“Qanun layihəsindəki bütün ziddiyyətli maddələr çıxarılıb” - deputat

17-09-2021, 08:28           
“Qanun layihəsindəki bütün ziddiyyətli maddələr çıxarılıb” - deputat
Parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu günlərdə mətbuata açıqlamasında deyib ki, Milli Məclisin payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, yeni qanun layihəsi ilə bağlı müvafiq dövlət orqanları ilə razılaşma əldə olunub: “Sənəd parlamentin payız sessiyasında birinci oxunuşda müzakirəyə təqdim ediləcək”.

Qeyd edək ki, qanun layihəsi uzun illərdir, müzakirə olunsa da, bir sıra maddələrlə bağlı ziddiyətli məqamlara görə qəbul edilməsi yubadılıb.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi parlamentdə hazır vəziyyətdə olsa da, nəhayət ki, bu ilin payız sessiyasında gündəliyə daxil edilib: “Sözügedən qanun olduqca vacibdir, çünki reproduktiv sağlamlıq bilavasitə ananın, ailənin sağlamlığı və qorunması deməkdir. Qanun layihəsinin qəbul edilməsi analığın mühafizəsində, ana ölümünün qarşısının alınmasında, ailədə sağlam övladların doğulması istiqamətində mövcud olan problemlərin həllində qanuni tənzimləmə olacaq. Yəni bu gün bu istiqamətdə qanunda mövcud olan boşluqların aradan qaldırılması mümkün olacaq”.

Deputat qeyd edib ki, beynəlxalq təşkilatların da bu sahədə qəbul etdiyi sənədlərin əsas prinsipləri analığın mühafizəsi, reproduktiv sağlamlığın qorunmasına söykənir: “Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri” adlandırlan 17 hədəflik ali sənədində də analığın mühafizəsi, reproduktiv sağlamlığın qorunması dövlətlər qarşısında ciddi bir öhdəlik kimi qoyulur. Reproduktiv sağlamlığın mühafizəsində, ailənin qorunmasında, sağlam nəslin formalaşmasında hüquqi tənzimləmənin fundamental təməllərindən biridir. Hesab edirəm ki, parlamentin payız sessiyasında bu qanun layihəsinin müzakirəyə çıxarılması olduqca vacib məqamdır”.

“Qanunun ilk layihəsində və o zaman müzakirəyə çıxarılarkən ziddiyyətli maddələr var idi. Bütün ziddiyyətli, ictimaiyyəti, mütəxəssisləri narahat edən məqamarla bağlı maddələr çıxarılıb və qanun layihəsinin digər deputatlar tərəfindən də dəstəklənəcəyini gözləyirik”, - deyə İbrahimqızı vurğulayıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov da AYNA-ya şərhində sözügedən qanunun əhəmiyyətindən danışıb: ““Reproduktiv sağlamlıq haqqında” qanun uzun müddətdir, müzakirə mövzusudur. Bu qanun layihəsi əsasən əhali arasında cinsi yolla yoluxan infeksion xəstəliklərin qarşısının alınmasına, eyni zamanda ailə planlaşdırılmasına yönəlib”.

Vəkil bu qanunun qəbulunu dövrün tələbi kimi qiymətləndirib: “Qanun layihəsinin ilkin versiyasında “surroqat ana” və bunu kimi ziddiyyətli məqamların olması İslam dini baxımından uyğunsuz qarşılanmışdı. Əhalinin əksəriyyətinin İslam dininə etiqad etdiyi ölkələrdə də bu cür qanunlar qəbul edilməyib. Lakin ümumilikdə əhalinin sağlamlığınn qorunması və nəsil artımı prosesində əhalinin azad seçiminin müəyyən olunması baxımından belə bir qanunun qəbul edilməsi dövrün tələbidir”.

“Hesab edirik ki, ümumiyyətlə, ailə planlaşdırılması institutu daha çox inkişaf etdirilməlidir və əqli, fiziki sağlam uşaqların saxlanması və rifah halında qorunması, cəmiyyətə yararlı bir şəkildə yetişdirilməsi baxımından bu qanunun qəbul edilməsi önəmlidir. Eyni zamanda da cinsi yolla yoluxan infeksiyalar nəticəsində əhalinin genefonduna zərbə edirilməsi baxımından bu qanunun qəbul edilməsi zəruridir”, - deyə Qaraşov fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.