, buna görə də onun Nobel mükafatına irəli sürülməsinin ölkənin mənafeyinə xələl gətirə biləcəyi qeyd edilən məktubu ucadan oxuyur. Əslində Yusif Məmmədəliyevin kəşflərinin elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir edən məqalələrin açıq mətbuatda, xüsusi elmi jurnallarda, o cümlədən xarici ölkələrin nəşrlərində və alimin öz monoqrafiyasında artıq çoxdan dərc edildiyi yaxşı məlum idi. ABŞ-ın “Neft texno­logiyalarının icmalı” (“Reviews of petroleum technology”) jurnalı hələ 1946-cı ildə yazırdı: “Yusuf Məmmədəliyevin təd­qiqatları böyük əhəmiyyətə malik­dir və elmin bu sahəsinin nəzəri məsələlə­rinin öyrənilməsində onun “Avia­si­ya yanacaqları istehsalında alkilləşdirmə reaksiyaları” monoqrafiyası xü­su­si maraq doğurur”.

Sözügedən iclasda çıxış edən SSRİ Nazirlər Soveti sədrinin birinci müa­vini Mikoyan müəllifin hərbi sirlə bağlı “arqumentlərinə” diq­qətlə ya­naş­mağı məsləhət görür...

Nobel mükafatı laureatı olmağın itirilmiş şansı Yusif Məmməd­əliye­vi kədərləndirmirdi. Onu şəxsi şöhrət məsələləri deyil, bütünlüklə qüv­və və biliklərini sərf etdiyi kimya elminin vəziyyəti daha çox maraq­landırırdı.

“Nobel mükafatı laureatı olmağın itirilmiş şansı Yusif Məmməd­əliye­vi kədərləndirmirdi”

Yeri gəlmişkən, unutmayaq ki, Nobel kapitalı Bakıda, Bakı nefti hesabına qazanılmışdı. Bakı neftinin şöhrətini dünyaya tanıdan Yusuf Məmmədəliyevə isə bu mükafat qərəzli olaraq verilmədi.

Yusif Məmmədəliyevin bəşər elminə verdiyi töhfələr dünyanın ən mötəbər mükafatlarına layiqdir. Ən alisi isə xalqının ona son­suz məhəbbəti və ehtiramıdır ki, atam bu mükafatı hələ sağlığında qazana bilmişdi.

Bu il İkinci Dünya Müharibəsində qələbənin 70 illik yubileyi ilində atamın tarixi xidmətləri xüsusilə qeyd olundu. Yusuf Məmmədəliyev tərəfindən hərbi aviasiya üçün yüksək oktanlı aviasiya yanacağının işlənib hazırlanması və müharibə şəraitində çox qısa bir müddətdə istehsalata tətbiq edilməsi faşizm üzərində qələbədə həlledici rol oynayıb. Mühüm hərbi əhəmiyyətə malik, partlayıcı maddə trotilin alınması üçün əsas olan toluolun istehsalı texnologiyası, zirehli döyüş maşınlarını sıradan çıxarmaq üçün istifadə olunan, “Molotov kokteyli” adı altında tanınmış tank əleyhinə yandırıcı silahın yaradılması Yusuf Məmmədəliyevin qələbəyə verdiyi töhfələrdir. 1945-ci ildə Moskvada Qızıl Meydanda keçirilən faşizm üzərində Qələbə Paradında Yusuf Məmmədəliyev iştirak edib, əsas tribunada Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi ilə birlikdə paradı qəbul edib.

- Doğulduğunuz ailədən, böyüdüyünüz mühitdən danışaq. Yusuf Məmmədəliyevin ailəsində böyüməyin məsuliyyəti nə idi?

- Atam özü ziyalı ailədə dünyaya göz açıb. Atası Hacı Heydər Məmmədəliyev övladlarına savad­lı­ olmağın üstünlüklərini başa salar, onları elmə, biliyə həvəsli olmaq ruhunda tərbi­yə edər və bunun üçün əlindən gələni əsirgəməzdi.

