Vətən müharibəsi şəhidləri üçün ayrıca Şəhidlər Xiyabanı salınacaqmı? - AÇIQLAMA

3-12-2020, 17:57           
Vətən müharibəsi şəhidləri üçün ayrıca Şəhidlər Xiyabanı salınacaqmı? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu gün təklif olunan məsələlərdən biri də İkinci Qarabağ müharibəsi iştirakçıları üçün ayrıca Şəhidlər Xiyabanının salınması və azad edilmiş rayonlarda həmin ərazilərin işğalçılardan təmizlənməsi zamanı şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi üçün abidələrin qoyulmasıdır.

Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib ki, şəhidlərin hər biri xalqımız üçün əzizdir:

“Şəhidlərimizin xatirəsi qorunmalıdır. Ailəsinə, övladlarına sevgi və hörmətlə yanaşılmalıdır. 20 yanvar şəhidlərinin ayrılmasının xüsusi mənası var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu dinc əhaliyə qarşı qətliam törətmişdilər. Ona görə də, həmin gün qətlə yetirilənləri bir yerdə dəfn etmişdik. Azərbaycanlılarla yanaşı ölkəmizə gələnlər də oranı ziyarət edir. Bakı qəbirstanlığının yanında ikinci şəhid qəbirstanlığı da var. Qarabağ uğrunda vuruşan şəhidlər də bir yerdə dəfn edilə bilərdi. Amma şəhidlərimizin hər biri ailələrinin istədiyi yerdə- doğulduqları bölgələrdə dəfn edildilər. Düşünürəm ki, nəyisə dəyişməyə ehtiyac yoxdur. Gələcəkdə ola bilər ki, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının adına bir abidə ucaldılsın. Dünyanın bir çox naməlum əsgərlərin abidələri var. Amma Vətən müharibəsinin şəhidlərinin hər birinin adı məlumdur. Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərini birləşdirən amil var. Onların hər biri Qarabağ müharibəsinin qəhrəmanlarıdır. Ola bilsin ki, gələcəkdə belə bir abidə ucaldılsın”.

Deputat qeyd edib ki, Şuşada oranın işğaldan azad edilməsində iştirak edən şəhidlərin adına abidə ucaldıla bilər:

“Qarabağ savaşlarında iştirak edən şəhidlərimizin adlarının əbədləşdirilməsi üçün Ağdamda, Bərdədə və ya Bakıda abidə qoyula bilər. Amma Bakıda ümumi böyük soyqırım muzeyinə və abidəsinə ehtiyac var. Son 2 əsrdə kənar ölkələrin fitnəsi ilə Azərbaycanda soyqırım törədənlər, eləcə də erməni daşnaqlarının və onlara yaxın insanların əlləri ilə 1905-1906-ci illərdə, 1918-ci il və 1988-ci ildən sonrakı dövrdə qətlə yetirilən insanların xatirəsinə böyük soyqırım muzeyı yaratmaq lazımdır ki, gələn qonaqları daha çox oraya aparılsın.Müharibə varsa, şəhid də olur. Amma günahsız, dini, etnik mənsubiyyətinə görə qətlə yetirilən və soyqrıma məruz qalan şəhidlərimiz üçün özəl muzey açılmalıdır. Bu, Azərbaycanın faciəvi tarixini göstərməklə yanaşı, həm də gələcəyimizi nizamlayar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.