“Rusiyaya görə ziyan çəkirik”

29-12-2015, 14:29           
“Rusiyaya görə ziyan çəkirik”
Milli Məclisdə komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Publika.az saytının ÜZ-ÜZƏ layihəsinin qonağı olub.

teref.az müsahibəni ixtisarla təqdim edir:

- Bəzən mətbuatda sizin də yüksək vəzifəyə təyin olunacağınız barədə məlumatlar yayılır. Bu cür yazılara münasibətiniz necədir?

- Mən bu cür yazılara adi reaksiya verirəm. Belə yazılar bəzən ara qızışdırmaq məqsədilə tirajlanır. Əgər diqqət yetirsəniz görərsiniz ki, hər bir sahə bölünüb. Misal üçün, YAP-ın rəhbər şəxsləri qanunvericilik, hökumət, dövlət və digər sahələrdə təmsil olunurlar. Milli Məclisdə təmsilçilik də vacib şərtlərdən biridir. Hazırda YAP-ın 71 üzvü Milli Məclisin deputatı qismində təmsil olunur. Partiyanın siyasi xətti var. Ona görə də partiya aparatında rəhbər şəxslərdən ən azı bir nəfər Milli Məclisdə bu işləri həyata keçirməlidir. Milli Məclisin komitə sədri olmaq nazir statusuna bərabər vəzifədir. Komitə sədrinin əmək haqqı ilə nazirin əmək haqqı və digər göstəriciləri də eynidir. Bu baxımdan da mənim üçün vəzifənin heç fərqi yoxdur. Əsas odur ki, dövlətin və prezidentin siyasətinə düzgün xidmət edəsən.

- Necə düşünürsünüz, dövlət başçısının məmurlara son xəbərdarlığı müsbət nəticələr veribmi?

- Cənab Prezident hökumətin yığıncaqlarında və digər toplantılarda hər zaman məmurlara xəbərdarlıq edirdi. Vaxtilə, ulu öndər Heydər Əliyev də məmurları sadə və təmkinli olmağa çağırırdı. Vəzifəyə təyin etdiyi adamlara tapşırırdı ki, gedib əhali ilə yaxından əlaqə yaratsınlar, insanları narazı salmasınlar. Bilirsiniz, heç kəs deyə bilməz ki, hər hansı cəmiyyətdə problem yoxdur. İnsan varsa, cəmiyyət, cəmiyyət varsa, problem də var. Bəzən icra başçılarını da qınamaq olmur. Çünki rayonlarda insanların hamısının gözü icra hakimiyyətinin binasına dikilir. Evdə dalaşan da, qonşusu ilə yola getməyən də, qoyunu itən də gəlib İcra Hakimiyyətinə müraciət edir. Ancaq istənilən halda icra başçısı hər hansı rayona təyin olunursa, o, bu etimadı doğrultmalıdır. Hətta cənab Prezident son müşavirədə də qeyd edib ki, vəzifəsində nöqsanlara yol verən məmurlar həm işdən çıxarılacaq, həm də cəzalandırılacaq. Biz bu gün bunları reallıqda da görürük. Artıq bu proses gedir. Bilirsiniz, yüksək dövlət vəzifəsi hər bir adama nəsib olmur. Vəzifəyə təyin olunan məmur da bu vəzifəni ədalətlə, vicdanla yerinə yetirməlidir. Əgər bundan sonra da kim bu vəzifəni ləyaqətlə yerinə yetirməyəcəksə, onlar da cəzalandırılacaq.

- MTN-dəki son islahatlarla bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, dünya sistemində də bu cürdür. Dünya ölkələrinin bir sıra dövlət strukturlarında bu cür islahatlar aparılır. Hesab edirəm ki, bu cür islahatlar mütəmadi olaraq aparılmalıdır. Post-sovet ölkələrinin əksəriyyətində də xüsusi xidmət orqanları var. İndiyədək Azərbaycanda bu qurum nazirlik idi, ancaq bundan sonra xidmət gedəcək. Əslində, bu təklif əvvəlcədən var idi. İndi də yeni təkliflər verilir ki, digər qurumlar da ləğv edilsin və yerində yeniləri yaradılsın. Vaxtilə elə qurumlar var idi ki, onlara böyük ehtiyac var idi. Ancaq indi həmin qurumlara ehtiyac qalmayıb. Bu istiqamətdə islahatlar mütəmadi olaraq həyata keçirilir. Bilirsiniz, idarəetmə sadələşdirilməlidir.

- Digər nazirliklərdə də oxşar dəyişikliklər gözlənilir?

