Xalqı məsuliyyətə səsləyən müraciət
26-07-2020, 09:16

İşğalçı qonşunun Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımıza müraciətində koronavirusun nə qədər təhlükəli olduğu, pandemiyaya qarşı dünyada dövlət rəhbərləri səviyyəsində görülən işlər, qəbul edilən qərarlar öz əksini tapıb. Eyni zamanda, virusa qarşı aparılan tədbirlərin dövlət başçısı İlham Əliyevin xüsusi nəzarəti altında saxlanıldığı və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi təxribatla bağlı məlumatlar da diqqətə çatdırılıb. Mehriban Əliyeva insanlara bir ana kimi müraciət edərək öz sevgisini, sayğısını növbəti dəfə göstərdi.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə söhbətimiz də bu barədə oldu. O dedi:
– Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa etdiyi müraciətlə insanlara iki mesaj verdi. Birincisi, Azərbaycanı sevənlərin əsas vəzifəsi ordu və onun arxasında olan dövlətə dəstək verməkdir. Məhz bu zaman Azərbaycan Ordusunun qələbəsi qaçılmaz olacaq. İkincisi isə, Azərbaycanı sevən, dövlətə özünün bir məbədi kimi baxan insanlara mesaj verdi ki, siz Azərbaycan dövlətinə qarşı məqsədyönlü fəaliyyət göstərən insanlara öz duruşunuzla, davranışınızla, təbliğatınızla elə bir örnək göstərməlisiniz ki, onların fəaliyyət sferası daralsın və kompüter arxasında təxribatla məşğul ola bilməsinlər. Onlar çirkin məqsədlərini həyata keçirərək, ordumuzu ruhdan salan yalan məlumatlar yaya bilməsinlər.
Bununla yanaşı, ermənilərdən və digər düşmənlərdən aldıqları zərərli fikirləri, ideyaları cəmiyyətimizə tirajlaya bilməsinlər. Bunları həll etmək vacib məsələlərdəndir. Əsgər cəbhədə hansı məsuliyyəti daşıyırsa, sən də kompüter arxasında bir əsgərsən, öz Vətəninin əsgərisən. Əgər sən bir yazınla, paylaşdığın xəbərlə, şəkillə dövlətə xeyir verirsənsə, onu et. Yox, əgər bu hərəkətinlə “düşmən dəyirmanına su tökürsən”sə, bundan çəkin və belə naqis hərəkətlərə yol vermə. Bu mesajların zamanında verilməsi və insanların da bütövlükdə, bunu anlayışla qarşılaması olduqca vacibdir.
Partiya sədri daha sonra dedi ki, soydaşlarımızın böyük əksəriyyəti, Vətənini, millətini, xalqını sevəndir. Prezidentin bir çağırışı ilə vəzifəsindən və yaşından asılı olmayaraq, minlərlə insan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə gedərək, qeydiyyatdan keçdilər və orduya dəstək verməyə, cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. Bunlar hamısı vətənpərvərlikdən irəli gələn müsbət göstəricilərdir.
Bəzən gənclər arasında sadəlövh insanlara da rast gəlirik. Belələri düşmən təxribatına, şirnikləşdirici üsullara aldanırlar. Məsələn, bir sosial problemdən yapışaraq, insanları öz dövlətinə qarşı çevirməyə, qarşıdurma yaratmağa cəhd edirlər. Bununla orduya qarşı narazılıq yaratmağa, həm də hərbçilərimizi gözdən salmağa çalışırlar. Bütün bunların fonunda hər bir kəs dövlət qarşısında məsuliyyətli davranarsa, o zaman bizim düşmən qarşısında elə bir ciddi problemimiz olmayacaq.
Birinci vitse-prezident bütün bunların hamısını yüksək səviyyədə dəyərləndirərərk belə qənaətə gəlir ki, cəbhədə münaqişə dayana bilər, amma informasiya müharibəsi davam edəcək. Bu baxımdan, biz də buna hazır olmalıyıq. Həm daxili, həm də xarici düşmənlə əlbir olanlara qarşı ictimaiyyətin bütün nümayəndələri ciddi mübarizə aparmalıdırlar. Bütün bunların fonunda hesab edirəm ki, Birinci vitse-prezidentin xalqı məsuliyyətə çağıran müraciəti mühüm əhəmiyyət kəsb edir.
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”