Müsavat Ağdam səfərindən niyə imtina edib? – Arif Hacılı PA-dan gələn təklif haqda
18-03-2021, 14:26
Ötən gün Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfər zamanı Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının heç bir nümayəndəsi nəzərə çarpmayıb.
Bununla bağlı Yenisabah.az-a açıqlama verən Müsavat Partiyasının sədri Arif Hacılı Prezident Administrasiyandan onlara da təklif gəldiyini, lakin partiyanın bu təklifi qəbul etmədiyini bildirib:
“Bəli, bizə də Ağdama səfər etmək təklif olunmuşdu, lakin bizdən heç kim iştirak etmədi. Mənə elə gəlir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur. Şuşaya və digər ərazilərimizə getmək üçün mənə şərait yaradılması, yolumun kəsilməməsi üçün müraciət etmişəm. Təəssüf ki, mənim bu müraciətim cavabsız qalıb. Biz, ümumiyyətlə, son dövrlərdə Prezident Administrasiyası tərəfindən yaradılmış “Siyasi partiya rəhbərləri” formatında iştirak etmirik. Səbəblər barədə mətbuata dəfələrlə açıqlama vermişik, xüsusi əlavəm yoxdur”.