- Belə dəyişikliklər olur. Vaxtilə Rabitə və Yüksək Texnologiyaları, İqtisadiyyat və Sənaye nazirliklərində dəyişikliklər edilib. Burada təkcə ad dəyişməyib, eyni zamanda həmin qurumlar fəaliyyət dairələrində də dəyişiklik edilib. Gələcəkdə də bu dəyişikliklərin edilməsi gözləniləndir.

- Sadaladığınız islahatlar arasında YAP-ın təklifləri olubmu?

- Bu cür məsələlər YAP-ın İdarə Heyətində müzakirə olunur və zəruri təkliflər də partiya sədri, cənab Prezident İlham Əliyevə çatdırılır. Bu cür məsələlərə digər strukturlarda da baxılır və real olan məsələlər öz həllini tapır.

- Nardaran hadisələrindən sonra dövlət bu ərazidə bir sıra təmizləmə tədbirləri həyata keçirdi. Hətta, bu yaxınlarda dövlət başçısı Nardaranda abadlıq işlərinin görülməsi üçün 12 milyon pul ayırdı. Bundan sonra qəti demək olarmı ki, artıq Nardaranda qarşıdurma olmayacaq?

- Artıq Nardaranda bütün qara bayraqlar yığışdırılıb. Biz qanun da qəbul etmişik ki, həmin bayraqlar yalnız ziyarətgah və məscidlərin içərisində asıla bilər. Qanunda da göstərilir ki, Azərbaycanın dövlət bayrağından və rəsmi protokol qaydalarına əsasən, hər hansı xarici ölkənin dövlət başçısının səfəri zamanı asılan dövlət bayrağından başqa, hər hansı dini konvensiyanın və ya təşkilatın bayrağı küçələrdə asıla bilməz. Dini bayraqlar yalnız və yalnız məscidlərdə, pirlərdə, ziyarətgahlarda içəridə asıla bilər. Bundan əlavə, avtomobillərdə də dini şüarlar yazıla və ya bayraqlar asıla bilməz. Əgər bütün bunlardan hər hansı biri olarsa, o zaman bunun ilkin olaraq cəzası cərimələr və məsuliyyətə cəlb olunmalar olacaq.

Onu da qeyd edim ki, hazırda Nardaranda tam sakitlik hökm sürür. Hər bir təşkilat və orqan öz işini normal şəkildə həyata keçirir, ərazidə elektrik enerjisi və təbii qaz verilişi üçün sayğaclar quraşdırılır. Bu yaxınlarda cənab Prezident tərəfindən də Nardaranda abadlıq işlərinin görülməsi üçün 12 milyon vəsait ayrılıb. Bütövlükdə, hər bir əraziyə olduğu kimi, Nardarana da hər zaman dövlətin diqqəti olub. İndiyədək Nardaranda məktəb, mədəniyyət evi, xəstəxana da inşa edilib, digər sahələrə də böyük diqqət yetirilib. Bu proses bundan sonra da davam etdiriləcək. Nardaranda olan bəzi insanlar da başa düşdü ki, dövlətlə dövlətçilik etmək olmaz. Qanun hamı üçün eynidir. Bir qrup insanın Nardaran kənd camaatını uzun müddət öz təsiri altında saxlaması mümkün olan məsələ deyildi. Nəzərə alsaq ki, onlara kənardan da müdaxilələr olurdu. Hətta, saxlanılan adamların əksəriyyəti Nardaran sakini deyil. Onlar Nardaranı özləri üçün fəaliyyət yeri kimi seçib, inanclı insanları öz təsir dairələrinə cəlb etmişdilər. Artıq Nardaran camaatı da səhvini başa düşüb və silahı olanlar könüllü şəkildə silahları təhvil veriblər. Çünki dövlət tərəfindən elan olunub ki, silahları könüllü qaytaranlar məsuliyyətə cəlb olunmayacaq. Tam əminəm ki, hər şey tezliklə öz axarına düşəcək.

- Nardaran hadisələri mətbuatda və cəmiyyətdə birmənalı qarşılanmadı. Bu hadisəni MTN işi ilə də əlaqələndirənlər oldu. Siz necə düşünürsünüz, Nardaran hadisələrinin sabiq nazir Eldar Mahmudovla nə qədər əlaqəsi var?

- Nardaranla bağlı hazırda istintaq araşdırmaları gedir, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Bundan sonra nə olacaqsa, artıq bu istintaqın ortaya çıxaracağı nəticələr olacaq. Nardaran hadisələrində kimin əlinin olub-olmayacağını ancaq istintaq ortaya çıxara bilər. Ümumiyyətlə, kimlərin bu cür hadisələrin baş verməsinə tərəfdar olmasını istintaq müəyyən edə bilər. Bu, sırf istintaqın işidir.

