“Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” - ekspert səbəblərini açıqlayır...

24-11-2020, 12:15           
 “Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” - ekspert səbəblərini açıqlayır...
Azərbaycan Ordusunun Ermənistan üzərində müzəffər qələbəsindən sonra, Ermənistan hakimiyyəti çıxış yolunu hökumət üzvlərini istefaya göndərməkdə görür. Belə ki, düşmən ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan və digər rəsmilər vəzifəsindən azad ediləndən sonra, hakim partiya vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarmağa da başlayıb. Ermənistan mətbuatı xeyli sayda nazir və nazir müavinlərinin, digər yüksək vəzifəli şəxslərin işdən azad olunduğunu yazır.

Maraqlıdır, Ermənistanda hökumətin tərkibinin dəyişməsi nəyi dəyişəcək? Düşmən ölkədə baş verən gərginliklə bağlı AYNA-nın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb:

- Ermənistan hökumətində başlayan istefalar ümumi vəziyyəti dəyişməsə də, Baş nazir Nikol Paşinyanın hakim komanda daxilində mövqelərini möhkəmləndirəcək. Yəni, o qədər də sabit və sadiq olmayan kadrları daha sabit və sadiq kadrlarla əvəzləməklə, Paşinyan mövqelərini daha da möhkəmləndirəcək. Çünki onu çox ağır sınaqlar gözləyir və məğlubiyyətə görə cavab verməlidir. Özü də məğlubiyyətə görə şəxsən özünün məsuliyyət daşıdığını və xalq məhkəməsi qarşısında cavab verməyə hazır olduğunu bildirib. Xalq məhkəməsi də onun xalqa yalanlar danışdığını, aldatdığını deməsin deyə, o, hökumət daxilində mövqelərini möhkəmləndirməyə, bunun üçün də Nazirlər Kabinetinin heyətini dəyişməyə çalışır.

- Bəs, Paşinyana sadiq yeni hökumətin formalaşması, irəlidə üçtərəfli sənədlə bağlı hansısa dəyişikliyə yol aça bilərmi? Çünki Rusiya Prezidenti Putin “Rossiya-24”-ə müsahibəsində də bu məsələyə toxunaraq, həmin sənədin ləğvinin Ermənistan üçün intihara səbəb ola biləcəyini vurğulamışdı.

- Bu sənədin ləğvi, yaxud dəyişilməsi mümkün deyil. Bu sənədin ləğvi təsəvvür edin ki, bundan sonra 2+2-nin 4 yox, 5 etməsi deməkdir. Çünki Ermənistan hazırda elə vəziyyətdədir ki, həmin siyasi bəyanatın ləğvi qeyri-mümkündür. Əgər, Ermənistan həmin sənədi ləğv etməyə çalışsa, bu, təkcə həmin sənədin yox, həm də Ermənistan dövlətinin ləğvi olacaq. Kim olur olsun, heç bir siyasi xadim, hətta, ən qatı, radikal millətçi siyasətçi belə, hakimiyyətə gəlsə, həmin üçtərəfli bəyanatın müddəalarına riayət etməlidir. Çünki bu bəyanatın altında Ermənistanın yeganə və əsas havadarı Rusiyanın Prezidentinin imzası var. Elə Putinin də dediyi kimi, bu, Ermənistan üçün intiharla nəticələnə bilər.

- Belə çıxır ki, Ermənistanda bundan sonra qərbyönümlü qüvvələrin mövqeyi daha da güclənəcək?

- Düzdür, Ermənistanda qərbyönümlü hakimiyyətin mövqeyi güclənir, amma qərbyönümlü siyasət zəifləyir. Yəni, o siyasəti yürütmək üçün Ermənistanın imkanı azdır. Çünki imkanları bərpa etmək üçün cəmiyyəti müalicə etmək lazımdır. Amma Ermənistanda hələ bu müalicə prosesi başlamayıb. Bu xəstə şüur da Ermənistan cəmiyyətinə çılğın hərəkətlər etməyə təkan verib. Ki, onlar həmişə bu hərəkətləri həyata keçiriblər. Ermənistan cəmiyyəti bu xəstə şüurdan xilas olsa, baş verən hadisələrdən ibrət götürsə, daha soyuqqanlı olsa, harada səhv etdiyini təhlil edərdi. Amma onlar əksinə olaraq, Türkiyəni, Azərbaycanı, hətta Rusiyanı və Paşinyanı itiham edirlər. Paşinyan da keçmiş hakimiyyəti ittiham edir. Bu isə vəziyyətdən çıxış yolu deyil, dünya erməniliyinin ümumi strateji məsələsi olan “Böyük Ermənistan” dövləti yaratmağın, bunu da qonşu dövlətlərin əraziləri hesabına etməsinin xam xəyalıdır. Ermənilər bu xəstə şüurdan xilas olmalıdır.

- Bəs, Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları irəli sürməsi hakimiyyətin dəyişməsindən asılı və ya asılı olmayaraq, necə cərayan edəcək? Daha dəqiq desək, sizcə, Ermənistan bu iddialara davam edəcək?

- Əgər Ermənistan bu iddialara davam etsə, bu, həm də ədavətin davam etməsi olacaq. Mən isə ədavətə son qoymağın gərəkliliyini düşünürəm. Biz torpaqlarımızı geri qaytarmışıq, müharibə bitib, Azərbaycan da qalib tərəfdir. Ona görə də biz daha comərd olmalıyıq. Dağlıq Qarabağda yaşayan ermənilərlə əlaqələr qurulmalı, Ermənistanla bütün yolları, kommunikasiyaları açmalı, ticarətə və gediş-gəlişə icazə verilməlidir. Yəni, mövcud ədavət əbədi davam edə bilməz. Dünyada heç bir xalq bir-biri ilə ömür boyu ədavət aparmayıb. Bir-biri ilə amansız mübarizə və müharibə aparmış rus və alman xalqları belə, indi sıx tərəfdaşdır. Həmçinin, 300 il bir-birini qıran fransızlar və ingilislər indi müttəfiqdir. Bir-biri ilə düşmən olan fransızlar və almanlar indi dostdur. Yəni, ağıllı insan hamını özünə daha yaxın etməli, düşməni neytrallaşdırmalı, neytralı da özünə dost etməlidir. Ağıllı siyasət budur. Amma təəssüf ki, belə deyil.

- Sizcə, dediyiniz münasibətin formalaşmasına, xüsusən də sülhməramlıların bölgəyə gəlməsindən sonra Rusiya imkan verər?

- Atəşkəsə nəzarət etmək üçün yaradılan müşahidə məntəqəsində Rusiya ilə yanaşı Türkiyə də olacaq. Biz də ölkə sahibi kimi nəzarət edəcəyik. Çalışmalıyıq ki, sülhməramlılar ilə normal münasibətlər quraq və addımlarımızı da BMT-nin sülhməramlıların statusu haqqında təlimatlarına uyğun ataq və göstərək ki, biz sülhməramlıların təlimatına imkan yaradırıq, onlar da təlimata uyğun olaraq öz işlərini görsünlər. Yəni, biz də üzərimizə düşən öhdəliyi yerinə yetirməyə hazırıq. Bununla da bildirməliyik ki, ermənilərin Dağlıq Qarabağa qayıtması ilə bağlı təhlükəsizliyə zamanət verən sülhməramlılar, azərbaycanlıların da təhlükəsiziliyinə təminat verməlidirlər. Buna nəzarət etsinlər ki, biz də əməkdaşlığımızı davam etdirək.
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.