"Gürcüstan iqtisadi cəhətdən Azərbaycandan qat-qat gücsüz bir ölkədir, amma..." - deputat

14-09-2021, 11:54           
 "Gürcüstan iqtisadi cəhətdən Azərbaycandan qat-qat gücsüz bir ölkədir, amma..." - deputat
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə koronavirusla mübarizə çərçivəsində inzibati qaydada tərtib edilmiş cərimələrin silinməsi ilə bağlı sənəd parlamentdə 3-cü oxunuşdan keçib. Bu, o deməkdir ki, cərimələr əhaliyə bağışlanacaq.

Azərbaycanda da bu mümkündürmü? Hazırda bu sual ətrafında müzakirələr gedir. Belə fikir var ki, belə olan halda əhalidə arxayınlıq və qaydalara qarşı daha laqeyd davranış yarana bilər. Belədirmi?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev cərimələrin ləğvinin tərəfdarıdır: “Gürcüstan iqtisadi cəhətdən Azərbaycandan qat-qat gücsüz bir ölkədir. Amma bütün bunlara baxmayaraq, Gürcüstanda son zamanlar sosial sahədə vətəndaşların rifahi naminə atılan addımlar düşündürücüdür və doğrudan da qənaətbəxşdir. Bu ölkədə baş verən hadisələri son zamanlar daha yaxından izləməyə başlamışam. Görürəm ki, Gürcüstanda atılan addımlar cəmiyyətin saflaşdırılmasına daha çox xidmət edir. Düşünmürəm ki, əslində cərimələrin bağışlanılması gürcü cəmiyyətində bir arxayınlıq yaradacaq. Xeyr belə deyil. Azərbaycanda da bu artıq yaradıla bilməz. Bu cərimələri ona görə biz tətbiq etmişdik ki, insanlar daha məsuliyyətli olsunlar, qorxsunlar, çəkinsinlər. Dünyanı bu virus ağuşuna aldı. Hər bir ailədə xəstələnən var. Amma insanlar son zamanlar özlərini daha çox qorumağa başlayıblar. Qorxurlar da, çəkinirlər də. Bu baxımdan cərimələrin bağışlanılması insanlarda arxayınlıq yarada bilər kimi fikirlərin olması təbiidir, hətta bu mümkündür. Amma bunun miqyası o qədər də böyük olmaz.

Oktyabrın 1-dən Azərbaycanda parlamentin sessiyası başlayacaq. O vaxta qədər ölkəmizdə vaksin olunanların sayı daha da artacaq. Məsuliyyət də artmaqda davam edir. İnsanlarımız da artıq virusla yaşamağı öyrənib. Hökumətin özü də virusla mübarizə aparmaq yollarını müəyyən edib. Yoluxanların sayı artsa da, ciddi bağlanmalara gedilmədi. Əksinə, bağlı sahələrin açılması qərarları verildi. Biz sosial dövlətdən danışırıqsa, pandemiyanın vətəndaşlarımızın üzərinə qoyduğu ağır yükü nəzərə alaraq təbii ki, belə bir təşəbbüsün olması mümkündür. Belə bir təşəbbüslə çıxış etmək niyyətindəyəm. Amma bütün bunlar dediyiniz kimi, vətəndaşlarımızda arxayınçılıq yaratmamalıdır. Vətəndaşlarımız özlərini qorumalı, peyvəndlənmə getməli, dövləti də çətinə salmamalıdır. Oktyabr ayında olmasa da, ondan sonrakı aylarda cərimələrin ləğvi ilə bağlı təşəbbüslərin göstərilməsi mümkündür. Bir sözlə, bu il ərzində buna nail olmaq olar. Ümid edirəm ki, belə təşəbbüs hökumət tərəfindən də müsbət qarşılanar. Mən də, hökumət də istəmərik ki, vətəndaşlar belə bir ağır yükün altında qalsınlar”.

YAP-çı deputat Ceyhun Məmmədov belə bir qərar verilərsə, yoluxmaların arta biləcəyini düşünür: “Bildiyiniz kimi, Gürcüstanda belə bir addım atıldı. Borcların bağışlanılması barədə dövlət qərar qəbul edib. Azərbaycanda da bu istiqamətdə müzakirələr gedir. Ümumi şəkildə deyirəm ki, bu cərimələrin tamamilə ləğvi müəyyən bir arxayınlıq və qaydalara qarşı laqeydlik yarada bilər. Bizim bəzi həmkarlarımız, Azərbaycan cəmiyyətinin tanınan bir sıra simaları bu məsələni müzakirə edirlər. Bəziləri onun tərəfdarıdır ki, cərimələr silinsin. Sadəcə, burada bir məqam var ki, bu cərimələr silindiyi təqdirdə müəyyən mənada bu, vətəndaşlarımızda arxayınlıq yarada bilər. Açığı, mən də bu düşüncədəyəm. Azərbaycanda hələ pandemiya ilə bağlı proseslər gedir. Hələ də bu proses tam yekunlaşmayıb. Ona görə də birdən-birə bizim belə bir addım atmağımız insanların növbəti aylarda bu məsələlərdə arxayın davranmalarına gətirib çıxara bilər. Amma hər halda, bir addım kimi nəzərdən keçirilməsi mümkündür. Hazırkı dövrdə olmasa da, hesab edirəm ki, bu proseslər tam bitdikdən sonra müəyyən mənada bu məsələlərə baxmaq olar. İndiki məqamda belə bir qərarın yekunda insanlarımızda arxayınlıq yarada biləcəyi düşüncəsindəyəm. Ona görə də biz tələsməməliyik. Anlayıram ki, vətəndaşlarımızın bəzilərinin maddi imkanları, durumları yaxşı deyil. Amma bunun digər zərərli tərəfləri barədə də düşünməliyik ki, növbəti mərhələdə belə bir arxayınlıq yaransa, biz insanlarımızı müəyyən qaydalara məcbur edə bilməyəcəyik. Çünki onlarda artıq arxayınlıq yaranacaq ki, cərimə silinib. Bu da növbəti mərhələdə yoluxmalara daha çox yol aça bilər. Nəticədə itkilərimiz daha da çoxalar”.
“Yeni Müsavat”

шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.