İctimai müzakirələrin hazırda ən böyük meydanı sosial şəbəkələrdir.
24-07-2020, 11:15

“Mediada söz azadlığı yoxdur”, “sosial şəbəkələr dövlətçiliyə təhlükədir” və digər fikirləri bəlkə də hər gün eşidirik. Bununla yanaşı “filan media filankəsin kurasiyasındadır”, “sosial şəbəkələr daha obyektiv informasiya yayır” kimi fikirlər də var. Reallıq isə odur ki, bu gün 4-cü hakimiyyət sayılan mətbuatın durumu heç də yaxşı deyil, reklam bazarı yoxdur, redaksiyaların iqtisadi dayanıqlığı çox aşağı səviyyədədir.
Bəs medianın mövcud durumu nədir? Bu vəziyyətdən çıxış yolu varmı?
Bu və digər məsələlərlə bağlı Cebhe. info-nun suallarını əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri Qulu Məhərrəmli cavablandırıb.
“Qəzet öz missiyasını yerinə yetirmir”
-Qulu müəllim, medianın hazırkı durumu necədir? Söhbət həm qəzet, həm də onlayn mediadan gedir…
-Bu barədə çox danışırıq. Amma məlum olan odur ki, bu gün Azərbaycan mətbuatının cəmiyyəti ifadə etmək, aynası olmaq baxımından problemləri var. Qəzetlərdə xəbərlər var, maraqlı yazılar görünür, ümumiyyətlə isə bir sistem kimi qəzet öz missiyasını yerinə yetirmir. Açın qəzetləri vərəqləyin, baxın görün bizim qəzetlərdə nə qədər tənqidi yazı var? Nə qədər araşdırma yazısı var? Hakimiyyəti tənqid edən neçə material var? Problemlərə toxunan neçə analitik yazı var? Bu baxımdan deyirik ki, qəzet kağız parçası olmaqdan çıxıb ictimai əhəmiyyət kəsb etməlidir. Eyni problemləri də onlayn media haqqında demək olar. Çünki internetin media profili çox diqqət mərkəzindədir, oxunur. Amma burada da xəbərlərin seçilməsində, təqdimatında problem var. Yəni biz istənilən bir xəbəri təkcə mətn kimi deyil, indiki imkanlar bizə fürsət verir ki, həm də multimedia materialı kimi görək. Bəzi saytlar var ki, bu görüntülərdən analitikada istifadə edir, səs, link qoyur. Bütün xəbərlərdə yox, amma vacib materiallarda bu olmalıdır. Onlayn medianın olması, auditoriya qarşısında hər saat xəbəri yeniləmək imkanı onunla nəticələnir ki, saytlar nə gəldi yerləşdirir. Seçmək, sıralamaq, çeşidləməklə bağlı ciddi problemlər görürəm. Babat saytlar var, amma heç bir halda onlar oxunmur, diqqəti cəlb etmir. Təxminən hər kəs bilir ki, kim necə yazır. Yəni rəngarənglik, diqqəti cəlb edən formalar yoxdur. Sensasiya dalınca qaçırlar, o da çox az effekt verir, barıtı az yanır. Medianın bugünkü vəziyyəti belədir.
“Azərbaycanda medianın 4-cü hakimiyyət olmaq gücü yoxdur”
-Ümumiyyətlə, media 4-cü hakimiyyət ola bilirmi, yoxsa bu statusunu artıq itirib?
-Bu obrazlı təqdimatla bağlı yanaşmalar fərqli olur. 4-cü hakimiyyət median obrazlı ifadə etmək üçün işlənən ifadələrdən biridir. “Keşikçi köməyi”, “ayıq qaz”, “zəngli saat” da deyirlər. Yəni media həyəcan təbili çalır. Amma bu gün Azərbaycanda medianın 4-cü hakimiyyət olmaq gücü yoxdur. Bunun bir neçə səbəbi var. Birinci səbəb təbii ki, medianın özünün azadlığıdır, müstəqilliyidir, onun yönəldənlərin daxili azadlığı və nə dərəcədə medianın prinsipinə bağlı olmasıdır. İkinci məsələ isə peşəkarlıqdır. Üçüncü və ən ciddi məsələ cəmiyyətdəki ümumi proseslərlə bağlıdır. Cəmiyyətdə ab-hava demokratikləşəndə, qəzetlərin, medianın önəmi diqqət mərkəzinə gəlir. Nəhayət bu suala bir cümlə ilə cavab verim: medianın 4-cü hakimiyyət olması üçün ondan əvvəl gələn 3 hakimiyyətin gerçək hakimiyyət olması vacibdir. Qanunverici hakimiyyət öz işi ilə məşğul olmalıdır, məhkəmə hakimiyyəti müstəqil olmalıdır və təbii ki, icra hakimiyyəti də bu sırada müstəqil bir xətt kimi özünü göstərməlidir. Belə olarsa, media da rəmzi mənada 4-cü hakimiyyətə çevrilə bilər.