Yusuf Məmmədəliyevin anası Gülsüm xanım da qayğıkeş, savadlı insan olub. Gülsüm xanım həm də Şərq poeziyasının böyük bilicisi idi. O, Şərq şairlərinin şeirlərini, xalq nağıllarını övladlarına oxuyarmış.

Bütün bunları atam ömrü boyu qoruyub saxlayıb və övladlarını da bu ruhda tərbiyə edib.
Atamın ən gözəl xüsusiyyətlərdən biri də xeyirxahlıq idi. Onun tələbələri, aspirantları hələ indiyə qədər xeyirxahlığından ürək dolusu danışırlar. Atam bizə vətəni sevməyi öyrədir, xeyirxah olmağı tövsiyə edirdi.

Atam ailə başçısı kimi ailəmizdə ziyalı və səmimi mühit yaratmışdı. Anam Bilqeyis xanım da ziyalı ailənin övladı idi, Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi. Valideynlərimizin qarşılıqlı hörmət, məhəbbət və anlaşma şəraitində yaşaması bizim üçün həyat dərsinə çevrilmişdi. Yüksək mədəniyyət, xeyirxahlıq üzərində qurulmuş bu münasibətlər bizə örnək olmaqla yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyurdu. Biz hər zaman çalışırıq ki, bu böyük insanlara layiq övlad olaq.


“Atam rus, ingilis, alman və fars dillərini öyrənmişdi və bu dillərdə sərbəst danışa bilirdi”

- Yusİf müəllim haqqında sənədli filmə baxmışam. Uşaqlıq dostlarından biri danışır ki, Yusif Ordubaddan Əylis kəndinə olan beş kilometrlik yolu piyada gedib kitab alıb oxuyarmış...

- Bəli, bu faktdır və həqiqətən də belə olub. Kitaba məhəbbət atamda hələ lap kiçik yaşlarında yaranıb. Bunu 1917-ci ildə Ordubadda çəkilmiş ailə fotosundan da görmək olar. Bu nadir fotoda Hacı Hey­dər Məmmədəliyevin övladlarının hər birinin əlində kitab var.

Yusuf Məmmədəliyev kiçik yaşlarından əldə etdiyi bütün kitabları oxumaqla təhsilini artırmağa çalışıb. Əylis kəndində sonralar Naxçıvan MSSR-in maarif komissarı olan Mirzə Əbdülvahab Həsənzadə adlı bir müəllimin yaşadığını eşidən atam onun yanına gəlib xahiş edib ki, oxumaq üçün kitablarından versin. Təcrübəli müəllim Mirzə Əbdülvahab kiçik Yusifin biliyə, öyrənməyə həvəsini görüb, onun istedadına və böyük gələcə­yinə inanaraq müxtəlif kitablarını məmnuniyyətlə verib. Atam bu xeyirxah insanı həmişə böyük minnətdarlıqla xatır­layırdı.

Yusuf Məmmədəliyev 15 yaşında Sədi, Hafiz, Nizami, Füzuli, Firdovsi və Xəyyamın əsərlərini oxuyub, Ordubadda “Əncüməni-şüəra” məclislərinin yığıncaqlarında iştirak edib.

Atam rus, ingilis, alman və fars dillərini öyrənmişdi və bu dillərdə sərbəst danışa bilirdi. Atamla bizim şəhərdə gəzintilərimiz həmişə Nizami adına Ədəbiyyat Muzeyinin binasındakı kitab mağazasına baş çək­məklə bitirdi. Həm özünə, həm də bizə maraqlı kitablar seçir və ma­ariflənməyimiz üçün əsasən tarixi kitablar oxumağı məsləhət görürdü.

- Atanız qardaşının Arazda boğulmağından, Şeyx Məhəmməd Xiyabaninin çıxışlarına qulaq asmağından nə isə deyirdimi?

