İçməli su və suvarma problemlərinin həlli getdikcə aktuallaşır

26-07-2020, 09:18           
İçməli su və suvarma problemlərinin həlli getdikcə aktuallaşır
Problemlərin yaranma səbəblərindən biri də çoxlu su itki­sinin olmasıdır. Bəzən burada vətəndaş məsuliyyətsizliyindən yaranan halları da qeyd etmək lazımdır. Bir çox hallarda su müəyyən qədər istifadə edilir, bəzən isə israfçılığa yol verilir. Müəyyən qaydalar olmalıdır. Buna nəzarət edən bir qurum ol­saydı, yaxşı olardı. Məsələn, keçmişdə mühəndis-melioratorlar var idi ki, su itkisinə, sudan özbaşına, kortəbii istifadə edənlərə qarşı mübarizə aparırdı, əraziləri gəzirdilər, akt yazırdılar, cərimələr tərtib edirdilər.

Bu fikirləri Sabirabad Dövlət Aqrar-İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov bildirdi.

H. Yaqubov dedi: –Cənab Prezident də qeyd etdi ki, belə getsə, Azərbaycanda yaxın 30 ilə səhralaşma gözlənilir. Dövlət başçısı haqlıdır. Çünki suyu kortəbii istifadə edəndə torpağın keyfiyyət tərkibi pozulur. Torpağın keyfiyyət tərkibinin pozulması səhrəlaşmaya gətirib çıxaran əlamətlərdəndir. Torpağın keyfiyyəti əsasən üst qatda qərarlaşdığı üçün ona ciddi ziyan dəyir. Çox istərdim ki, idarələrdə bu işlərə nəzarət edən mühəndis vəzifələri yaradılsın. Yaxşı olardı ki, nəzarət mexanizmi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilsin. Misal üçün işıqdan, qazdan oğur­luq edənlər cərimələnir, amma sudan kortəbii istifadə edənləri cərimələmirlər. Halbuki, bu da çox vacib məsələlərdən biridir. Bildiyimiz kimi, bütün suvarma sistemlərimiz keçmiş kolxoz təsərüfat sisteminə uyğun qurulub. Şəbəkələr 30-40 ilin şəbəkələridir. Amma kəndlər indi böyüyüb, əhali artıb. Suvarma xətləri o tələbatı ödəmir. Bu da hardasa, narazılıqlara gətirib çıxaran səbəblərdən biridir. Bu gün rayonda böyük çətinliklə də olsa, suvarma işləri gedir. Çətinliklərimiz, əlbəttə ki, var. Amma dövlətimiz işə qarışıb. Prezidentimiz də müvafiq tapşırıqlar verib. Mən son müşavirədən sonra daha ciddi irəliləyişlər olacağına əminəm.

Direktor bildirdi ki, dövlət başçısı bugünə qədər görülən mühüm layihələrlə bağlı xrono­logiyanı açıqladı və bu, dövlətin məsələni daim diqqətdə saxladığının göstəricisidir. Prezident dedi: “İçməli su və meliorasiya problemləri, nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım oldu­ğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə atmayıb təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməzdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafı­na mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı təmiz, içməli sudan asılıdır”.

İçməli su layihələrinə gəldikdə, bunun xüsusi əhəmiyyəti var. Bunu möhtərəm Prezi­dent də diqqətə çatdırdı: “Mənim təşəbbüsümlə bu layihələr ardıcıl olaraq icra edilir. Bu gün bizim əksər şəhərlərimizdə içməli su və kana­lizasiya layihələri icra olunub. Cəmi bir neçə şəhərdə bu işlər hələ ki, tamamlanmayıb, amma iş gedir. Biz bu sahədə həm müsbət, həm mənfi təcrübəni təhlil etməliyik. Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməmişdir və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən, son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmamışdır. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Əlbəttə, bayaq gətirdiyim rəqəmlər onu göstərir ki, biz böyük inkişafa nail olduq. Ancaq hələ ki, görüləsi işlər çoxdur”.

Anar TURAN, “Xalq qəzeti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.