“Tənqid olmasa, o media qurumunun məqsədinə şübhə yaranır”
-Tənqidi media yerini xəbər medaisına verir. Siz hansının tərəfdarısız?
-Əslində bunların biri digərinə mane olmur. Xəbər mediası cəmiyyəti məlumatlandırır, çox vacib informasiyaları çatdırmağa çalışır, reportajlar verir. Amma bununla yanaşı istənilən medianın onurğa sütunundakı həlqələrdən biri mütləq tənqid, nöqsanları göstərmək, problemləri araşdırmaq olmalıdır. Bu və ya başqa formada cəmiyyətdən gizlədilən hadisə və faktları araşdırmalı, ictimaiyyətə mesaj, onu bürüyə biləcək təhlükələrdən xəbər verməlidir. Ona görə də tənqidçi missiya bütün media qurumlarında özünün müxtəlif formalarını tapmalıdır. Tənqid olmasa maraq olmur. Tənqid olmasa, o media qurumun məqsədinə şübhə yaranır. Tənqid olmasa, cəmiyyəti tam şəkildə görmək olmur. Ona görə də hesab edirəm ki, məlumatlandırma, xəbər də çox vacibdir, amma əlbəttə, tənqid olmalıdır. Tənqid medianın hakimiyyət üzərindəki ictimai nəzarətin bir formasıdır. Bunun vasitəsilə media həm cəmiyyətə, həm hakimiyyətə mesaj verir.
“Medianın məmura çıxış imkanı çox çətindir”
-Problemlərin həlli üçün nə etmək lazımdır? Problemlər bu qədər çoxdursa, onu necə həll etmək olacaq?
-Bu problemləri həll etmək üçün birinci istək olmalıdır. Çünki bizdə bunu hamı görür, amma eyni zamanda hamı da susur. Niyə susur? Çünki indiki mediada yaranmış vəziyyət xüsusilə media yönəticiləri üçün çox əlverişlidir. “Az aşım, ağrımaz başım”, “qulağım dinc olsun”, “tüstüsü düz çıxsın” kimi yanaşırlar və yola verirlər. Bu cür yanaşma medianın çevik ruhunu və onun ümumi fəlsəfəsinə ziddir. Problemi həll etmək üçün əlbəttə ki, müəyyən mexanizmlər olmalıdır. Məsələn, informasiyanın çap məsələsi. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri odur ki, informasiya mənbələri ilə işləyən yoxdur. “Copypast” həddindən artıq çoxalıb. Medianın hansısa məlumatı dəqiqləşdirmək üçün məmura çıxış imkanı çox çətindir. Mətbuat xidmətləri yaradıblar ki, onlar işi asanlaşdırsınlar, amma əksinə, bir çox mətbuat xidmətləri media ilə qurum arasında bir qalxana çevrilir. Yəni qurumu müdafiə edir, medianın işinə isə mane olur. İnformasiya problem, infrastrukturun fəaliyyəti, məsələn, qəzetlə bağlı yayım, oxucu reaksiyası yoxdur. Axı oxucu reaksiyası olanda qəzet öz davranışlarını, addımlarımı korrektə edə bilir. Əgər bu əks reaksiya yoxdursa, nə yazırsan yaz, tirajın olsun, KİVDF-dən pulunu aldın, işin həll oldu-bu şəkildədir. Sonuncu dediyim məqamla bağlı isə medianın iqtisadi dayaqlarını gücləndirmək lazımdır.
“Çoxlarının maliyyə mənbələri şəffaf deyil”
-Ən böyük problem qəzet bazarıdır...Metroda, ictimai yerlərdə qəzet satışını bərpa etmək olarmı?
-Olar yox, bunu mütləq bərpa etmək lazımdır. Dünyanın hər yerində insanların gur toplaşdığı yerlərdə qəzet satışı həyata keçirilir. Reklam bazarı qaydaya salınmalıdır. Qəzetlərin rəsmi reklamları almaq imkanı, ədalətli bölgü olsun. Belə olduqda qəzetlər də öz iqtisadi dayaqlarını müəyyən qədər möhkəmlədə biləcəklər. Bu dəqiqə qəzetlərin, medianın ən ciddi və zəif nöqtəsi maliyyə məsələsidir. Çoxlarının maliyyə mənbələri bilinmir, şəffaf deyil. Onlar çox da güvənli deyil. Yəni o maliyyə gəlişinin nə qədər davam edəcəyi məlum olmur. Problemlərin aradan qaldırılması üçün əlbəttə medianın iqtisadi dayaqları möhkəm olmalıdır.