- Yusuf Məmmədəliyevin uşaqlığının son çağları tarixin dolaşıq, keş­mə­keşli mərhələsinə, Birinci Dünya müharibəsinin qanlı-qadalı illərinə və inqi­lablar dövrünə təsadüf edib. Rusiyada baş verən 1917-ci il inqilabı Azər­baycana da təsirini göstərmişdi. O zaman Naxçıvan da mü­hasirədə idi. 1918-ci ilin iyul ayında erməni daşnakları Ordubada basqın edir­lər. Bunu görən Hacı Heydər Məmmədəliyev bir çox həmvətənlərimiz kimi ailəsini Araz çayından İrana keçirmək məcburiyyətində qalır. Bu hadi­sələrdə Məmmədəliyevlər ailəsi faciə ilə üzləşdi. Ailənin böyük oğlu İlyas müharibənin fə­lakəti, güllə yağışı, atəş səsləri, yanğın şəraitində Araz çayı­nın sularında batdı. Atam qardaşının itkisi haqqında ürək ağrısı ilə danı­şır, İlyasın dərin istedadlı olduğunu xüsusilə qeyd edirdi.

Təbriz şəhərində məskunlaşan Məmmədəliyevlər ailəsi 2 il orada yaşa­yıb və Yusuf Məmmədəliyev orta təhsilini Təbrizdəki yeddi illik məktəbdə da­vam etdirmişdi. Həmin məktəbdə müəllimlərin böyük əksəriyyəti azərbaycanlı idi. Atam orda fars və ərəb dillərinə dərindən yiyələnib və sonralar da bu sahədə biliklərini inkişaf etdirmişdi. Maraqlı faktdır ki, atam Azərbaycan Dövlət Universitetinin rektoru olduğu zaman 1954-cü ildə Ba­kı­ya gələn Tehran Universitetinin rektoru ilə görüşdə sərbəst fars dilində da­nışıb, Şərq klassiklərindən şeirlər və kəlamlar söyləyib.

Atam danışırdı ki, Təbriz məktəbində demok­ra­tik hərəkatın liderlərindən biri olan mütərəqqi fikirli Mirzə Yusuf Qulami də var idi. Mirzə Yusuf Qulami şagirdlərə savad verməklə bərabər, həm də onları vətəni, xalqı sev­mək ruhunda tərbiyə edərdi. O, Hacı Heydər Məmmədəliyevin oğullarının fitri istedadını dəfələrlə sezib, gənc Yusufun dünyagörüşünə, elmə həvəsinə diqqət yetirmişdi. Bu dövrdə gənc Yusuf kiçik qardaşı Məmmədlə birlikdə alovlu nitqi gurultulu alqışlarla qar­şılanan Şeyx Məhəmməd Xiyabaninin çıxışlarına dəfələrlə qulaq asıb, onun Azərbay­canı azadlığa çıxarmaq ideyalarına hədsiz sevinmişdi. Vətən həsrəti ilə yaşayan Məmmədəliyevlər ailəsi tezliklə Təbrizdən Ordubada qayıdıb.

“Atam rep­res­siyaya məruz qalmış dostları ilə, onların ailələri ilə də əlaqəni kəsməmişdi”.
- Sizə bir məktubu var: “And olsun fosfora, and olsun xlora, hamıdan qiymətli sənsən, sən”. Yusif müəllimin yaradıcılığından, ədəbiyyatçı dostlarından danışaq. Deyirmiş, kimyaçı üçün ədəbi istedad vacibdir...

- Atam həm də incə zövqlü insan idi. O, ədəbiyyatı, poeziyanı çox sevirdi, dərin mənalı və məzmunlu şeirlər yazırdı. Yusuf Məmmədəliyev orta məktəbi bitirəndən sonra filoloq olmaq arzusunda idi, amma təbiət elmlərinə maraq, kimya elminə məhəbbət üstün gəlir. Bu haqda “Etiraf” şeirində yazıb:

Vuruldum gözəlliklərə, təbiətə,
Meyl etdim sənətə, şeriyyətə.
Vurğun poeziyası gərəyim oldu,
Bu, mənim əzəli diləyim oldu.

Yetirdim əlimi elmin camına,
Düşdüm kimyanın tor girdabına.
Toru doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.