- “Günəşli” yatağında baş verən faciəni də xaricdən edilən təxribat kimi qiymətləndirirlər…

- Bu bir faciədir. Çox təəssüf ki, bəzi şəxslər bu faciəni də başqa yerlərə yozurlar. Allah faciə nəticəsində ölənlərə rəhmət etsin. Sağ qalanlara da Allahdan şəfa diləyirəm. Dövlət tərəfindən nə qədər addım atılsa da, bu böyük bir faciədir. Faciə zamanı həlak olan insanları geri qaytarmaq mümkün deyil. Onların arasında ailə başçıları da var idi ki, onların yetkinlik yaşına çatmayan övladları qalır. “Günəşli” yatağında baş verən bir qəza, təbii fəlakət idi. İndi mütəxəssislər də araşdırır. Araşdırmalardan sonra bilinəcək ki, orada partlayış necə baş verib. Amma bütün mütəxəssislərin ilkin rəyi ondan ibarətdir ki, güclü küləyin təsirindən borularda sızma yaranıb və yanğın olub.

Əslində, platformada insanlar üçün hər cür şərait hazırlanmışdı. Amma nə etmək olar, təbii fəlakət belə nəticələrə yol açdı. Ən yüksək və müasir texnologiyalara malik olan Yaponiyada sunami qalxdı və 30 mindən çox insanın həyatına son qoydu, şəhərləri dağıldı. Yəni, gözlənilmədən baş verən təbii fəlakətin qarşısını heç kəs öncədən ala bilməyib. Hesab edirəm ki, bu cür təbii fəlakətlər nəticəsində meydana gəlmiş faciələrdən heç kəs sui-istifadə etməməlidir. Radikal müxalifət baş verən hər bir hadisədən hökumətə qarşı istifadə etməyə çalışır. Təsəvvür edin, yolda getdiyin yerdə bir ağac aşırsa, müxalifət deyir ki, bunu iqtidar edib.

Yanan bina zamanı da müxalifət bu faciədən hökumətə qarşı istifadə etməyə çalışırdı. Yanan bina Müsavat Partiyasının qərargahı yaxınlığında yerləşirdi, partiya rəhbərləri əraziyə getmək əvəzinə dərhal bəyanatlar hazırlayıb yaydılar. Gedəydilər də, bəlkə 2 nəfərə yardım edə bilərdilər. Bunlar ancaq bəyanat verməyə öyrəniblər. Bunların deməyindən belə çıxır ki, iqtidar qəsdən bu faciələri yaradıb. Birincisi, müxalifət Azərbaycan xalqını bizdən çox istəyə bilməz. Biz faciə zamanı bir nəfərin belə barmağının qanamasını istəmərik. İqtidarın və müxalifətin atdığı addımlara baxın. İnsanı geri qaytarmaq olmaz. Digər atılan bütün addımlara baxsanız, görərsiniz ki, iqtidar xalq üçün necə çalışır. Faciə zamanı zərərçəkənlərin hər birinin ailəsinə dövlət tərəfindən bütün yardımlar edildi. Bu siyasət bundan sonra da davam etdiriləcək.

Ancaq müxalifət nə edir? Bunlar mütəxəssis olmaya-olmaya iclas toplayıb, özlərindən rəylər verirlər. Biri deyir ki, qayıq köhnə idi, o biri deyir ki, hava pis idi, niyə getmişdilər və sairə. Bilirsiniz, neftçilərin öz iş proqramları var, onlar neçə il idi ki, dənizdə işləyirlər. Kim bilirdi ki, orada yanğın baş verəcək? Əgər yanğın baş verməsəydi, külək yatacaqdı və neftçilər də sağ qalacaqdı. Yenə deyirəm, fəlakətdən, faciədən sui-istifadə etmək olmaz. Bəlkə də ona görə də Azərbaycan xalqı müxalifətin bu cür hərəkətlərini görüb onlara səs vermir.

İndi dünyada neftin qiyməti düşüb, buna görə müxalifətin sevincinin həddi-hüdudu yoxdur. Bu adamlar düşünmürlər ki, neftdən gələn gəlirə məktəb tikilirdi, sosial problemlər həll olunurdu, park salınırdı, xəstəxanalar inşa edilirdi, insanlar dövlət tərəfindən ildə 2 dəfə pulsuz müayinədən keçirdi. Bu insanların içərisində cəbhəçisi, müsavatçısı və digərləri də var. Tikilən məktəblərdə təkcə iqtidardakı insanların uşaqları oxumur. Orada hamının uşağı təhsil alır.