“Reklam bazarı nizamlanmalıdır”
- Qəzetlərin ayaq üstə qala bilməsi üçün reklam bazarı müzakirə edilməli deyilmi?
-Əlbəttə, müzakirə olunmalıdır. Məsələn, bizdə reklam həcmi, ayrılan maliyyə ilə bağlı müxtəlif rəqəmlər söylənilir. Bu yaxınlarda MTRŞ bir məsələni, audio-vizual sahədə olan iqtisadi təsərrüfatla bağlı problemləri ortaya çıxardı ki, il ərzində Azərbaycan tele-radio məkanında 30 milyon manatlıq reklam verilib. Bunun da 25 milyonu televiziyalara, 5 milyonu isə radiolara aiddir. Bu, mənim üçün maraqlı rəqəm oldu. Bununla yanaşı, print mediada da reklam bazarı araşdırılmalıdır, çünki müxtəlif rəqəmlər səslənir. 70 milyon, bəzən 150-200 milyon haqqında danışırlar. Daha böyük rəqəmlər də deyilir. Ona görə də bunu öyrənəcək, bazarı dəqiqləşdirəcək, mənzərəni göstərə biləcək bir araşdırma aparıb reklam məsələsinə bir aydınlıq gətirilməlidir. Reklam verilməlidir, ədalətli şəkildə bölgü olmalıdır. Söhbət rəsmi verilən reklamlardan gedir. Bunlar olmasa, əlbəttə ki, media reklamsız yaşaya bilməz. Onun üçün əsas maliyyə qaynaqlarından biri reklamdır. Məsələ müzakirə olunmalıdır və reklam bazarı nizamlanmalıdır.
“İctimai müzakirələrin hazırda ən böyük meydanı sosial şəbəkələrdir”
-Prezident köməkçisi ilə görüşdə sosial şəbəkələrlə bağlı məsələni hamı qaldırıb.Hamı sosial şəbəkələrdən narazıdır. Sosial şəbəkələr niyə bu qədər tehlükəlidir? Başqa ölkələrdə də sosial şəbəkələrlə bağlı bu qədər narahatlıq varmı? Sosial şəbəkələr inqilab etmək gücündədirmi?
-Burada sosial şəbəkələrlə bağlı narahatlığın bir neçə səbəbi var. Əvvəla sosial şəbəkədə çox böyük auditoriya toplanır. Məsələn, xarici ölkələrdə bu qədər deyil. Niyə? Çünki orada televiziya, radio, qəzet normal çalışır və öz auditoriyasının başqa səmtə yönəlməsinə imkan vermir. Digər tərəfdən, sosial şəbəkə nizamsız, qaydasız döyüş meydanıdır. Burada etik, qeyri-etik, bəzən söyüşlə danışanlar olur. Bəzən söz azadlığından daha çox, söz və ifadə azadlığından sui- istifadə edənlər olur. Öz aləmlərində çox qeyri-adi, sensassion xəbərlər olur. İctimai müzakirələrin hazırda ən böyük meydanı sosial şəbəkələrdir. Yəni internet mediası ki, burada xüsusi cığırda çox böyük rol alıb. Ona görə də fərqli-fərqli media platformaları burada xüsusi populyarlıq qazanır. Çünki orada müzakirə olunan məsələlər televiziya kanallarında yoxdur, o barədə qəzetlər yazmır. Operativ, davamlı, sistemli ictimai müzakirələr olmur. Buna görə də sosial şəbəkələrə hərə öz marağından yanaşır. Xüsusilə də böyük diskusiyalarda qaldırılan milli, ictimai problemlərin əksini görür. Ona görə sosial şəbəkələrə bu qədər baxılır. Print-mediada, televizyada da bu olub, bəzən sosial şəbəkələr qisasçılıq meydanına çevrilir. Sosial şəbəkəni heç də həmişə təmiz, oksigenli yer kimi qəbul etmək olmaz. Bütövlükdə internet məkanı böyük bir zibilxanadır. O cümlədən sosial şəbəkələrin də zibilxana ərazisi çox böyükdür. Nə gəldi, necə gəldi atılır, deyilir, yazılır, müzakirə olunur, amma bunların bir çoxunda etik qaydalar pozulur. Bəzən çox təəssüf ki, insan haqları tapdalanır. İnsanların ləyaqəti alçaldılır. Bunlar çox ciddi məsələlərdir. Ona görə də hesab edirəm ki, sosial şəbəkə istifadəçiləri bu platformaya daxil olarkən, müəyyən etik öhdəlik götürməlidirlər. Belə olsa, müəyyən dərəcədə dağıdıclığın qarşısını almaq olar.
Cebhe. info