Yusuf Məmmədəliyev qədim bədii mənbələri dərindən bilir, zəmanəsinin görkəmli şairləri, musiqiçiləri, rəssamları, ədibləri ilə dostluq edirdi. Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Rzaquluzadə, Mirmehdi Seyidzadə, Bülbül, Mikayıl Abdullayev, Tahir Salahov kimi böyük sənətkarlar onun yaxın dostları idilər. Atamın Azərbaycanın tarixinə, mədəniyyətinə münasibəti tez-tez evimizdə olan qonaqlarla söhbətdə özünü göstərirdi. Dostluqda sədaqətli, həyatda səmimi və sadə olan Yusuf Məmməd­­əli­yev hətta ötən əsrin 30-cu və 40-cı illərində rep­res­siyaya məruz qalmış, sürgün olunmuş dostları ilə, onların ailələri ilə əlaqəni kəsməmişdi.

Atam Azərbaycan dilinə xüsusi qayğı və diqqət göstərir, dilimizin tam hüquqlu olması uğrunda mübarizə aparırdı.


- Bildiyimə görə, 1940-cı illərin sonunda Qobustana ilk stasionar arxeoloji ekspedisiya Yusif müəllimin göstərişi ilə göndərilib...

- Bəli. Bundan başqa “Kitabi-Dədə-Qorqud” dastanının əsaslı şəkildə tədqiqinə başlanılıb və tədqiqatlar əsasında materiallar nəşr olunmuşdu. Azərbaycan və Şərq xalqlarının ədəbi və elmi-ictimai fikrinin maddi nümunələrinin toplanması və təbliği məqsədilə Yusuf Məmmədəliyevin təşəbbüsü ilə 1950-ci ildə Azərbaycan Elmlər Akademiyası nəzdində Respublika Əlyazmalar Fondu - indiki Əlyazmalar İnstitutu yaradılmışdı. 1958-ci ildə Yusuf Məmmədəliyev ikinci dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti təyin olunduqdan sonra Əlyazmalar Fondunda saxlanılan materialların daha dərindən tədqiqi və təbliğini təmin etmək məqsədilə Şərqşünaslıq İnstitutunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Milli məsələ və mənsubiyyət haqqında müstəqil fikrin dilə belə gətirməyin təhlükəli olduğu bir dövrdə qədim əlyazmalar fondunun yaradılması, Qobustan abidələrinin bərpası və tarixiləşdirilməsi, tariximizin, mədəniyyətimizin, dilimizin tədqiq olunması, bütün işlərin “Azərbaycançılıq fəlsəfəsi” devizi altında aparılması böyük qəhrəmanlıq, böyük fədakarlıq idi.

“Mən nəinki bir gün, heç bir saat da sizi, mənim üç körpəmi - Gülarə, Sevda, Rənanı və əlbəttə ki, ananızı - mənim böyük dostumu unutmuram.”

Atamın elmi məzuniyyətlərdə və işçi səfərlərdə olduğu dövrlərdə bizə yazdığı məktubları da çox poetik və maraqlıdır. Arxivdə saxlanılan və mənə ünvanlanan bu məktubların bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm: “Kimyaçı üçün ədəbi istedad çox vacibdir. Kimyaçı öz elmi əsərlərini əsl söz ustası kimi yazmalıdır. Sən öz gələcək işində kimyəvi reaksiyaların gedişini, hansı dəyişikliklərin baş verdiyini təsvir etməli olacaqsan, burada isə dərin müşahidə qabiliyyəti və aşkar edilən kimyəvi dönmələrin dəqiq təsviri tələb olunur.”

“Yazırsan ki, sizdə maraqlı bir şey baş vermədiyinə görə, yazmağa da heç nə yoxdur. Bilirsənmi, dostum, həyatda ən maraqlısı - bir-birini çevik dəyişən hadisələr və zahiri təəssüratlar kaleydoskopu deyil, insanın daxili aləmidir.”

“Bilirsənmi, kimya tarixində bu elmin böyüklüyü haqqında çoxlu kəlamlar var. XIX əsrin görkəmli alimlərindən biri deyirdi: “Kimya mənə qəribəliklərlə dolu keçilməz meşəni xatırladır”. Və beləcə, mənim əzizim, hər axtaran kəs bu meşədə təbiətin yaratdığı yenilikləri, həyat təzahürlərini tapmağa çalışır. Bu axtarışlar və kəşflər sonsuz, heç nə ilə müqayisəolunmaz bir sevinc bəxş edir.” Təbiət sirlərini açmaq sevincinin sənə də nəsib olacağına ürəkdən ümid edəcəyəm.”