Bu gün Azərbaycanda xeyli sayda elektrik stansiyaları inşa edilib. Azərbaycan artıq elektrik enerjisini xaricə də ixrac edir. Halbuki, vaxt var idi, ölkədə gün ərzində 2 saat işıq yanmırdı.

Azərbaycan neftdən gələn gəliri daha çox sosial problemlərin həllinə yönəltdi, yollar, körpülər və təhsil müəssisələri açıldı. Bununla ölkədə yeni iş yerləri açıldı. Digər tərəfdən isə pul insan kapitalına çevrildi və qeyri-neft sektoru inkişaf etdirildi. İndi müxalifətə sual olunur ki, neftin qiyməti aşağı düşəndə nə qazanacaqsan? Bu cür düşünən insanlar utanmazcasına hələ Azərbaycana rəhbərlik etmək istəyirlər. Bu cür düşüncə ilə Azərbaycana rəhbərlik etmək olar? Bunlar üçün əsas şərt odur ki, nə qədər Azərbaycan pis olsa, bizim üçün yaxşı olacaq. Əksər ölkələrdə taleyüklü məsələlərdə iqtidarla müxalifət bir olur. Amma çox təəssüf ki, Azərbaycan müxalifətinin bir hissəsi öz ağılı ilə hərəkət etmir. Onlar, xaricdən aldıqları tapşırıq əsasında fəaliyyət göstərirlər.

- Neftin qiyməti gündən-günə aşağı düşür. Bunun Azərbaycana təsirləri necə olacaq?

- Dünyada neftin qiymətinin aşağı düşməsi iqtisadi məsələ deyil, bu da siyasi məsələdir. Vaxtilə bu üsuldan istifadə olunub. Keçmişdə Sovet İttifaqını da dağıtmaq üçün neftin qiymətini 8 dollara endirdilər. Bundan az sonra Sovet İttifaqı dağıldı. Çünki Sovet İttifaqı öz iqtisadi gücünü daha çox neft gəlirlərinə hesablamışdı. Nəticədə də dağıldı. İndi də eyni metoddan Rusiyaya qarşı istifadə olunur. Bunun nəticəsində də Azərbaycan kimi neft istehsal edən ölkələr də ziyan çəkirlər.

Ərəblər üçün neft istehsalı 6-7 dollara başa gəlir. Onlar bizim kimi nefti dənizdən çıxartmırlar. Ona görə də ərəblərə neftin indiki qiyməti sərf edir. Eyni zamanda Qərb digər vasitələrlə ərəblərin neftin qiymətinin enməsi zamanı itirdiyi vəsaiti digər vasitələrlə kompensasiya edir. Ancaq Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran üçün neftin qiymətinin aşağı düşməsi ziyandır.

- İndi İŞİD-in Azərbaycan üçün təhlükəsi nə qədərdir?

- Region üçün yox, ancaq dünya üçün İŞİD təhlükəlidir. İŞİD Qərb tərəfindən yaradılmış terror təşkilatıdır. Avropa Birliyinə üzv ölkələrdən 10 minə yaxın adam İŞİD-ə üzv olub. İŞİD-in digər üzvləri isə Liviya ordusundan qalmış muzdlu döyüşçülər, Səddam Hüseynin ordusundan tutulmuş əsirlər və İraq hərbi əməliyyatlarında iştirak edən avropalılardır. Vaxtilə Avropadan gedib İraqda Səddam Hüseynə qarşı döyüşmüş hərbiçilər sonradan ölkələrinə qayıdanda iş tapa bilməyiblər və yenidən İraqa qayıdıb İŞİD-ə üzv olublar. Təbii ki, bunlar üçün bütün əlaqələndirmə və istiqamət Qərbdən gəlir. Əgər tezliklə İŞİD-in qarşısı alınmasa, o zaman bu terror təşkilatı Avropanın bəlasına çevriləcək. İndi bütün dünya birləşib İŞİD-in qarşısını almalıdır.

- Azərbaycandan İŞİD sıralarına qoşulanlarla bağlı dəqiq statistika var?

- Azərbaycandan İŞİD-ə qoşulanların sayı 700-dən çoxdur. Onlar təkcə İŞİD deyil, bu kimi terror təşkilatlarında və xarici ordularda döyüşürlər. Bunların bir hissəsi Suriya ordusunda, bir hissəsi İraqda, bir hissəsi isə İŞİD tərkibində döyüşürlər. Biz son illər qanunları sərtləşdirdikdən sonra onların sayı azalıb. Əgər onlar geri qayıdacaqsa, məsuliyyətə cəlb olunacaqlar. Həmin şəxsləri sərt cəzalar, hətta, Azərbaycan vətəndaşlığından məhrum olmaq gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.