“Sənin məktubunu və arxasında “Atacan, bu qızılgüllərə baxıb məni xatırla” yazdığın “gızılgül” açıqçanı aldım. Yadıma XI əsrdə yazılmış bir qədim şərq əfsanəsi düşdü. Əfsanəyə görə bir-birini dərin məhəbbətlə sevən iki sədaqətli dost bir-birinə bənövşə və qızılgül bağışlayırlar. Bənövşə bağışlayan deyir: “Mən dostluğumuza əbədi sadiq olacağam, bu gülü məndən xüsusi nişanə kimi qəbul et, harada tər bənövşə görsən, dostluğumuzu xatırla. Bizim dostluğumuza vəfasız çıxsan, bənövşə kimi göyərib boynubükük olacaqsan. Mən isə qızılgülü nişanə kimi qəbul edirəm: hər dəfə bağçada qızılgül görəndə bu günü və dostluğumuzu xatırlayacağam. Əgər mən səni bir gün belə unutsam, qoy mənim ömrüm qızılgül ömrü kimi qısa olsun.”
Mən nəinki bir gün, heç bir saat da sizi, mənim üç körpəmi - Gülarə, Sevda, Rənanı və əlbəttə ki, ananızı - mənim böyük dostumu unutmuram.”

Bir neçə cümlə də Yusuf Məmmədəliyevə dövlət səviyyəsində olan diqqətdən danışmaq istəyirəm...

- Buyurun...

- Dərin minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, atamın xidmətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqətindən heç vaxt kənarda qalmırdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə akademik Yusuf Məmmədəliyevin abidəsinin açılışında ulu öndərin dediyi sözləri heç bir zaman unutmaram: “Azərbaycanın həm alim, həm gözəl insan, həm ictimai-siyasi xadim kimi görkəmli simalarından biri Yusuf Məmmədəliyevdir. Yusuf Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdu. Ona görə biz bu gün də Yusuf Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik."

Beynəlxalq miqyasda tanınmış görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin verdiyi bu yüksək qiymət Yusuf Məmmədəliyevin milli elmin inkişafına verdiyi töhfəni təsdiq etməklə yanaşı elmin həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğuna dəlalət edir.

Azərbaycan prezidentinin “Yusuf Məmmədəliyevin 100 illik yubileyi haqqında" Sərəncamı, təntənəli yubiley tədbirlərinin həm respublikamızda, həm də onun hüdudlarından kənarda keçirilməsi, cənab İlham Əliyevin Ordubad şəhərində Yusuf Məmmədəliyevin ev-muzeyini, Bakı, Ordubad və Şamaxı şəhərlərində abidələrini ziyarət etməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük dəstəyi ilə Paris şəhərində YUNESKO-nun qərargahında Yusuf Məmmədəliyevin yubiley mərasiminin təşkil edilməsi, xatirəsinə və irsinə həssas münasibət, ailə üzvlərinə səmimi qayğı və diqqət göstərilməsi Yusuf Məmmədəliyevin ailəsində dərin minnətdarlıq hissi yaratmaqla bərabər, ölkə rəhbərliyinin Azərbaycan elminə, Azərbaycan aliminə xüsusi diqqətinin parlaq ifadəsidir.

31 Dekabr Yusuf Məmmədəliyevin doğum günüdür. Əlamətdar haldır ki, bütün həyatı boyu Azərbaycançılıq ideyalarının, tariximizin, mədəniyyətimizin, dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı naminə çalışan alimin doğum günü xalqımızı birliyə və yekdilliyə çağıran şərəfli bayramımız - Dünya azərbaycanlılarının həmrəylik gününə təsadüf edir.

Məncə, Azərbaycanın daha da qüdrətlənməsinə aparan milli-mənəvi birliyə çağırış günü ilə vətənini, xalqını hədsiz sevən Yusuf Məmmədəliyevin doğum gününün üst-üstə düşməsi rəmzi məna daşıyır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.